“Qabilin Nəsimi haqqında yazdığı mənzum roman mənim yaxşı xatirimdədir. Doğrudan da, o çox böyük iş idi və Qabil bu işi gördü. Bu həqiqətən, dövlət mükafatına layiq bir əsərdir. Çünki Nəsimi haqqında belə böyük, sanballı, dərin fəlsəfi fikirlərlə dolu olan mənzum roman yazmaq hər adamın, şairin, yazıçının işi deyil. Qabil bunun öhdəsindən gəldi”.
Ulu öndər Heydər Əliyev
Qabil Allahverdi oğlu İmamverdiyev — Azərbaycan Respublikasının Xalq Şairi. 1949-cu ildən AYİ- nin üzvü, Azərbaycan SSR Dövlət mükafatı laureatı (1976), Azərbaycan SSR Əməkdar İncəsənət Xadimi (1984). “Şöhrət” ordeni (1996), “İstiqlal” ordeni (2006), “Əmək igidliyinə görə” medalı, Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı (1980), Ədəbiyyat Fondunun Rəsul Rza mükafatına layiq görülmüşdür (1998). Qabil İmamverdiyev 12 avqust 1926-ci ildə Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun nəzdində olan hazırlıq kursunda orta təhsil alıb, institutun dil və ədəbiyyat fakültəsinə daxil olmuşdur (1944-1948). Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutu nəzdində olan ikiillik ali ədəbiyyat kurslarında müdavim olmuşdur. “Azərbaycan” jurnalı redaksiyasında şeir üzrə ədəbi işçi, baş redaktorun müavini (1975-1979) vəzifələrində işləmişdir. AYB Ağsaqqallar Şurasının sədri olmuşdur. Daim poetik duyğularla qəlbində Vətəninə, millətinə tükənməz məhəbbəti olan Qabil böyük ictimai hisslər, duyğularla, gərgin zəhməti və yaradıcılıq axtarışları, canlıhəyat müşahidələri ilə vicdanla xalqına xidmət etmişdir. Böyük çağdaş şairimizi xalqa sevdirən bu cəhətlər içərisində ən başlıcası Qabil poeziyasına uğur gətirən cəhət – yüksək vətəndaşlıq mövqeyinin bu poeziyada güclü şəkildə poetik doğruluqla ifadə edilməsidir.
Qabilin dillər əzbəri olan atalar sözü, zərb məsəllər kimi əks-səda verən misraları, rübailəri, beytləri, ayrı-ayrı şeirləri bunu deməyə əsas verir. Xalqının, millətinin problemlərini bir an da olsun nəzərindən qaçırmayan, zamanın nigaran suallarına cavab verməyə çalışan Qabil şeirləri 60 illik bir dövrdə Azərbaycan xalqının ictimai – siyasi həyatının bədii salnaməsidir. Qabil 4 aprel 2007-ci ildə Bakıda vəfat etmişdir.
Əsərləri: “Seçilmiş əsərləri” (2004), “Mənim mavi Xəzərim” (1959), “Ömrüm boyu” (1962), “Nəsimi” (1980) (I-III kitab), “Ömrün həbləri” (1989), “İlahi qisməti” (2001), “Dostlarım, tanışlarım” (2002), “Səhər açılır”, “Bol məhsullu tarlada”, “Küləkli havalarda”, “Vətəndaş sərnişinlər”, “Nağaraçı”, “Təmizlik” və s. Filmoqrafiya: Qabil (film, 2001)
Gundelik.az

