Hər il 17 yanvar dünyada Uşaq İxtirası Günü kimi qeyd edilir. Maraqlıdır ki, bu tarix məşhur amerikalı siyasətçi Benjamin Franklinin doğum günü tarixi ilə eyni gündə təyin edilmişdir. 1718- ci ildə 12 yaşlı Benjamin balıq üzgəclərini xatırladan iki qəribə əşya ilə çimərlikdə peyda olur. Ətrafdakıların istehzalı gülüşlərinə baxmayaraq, Benjamin o gün hamıdan daha sürətlə üzür. Beləliklə, üzgüçülük üçün ilk lazımı əşya yaranmış olur. Franklin 15 yaşında olarkən dünyaya növbəti bir yenilik – yellənən kürsünü bəxş edib.

1824-cü ildə isə fransız çəkməçinin 15 yaşlı oğlu Lui Brayl görmə qabiliyyəti olmayan insanlar üçün xüsusi şrift yaradıb və bu hərflər onun şərəfinə Brayl şrifti adlandırılıb. Qeyd edək ki, Lui atasının emalatxanasında çəkməçi bıçağına ilişərək yıxılmış və 5yaşında görmə qabiliyyətini itirmişdir. Lakin Lui öz ixtirasının köməkliyi ilə oxumağı öyrənmişdi. Dünya hələ də bu ixtiradan istifadə edir.
Amerikalı Frenk Epperson isə qışda küçədə qalmış bir stəkan limonadın onu milyonçuya çevirəcəyini ağlına belə gətirməmişdi. Səhər limonad soyuqdan buza çevrilmiş, bununla da on bir yaşlı Epperson “meyvəli buzu” ixtira etmişdir. O, ilk vaxtlarda öz ixtirasını kütləvi istehsalata çevirməyi düşünmürdü və onu yalnız on səkkiz ildən sonra, yəni 1923-cü ildə donmuş limonad istehsalı ilə məşğul olan zavodu yaratdıqda xatırlayırdı. 1928-ci ildə isə patenti satmış və mütəmadi olaraq yaxşı gəlir əldə etmişdir.
Gundelik.az