Osman Sarıvəlli xalqımızın böyük idrak və qəlb xəzinəsinə bələddir. Onun şeirlərində xalqımızın nəhəng mübarizəsindən doğan ali fikirlər, uca xəyallar və çox nəcib duyğuların unudulmaz tərənnümünü görürük.
Xalq şairi Səməd Vurğun
Xalq şairi Osman Abdulla oğlu Qurbanov 17 dekabr 1905-ci ildə Qazax rayonunun İkinci Şıxlı kəndində anadan olmuşdur. 1926-cı ildə Qazaxda Müəllimlər Seminariyasını, 1929-1932-ci ildə Moskva Dövlət Universitetinin filologiya fakültəsində təhsil almışdır. 1932-1935-ci illərdə Bakı Pedaqoji texnikumunda müəllim, 1939-1940-cı illərdə Bakı Teatr texnikumunda müdir, Azərbaycan EA Nizami adına Dil və Ədəbiyyat institutunda müdir müavini, «Ədəbiyyat qəzeti»nin redaktoru, Uşaqgəncnəşrdə redaktor, Azərbaycan Yazıçılar İttifaqında şeir üzrə məsləhətçi vəzifələrində işləmişdir. 1944- 45-ci illər Sovet-Alman müharibəsində iştirak etmişdir. Gənc yaşlarında muzdurluq etmiş, zəhmətlə pul qazanmışdır. Ağır gənclik illəri Osman Sarıvəllinin şerinə də təsir etmişdir. “Mənim tərcümeyi-halım”, “Qocanın hekayəti”, “İşıq” və başqa şeirlərində öz əksini tapmışdır. Sarıvəlli şair yaradıcılığında aşıq poeziyasına geniş yer vermişdir. 1939-45-ci illərdə, sovet-fin və sovet-alman müharibələri illərində “Qan qardaşı”, “Müharibənin ilk günü”, “Bütün bunlar yaşayacaq” və s. müharibə illərinin ağır həyatını əks etdirən şeirləri poeziyamızın ən yaxşı nümunələrindəndir. O, Güney Azərbaycan mövzusunda “Dəvə karvanı”, “Birinci dərs”, “Son qar” və s. əsərlər yazmışdır. Müharibədən sonra Sarıvəlli qəzetçiliklə məşğul olur, satirik şeirlərlə çıxış edirdi. Ədəbiyyatşünaslıq sahəsində bir sıra əsərlərin müəllifidir. Sarıvəlli tərcüməçi kimi də özünü sınamış, rus ədəbiyyatının parlaq nümunələrini azərbaycan dilinə tərcümə etmişdir. Sarıvəlli 1990-cı ildə iyulun 3-də Bakıda vəfat etmiş, Qazaxda dəfn edilmişdir.
Əsərləri: “Dəmir sətirlərim” (1934), “Bənövşə” (1940), “Şairin hədiyyəsi”
(1943),”Gətir oğlum, gətir” (1943), “Gənclik eşqi” (1946),” Şerlər” (1948), “Bahar çiçəkləri” (1949),”Yeni dünyanın qapısı” (1950), “Balaca dostlar” (1955), “Misirli qardaşlar” (1958), “Seçilmiş əsərləri” (1958), “İqlimdən iqlimə” (1963), “Ömrün keçən günləri” (1964), “Mənimlə dünyanı gəzən mahnilar” (1966), “Seçilmiş əsərləri” : 3 cilddə. I c. (1971), “Seçilmiş əsərləri” : 3 cilddə. II c.(1973), “Aşıq ürəkli şair, şair ürəkli aşıq” (1973), “Seçilmiş əsərləri” : 3 cilddə. (1975), “Hər kim yüz il yaşamasa” (1976), “Mən sabaha gedirəm” (1979), “Bizim babalar, bizim nəvələr” (1980), “Seçilmiş əsərləri”: 2 cilddə. I c. (1986), “Seçilmiş əsərləri” : 2 cilddə. II c.(1987), “Kür qırağında” (1987) və s. Ədəbiyyat: Əhmədov T. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə) : Ensiklopedik məlumat kitabı. – Bakı : Nurlar Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2011.S 700.
Gundelik.az

