Əhmədov Teymur Əkbər oğlu — tənqidçi, ədəbiyyatşünas, publisist, professor. Teymur Əhmədov 25 dekabr 1930-cu ildə Şəmkir şəhərində anadan olmuş, 1936-cı ildə ailəlikcə valideynlərinin vaxtilə deportasiya olunduğu İrəvana köçmüşdür. 1949-cu ildə Qərbi Azərbaycanın Zəngibasar (indiki Masis) rayonunda orta məktəbi qızıl medalla bitirmiş, təhsilini Bakı Dövlət Universitetinin filologiya fakültəsində davam etdirmişdir (1949-1954).1961-1964- cü illərdə AEA-nın Nizami adına Dil və Ədəbiyyat İnstitutunda aspirantura təhsili almış, “Nəriman Nərimanovun dramaturgiyası” mövzusunda namizədlik (1966), “Nəriman Nərimanovun yaradıcılıq yolu” mövzusunda doktorluq işi müdafiə etmişdir. 1984-cü ildə nəşr edilən “Nəriman Nərimanov” kitabı rus, ingilis, fransız və ərəb dillərində kütləvi tirajla nəşr edilib. 1965-1968-ci illərdə “Azərbaycan” jurnalı redaksiyasında şöbə müdiri, 1968-ci ildə AEA Nizami adına Dil və Ədəbiyyat İnstitutunda baş elmi işçi, Cənubi Azərbaycan ədəbiyyatı şöbəsində müdir müavini (1968-1990), 1988-ci ildən aparıcı elmi işçi olmuşdur.1990-1991-ci illərdə “Vətən həsrəti”, 1992-1993-cü illərdə “Hikmət”, “Yeni fikir” qəzetlərinin baş redaktoru işləmişdir. 1996-cı ildən Ədəbiyyat İnstitutunda Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, 1995-ci ildən “Respublika” qəzetinin baş redaktorudur. Səmərəli əməyi dövlət tərəfindən yüksək dəyərləndirilərək Azərbaycan Ali Soveti Rəyasət heyətinin fəxri fərmanı (1982), akademik Yusif Məmmədəliyev adına mükafat və medalla qiymətləndirilmiş, 1996-cı ildə “İlin layiqli ziyalısı” fəxri adına layiq görülmüş, 2002-ci ildə “Tərəqqi” medalı ilə təltif edilmişdir.Teymur Əkbər oğlu Əhmədov ilk gənclik illərindən bədii yaradıcılıqla da məşğul olmuş, “Ülkər” adlı şeir və hekayələr kitabı 1961-ci ildə İrəvanda işıq üzü görmüşdür. “Dostluq nəğməkarı”, “Nəriman Nərimanovun dramaturgiyası”, “Nəriman Nərimanov”, “Vedibasarın qanlı- qadalı günləri”, “Erməni xəyanəti və ya Andranik Ozanyanın qanlı əməlləri (1918- 1920-ci illər)”, “Mirzə İbrahimov” və s. monoqrafiyaları dərin oxucu marağı qazanıb. “Azərbaycan sovet yazıçıları (ədəbi sorğu kitabı)” (1987), “Azərbaycan yazıçıları (Ensiklopedik məlumat kitabı)” (1995) da onun məhsuldar əməyi sayəsində araya- ərsəyə gəlib.
Kitabları: “Azərbaycan sovet yazıçıları” (1987), “Nəriman Nərimanovun yaradıcılıq yolu” (1990), “Vedibasarın qanlı – qadalı günləri” (2000), “Erməni xəyanəti və ya Andranik Ozanyanın qanlı əməlləri (1918 – 1920- ci illər) (2001), “Böyük sənət bahadırı” (2001), “Mirzə İbrahimov” 2001, “Ədəbi – bədii fikir tarixindən” (2001),” Abdulla Şaiq”(2010), “Azərbaycan yazıçıları XX-XXI yüzillikdə” (ensiklopedik məlumat kitabı) (2011) və s.
Gundelik.az

