Gundelik.az Elm və təhsil Ədəbiyyat Xalqının maarifləndirilməsi yolunda çox işlər görmüş Abdulla Şaiq
Ədəbiyyat

Xalqının maarifləndirilməsi yolunda çox işlər görmüş Abdulla Şaiq

Uşaqların sevdiyi nağıllar, şeirlər və hekayələr deyildikdə Abdulla Şaiqin adı ilk xatırlanan yazıçılardandır. Onun əsərlərində xeyirxahlıq, vətən sevgisi və düzgünlük əsas yer tutur. Qələmə aldığı əsərlər uşaqların təxəyyülünü zənginləşdirməklə yanaşı, onlara düzgünlük, əməksevərlik, xeyirxahlıq və vətənpərvərlik kimi mühüm mənəvi dəyərləri aşılayır. Uşaqların dünyagörüşünü genişləndirmək, onları savadlı və vətəninə bağlı fərdlər kimi yetişdirmək məqsədi ilə qələmə aldığı əsərlərində sadə, anlaşılan dildən istifadə etməsi yazıçının yaratdığı obrazları uşaqlar üçün daha maraqlı və ibrətamiz edir. Çünki Abdulla Şaiq yazdığı hekayələri ilə uşaqları yalnız
əyləndirməyi deyil, eyni zamanda düşündürməyi və tərbiyə etməyi qarşısına məqsəd qoymuşdur.

Onun yaradıcılığı yalnız ədəbi baxımdan deyil, həm də dövrünün ictimai-mədəni həyatını əks etdirməsi ilə təqdirə layiqdir. O, yaşadığı dövrün çətinliklərinə baxmayaraq, uşaqlara ümid, nikbinlik və gələcəyə inam aşılayan əsərlər yaratmışdır. Yazıçının əsərlərində xeyir və şərin mübarizəsi, haqqın ədalətsizlik üzərində qələbəsi əsas ideyalardan biri kimi təqdim olunmuşdur. Eyni zamanda Abdulla Şaiq əsərlərində milli kimliyə və ana dilinə böyük önəm vermişdir. O, uşaqların ana dilində düzgün, səlis danışmasının və yazmasının vacibliyini vurğulamış, bu məqsədlə sadə və təmiz Azərbaycan dilində əsərlər qələmə almışdır. Yazıçının dili uşaqlar üçün anlaşılan olmaqla yanaşı, onların söz ehtiyatının zənginləşməsinə də mühüm töhfələr vermişdir.
Azərbaycan ədəbiyyatı tarixində Abdulla Şaiq şair, yazıçı, dramaturq, ədəbiyyatşünas, görkəmli maarif və mədəniyyət xadimi kimi məşhurdur. O, Azərbaycan uşaq ədəbiyyatının yaradıcılarından olmasından başqa həmdə milli uşaq teatrının banisi hesab edilir. Ömrünü xalqın maariflənməsinə həsr edən yazıçı zəngin bir yaradıcılıq yolunda ən çox uşaqlar və gənclər üçün yazıb-yaratmışdır. Onun yazdığı bu əsərlər məktəblərdə indi də tədris edilir. Kiçikyaşlı uşaqlar üçün yazdığı “Quzu”, “Xoruz”, “Keçi”,“Uşaq və dovşan” və s. şeirləri bu gün də dillər əzbəridir. “Tıq-tıq xanım”, “Yaxşı arxa”, “Tülkü həccə gedir” kimi mənzum hekayə və nağılları milli uşaq
ədəbiyyatımızın qızıl fonduna daxildir. A. Şaiq XX əsr uşaq ədəbiyyatımızın yaradılması və inkişaf etdirilməsində ardıcıl və məqsədyönlü şəkildə çalışmış, öz fəaliyyəti ilə bu sahədə bir məktəb yaratmışdır. Azərbaycan uşaq şeiri və nəsri, dramaturgiyası bütöv və müstəqil bir klassi məktəb səviyyəsində məhz onun yaradıcılığında kamala çatmışdır. Abdulla Şaiqin ədəbi irsi bu gün də təhsil prosesində geniş istifadə olunur deyə bilərik. Onun əsərləri məktəb dərsliklərinə hələdə salınır və gənc nəslin tərbiyəsində mühüm rol oynayır. Yazıçının yaşadığı evin muzeyə çevrilməsi və xatirəsinin daim yaşadılması isə onun Azərbaycan mədəniyyətindəki əvəzsiz
yerinin göstəricisidir.
Yazıçının yaradıcılığının belə zəngin olması onun uşaqların daxili dünyasını dərindən bilməsi olub deyə bilərik. Çünki onun uzun illər pedaqoji fəaliyyətlə məşğul olması uşaqların psixologiyasını yaxından öyrənmək imkanını vermişdir. Bu səbəbdəndə yazıçının əsərlərində yaratdığı obrazlar uşaqlara daha doğma olub, hadisələr isə onlara daha real və inandırıcı təsir bağışlayır. Onun dili sadə, axıcı və anlaşılandır ki, bu da əsərlərinin asanlıqla yadda qalmasına
şərait yaradıb.
Onun əsərləri uşaqların dünyagörüşünün formalaşmasına, mənəvi-əxlaqi dəyərlər ruhunda tərbiyə olunmasına, vətənə, ana dilinə və insani keyfiyyətlərə sevgi aşılanmasına xidmət edir. Abdulla Şaiq təkcə yazıçı və şair kimi deyil, eyni zamanda maarifçi pedaqoq kimi də fəaliyyət göstərmiş, ədəbiyyatı təlim-tərbiyə prosesinin ayrılmaz hissəsinə çevirməyi bacarmışdır. Onun uşaqlar üçün qələmə aldığı şeir, hekayə və pyesləri sadə dili, obrazlı ifadə tərzi və dərin tərbiyəvi
məzmunu ilə seçilir. Bu xüsusiyyətlər Şaiq yaradıcılığını bu gün də aktual və pedaqoji baxımdan dəyərli edir. Abdulla Şaiq yaraqdıcılıq yolunda yalnız uşaq ədəbiyyatı ilə kifayətlənməmiş, həmçinin maarifçilik ideyalarının yayılmasınada xidmət etmişdir. O, cəmiyyətin gələcəyini savadlı və mənəviyyatlı gənc nəslin formalaşmasında görmüş və bu məqsədlə yazdığı əsərlərdə elmə, təhsilə və milli-mənəvi dəyərlərə xüsusi önəm vermişdir. Ona görədə yazıçının zəngin yaradıcılığı bu gün də öz aktuallığını qoruyur və gənc oxucular tərəfindən maraqla oxunur. O, öz zəngin yaradıcılığı ilə uşaqların saf dünyasına nur saçmış, onları xeyirxahlığa, mərhəmətə,
vətənə və ana dilinə sevgi ruhunda tərbiyə etmiş böyük maarifçi sənətkardır. Onun qələmə aldığı əsərlər təkcə bədii dəyərinə görə deyil, həm də daşıdığı dərin tərbiyəvi məzmunu ilə bu gün də aktuallığını qoruyur və qoruyacaqdır.

Nərgiz Məcidova 

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elmi Metodika Şöbəsinin metodisti 

Gundelik.az

Exit mobile version