O, bütün yaradıcılığı ilə xalqın milli oyanış, mücadilə və birlik carçısı idi. Onun əsərlərindən azadlıq və birlik yanğısı bütün maneələri dağıdan, aşıb-daşan qoca bir vulkan kimi püskürürdü. “Vətən daşı olmayandan Olmaz ölkə vətəndaşı” deyən qoca sənətkar “Vətən mənə oğul desə nə dərdim, Mamır olub qayasında bitərdim” deyə məhəbbətini bütün aydınlığı, çılpaqlığı ilə ortaya qoymuşdu. Onun qələmi də “Xətainin qılıncından” doğulmuşdu. “Qələm gəldi əlimə, Araz gəlir dilimə” deyən şair “məqamı gələndə Araza bənd” olandı. “Xudafərin harayından qalan şair yaradıcılığı ilə Araz kimi ikiyə bölünmüş xalqın arasından dərdli və coşqu ilə axıb keçərək həm də körpü rolunu oynayır. “Bütün keşməkeşləri”, “sel boğan dərələri” bir mərd qadın və bir də Vətən adı ilə keçən ləyaqətli insan, sədaqətli vətəndaş, xalq şairidi Məmməd Araz. Hər zaman yaşamağa haqqı olan bir qüdrətli söz ustadı Məmməd Araz!
Xalq şairi Məmməd Araz özünün vətənə həsr olunan şeirləri, əsərlərilə azərbaycançılıq məfkurəsini təbliğ etmiş və Azərbaycan istiqlalına görkəmli xidmət göstərmiş sənət adamıdır. Onun “Ana torpaq”, “Şeirə gətir”, “Məndən ötdü, qardaşıma dəydi”, “Azərbaycan, dünyam mənim”, “Ana yurdum, hər daşına üz qoyum”, “Qarabağ düzü”, “Vətən mənə oğul desə”, “Vətən mükafatı”, “Bizi vətən çağırır” və digər çoxsaylı əsərləri şairin vətən məhəbbəti və vətəndaşlıq düşüncələrini qabarıq əks etdirən ən gözəl poetik nümunələrdəndir. Ümumiyyətlə, milli müqəddərat və birlik məsələsi, həmrəylik ideyası Məmməd Araz yaradıcılığının başlıca qayəsini təşkil etmişdir. “Ayağa dur, Azərbaycan” və başqa şeirləri Azərbaycanın milli müstəqillik uğrunda apardığı mücadilə dönəmində böyük mənəvi güc rolunu oynamışdır. Bütün mücadilə aşiqləri onun şeirlərinin misralarını zümzümə etməklə döyüş meydanında sərhəd dirəyinə dönürdülər. Görkəmli şairin “Ayağa dur, Azərbaycan” şeirində bütövlükdə Azərbaycan xalqının milli istiqlal idealları və düşüncəsi özünü əks etdirib. Şeirdə:
Nə yatmısan, qoca vulkan, səninləyəm!
Ayağa dur, Azərbaycan, səninləyəm!
Səndən qeyri
biz hər şeyi bölə billik!
Səndən qeyri
biz hamımız ölə billik!
…Hanı sənin tufan yıxan,
Gurşad boğan yurda oğul
oğulların!
Çək sinənə-qayaları yamaq elə,
Haqq yolunu ayağına dolaq elə,
Bayrağını Xəzər boyda bayraq elə,
Enməzliyə qalxmış olan bayrağını!
Azərbaycan, Azərbaycan,
Azərbaycan bayrağını!
Ayağa dur, Azərbaycan!
Bunu bizə zaman deyir,
Məzarından baş qaldıran baban deyir!
– çağırışları əsas yer tutur və bütün xalqı birliyə, həmrəyliyə qovuşdururdu.
Gözünü sil, Vətən oğlu,
ayağa qalx!
Üfüqünə bir yaxşı bax.
Sərhəddinə bir yaxşı bax.
Sərhəddinin kəməndinə bir yaxşı bax! –
səslənişi xalqın bütün qüvvələrini milli mənafe baxımından birləşdirir və bir ideala, bir amala istiqamətləndirirdi. Qəlbi azadlıq dolu şair hər bir azərbaycanlını vətən naminə milli istiqlala, mübarizəyə, həmrəyliyə səsləyirdi.
Xalq şairi Məmməd Araz özünün dərin məzmunlu, milli mündəricəli və çoxşaxəli yaradıcılıq fəaliyyətinə görə Azərbaycan ədəbiyyatı tarxində, onu sevənlərin qəlbində, xalqın yaddaşında əbədi yaşayacaqdır. Bütöv bir ömür yolunu sönməz vətən məhəbbətli vətəndaşlıq ömrünə sığdıran bu görkəmli şəxsiyyət bir də şair qəlbi və siması ilə özünə oxucu könüllərində abidə qoymuşdur. Onun yaradıcılığı nə qədər zəngin, çoxcəhətlidirsə, bir o qədər də konkret, dəqiqdir. Bu mənada Məmməd Araz poeziyası:
– Sözün Vətən qibləsidir. Onun əsərlərində Vətən başlıca qayə, məna və meyar zirvəsidir. “Mənim yurdum hardan başlar? Ürəyimin kandarından” deyərək bir sevən ürək boyda Vətən, Vətən boyda bir ürək əks etdirmişdir;
– Onun şeirləri vətəndaşlıq himnlərini xatırladır. Hər sözü, misrası vətən deyən şairin əsərlərində vətənə məhəbbətin ən ləyaqətli nümunələrini görmək olar. “Bircə sağolun da bəsimdi Vətən” deyən şairin təmənnasız Vətən sevgisi bütün əzəməti, möhtəşəmliyi ilə özünü təcəssüm etdirmişdir. Vətəndaş şair özünü, vətəndaşlığını vətən qayalarında bitən bir mamır kimi böyük ustalıqla təsvir etmişdir. Onun yaradıcılıq qayəsində Vətən ata ocağı, ata ocağı isə Vətəndir;
– Ailə dəyərləri, el məhəbbəti, vətənə bağlılıq, adət-ənənələrə sədaqət onun yaradıcılığının əsas qayəsi, məğzi, mənası, dadı-duzu, tamıdır. Məmməd Arazın sözləri daş yaddaşıdır: onun əsərlərində min bir sirr, hekayət, tale, əhvalat yatıb gizlənir. Onun yaradıcılığında ağır bir sal qaya kimi oturmuş hər hansı bir sözü qaldırsan, altından min bir tarix, min bir tale, ağır, zəngin bir mədəniyyət, bir yurd yeri, bir ocaq çıxar. Bu cəhətdən
Məmməd Arazın şeirləri xalqın həyat və düşüncə tərzinin, milli etnoqrafik yaddaşın – xalq yaddaşının məhək daşıdır. Onun əsərlərində konkret bir el, bir xalq obrazlaşır və öz həyatı, yaşam tərzi, dünyabaxışı ilə poetikləşir, bir xalqın tərcümeyi-halı diqqətə gəlir;
– Onun özünəməxsus dünya dərki bənzərsiz söz urvatına bürünür. Dünya, İnsan və Zaman onun söz yaradıcılığında bir də Məməd Araz təbirilə əks olunur, yenidən diqqətə gəlir: dünyanın gəldi-gedərliyi, insanın faniliyi diqqətə çatdırılır – mənli də, mənsiz də dünya olduğu kimi, bir də dünya sənin, dünya mənim, dünya heç kimin aqibəti öz təcəssümünü tapır;
– Məmməd Araz yaradıcılığı Araz talelidir. Məmməd Araz sözlərində dərin, böyük bir tarix hifz edən Araz yaddaşı hökm sürür. Onun yaradıcılığında bölünmüş vətənin dərdləri, yaraları dilə gəlir, poetik ərzi-hala çevrilir. Onun yaradıcılığında sözlər bəzən qılınca, bəzən qələmə dönür, gah Şah İsmayıl, gah Səttarxan olur, gah bir əsgər kimi döyüşür, gah bir mühəndisə çevrilir, tikir, qurur, yaradır, gah da sevdalı bir aşiqə dönür, vətən məhəbbətli nalə çəkir, ahı dağlar dəlir, sərhədlər aşır, bir xalqın, bir ölkənin sinəsindən qanlı bir Araz boyda nəhrə dönərək axır. Onun sözləri, misraları həmçinin birlik, həmrəylik, mübarizə və mücadilə marşına çevrilir, sözdən Vətən, Vətəndən söz yaradılır;
– Məmməd Arazın şeir yaradıcılığı həm də bir məhəbbət, sevda etirafıdır. Onun məhəbbəti sevgi sərhədlidir: səndən o tərəfə yer görünməyir. Məmməd Araz sevgisi həm də iffətli, izzətli, irzli, namuslu, ləyaqətli, heysiyyətli bir sevgidir. Xəyanəti gözdən, baxışdan bəlli olan məhəbbət heysiyyətli sevgisi var: baxışına yad baxışlar bükülü, innən belə o gözlərə baxmaram. Məhəbbəti xəyanət tanımayan vəfalı bir sevdası var şairin: Məhəbbət itəndə ayrılıq bitir, Xəyanət bitəndə nə itir görən? Onun yaradıcılığında məhəbbət bir dildir, bir dindir və s.
Xalq şairi Məmməd Araz şeirlərindən birində:
Özündən qaçmağa nə varmış?
Qaçıram.
Özünə qayıtmaq çətinmiş, çox çətin.
…Gedirəm, gedirəm öz çevrəm boyunca,
Öz çevrəm boyunca dönərəm yenə də…, – deyə yazırdı. Bu mənada şair Məmməd Araz öz söz yükü, məna dərinliyi və mövzu əhatəsi ilə Azərbaycan ədəbiyyatında liman salan nəhəng bir gəmidir. Zaman Xalq şairi Məmməd Arazdan nə qədər uzağa getsə də, məkan və məna Məmməd Araza doğru bir o qədər yaxınlaşır, onun söz, məna aləminə qayıdış ehtiyacı hiss edir. Bu baxımdan Məmməd Araz kimi öz sənətini, qələmini xalqın xoşbəxtliyi, müqəddəs idealları uğrunda mübarizəyə həsr edən övladların adı unudulmaz, əbədiyaşar və ölməzdir. “Bütün keçilməzliyi, Vətən, adınla keçdim” deyən xalq şairi haqqında son sözü də elə öz sözlərilə demək olar: Haqqın var, Məmməd Araz, Haqqın var yaşamağa!

Ramiz QASIMOV
Naxçıvan Müəllimlər İnstitutunun dosenti,
filologiya üzrə fəlsəfə doktoru
Gundelik.az