Gundelik.az Elm və təhsil Ədəbiyyat Milli ruh və mənəviyyatımıza işıq salan Abdulla Şaiq
Ədəbiyyat Xəbərlər

Milli ruh və mənəviyyatımıza işıq salan Abdulla Şaiq

Abdulla Şaiqin çoxşaxəli fəaliyyətinin böyük bir qismi Azərbaycanda maarifçiliyin müxtəlif sahələri ilə bağlı olmuşdur. Ali və orta təhsil məktəbləri üçün onlarla dərsliyin müəllifi olmuş Abdulla Şaiqin uzunmüddətli pedaqoji fəaliyyəti milli təhsilimizin yeni mərhələyə yüksəlişində mühüm rol oynamışdır.
Heydər Əliyev, Ümummilli lider
XX əsr Azərbaycan ədəbiyyatının və maarifinin görkəmli nümayəndələrindən biri olan Abdulla Şaiq keçən əsrin əvvələrindən ədəbi-pedaqoji mühitdə adlı-sanlı yazıçı, şair və pedaqoq kimi tanınmış, xalqın, vətənin gələcəyi naminə var-gücü ilə çalışmışdır. Abdulla Şaiq həm sənət aləmində, həm də maarif yönümündə ən qabaqcıl şəxsiyyət kimi ziyalılarla ön cərgədə olmuş, qadınlar üçün jurnal çıxarmaq, uşaq bağçası açmaq, kitabxana yaratmaq, kasıb uşaqları pulsuz oxutmaq kimi xeyirxah təşəbbüslər irəli sürmüş, ədəbiyyatımızı həvəslə tədqiq və təbliğ
etmişdir. Xaqani, Nizami, Nəsimi, Füzuli, Xətai, Vaqif, Vidadi, Zakir, M.F.Axundov, S.Ə.Şirvani, M.Ə.Sabir, A.Səhhət, M.Hadi, H.Cavid kimi sənətkarların yaradıcılıqlarının tədqiqində bir ədəbiyyatşünas alim kimi onun xidmətləri böyükdür. Abdulla Şaiq yaradıcılığında ilk mətbu əsər “Laylay” adlı uşaq şeiridir.

Ədib 1906-cı ildən başlayaraq silsilə şeirləri ilə milli uşaq poeziyamızın incilərini yaradır və bu şeirlər “Dəbistan” və “Məktəb” uşaq-gənclər toplularında işıq üzü görür. Bu illərdə o, “Nicat” cəmiyyətinin idarə heyətinə üzv seçilrək, ədəbi-bədii problemlərlə, maarif və məktəb işləri ilə məşğul olur.
Xalq ədəbiyyatının gözəl bilicisi olan, onu hələ uşaq ikən Sarvanda əmiləri Əlidən və Məmməddən öyrənən, sonralar toplayıb araşdıran Abdulla Şaiq bu nümunələr əsasında “Tıq-tıq xanım”, “Tülkü həccə gedir”, “Yaxşı arxa” kimi mənzum nağıllar da yazır. Onun “Ədhəm”, “Tapdıq dədə”, “Qoçpolad” kimi poemalarında da milli folklorun təsiri görünür. Bütövlükdə Şaiqin poeziyasında romantik vüsətlə real həyat, xəyalla varlıq, keçmişl gələcək, tarixlə müasirlik qovuşur. Onun poeziyası qəhrəmanlıq, xəlqilik, vətənpərvərlik və gözəllik poeziyasıdır, uşaq şeirləri elə o zamandan dərslik, proqram və oxu kitablarının bəzəyidir.

Abdulla Şaiq həm də 1910-cu ildə yazdığı “Gözəl bahar” pyesi ilə milli uşaq teatrının özülünü qoyur və Azərbaycan uşaq dramaturgiyasının banisi kimi tanınır. Romantik ruhlu şair inqilabi hadisələrdən coşur, “Hürriyyət pərisi”, “Niyə uçdu”, “Bir quş”, “XX əsrə xitab”, “Şikayətlərim”, “Zamanın inqilabçılarına” kimi şeirlər yazır. Nəsr yaradıcılığına 1905-ci ildə romantik “İki müztərib və ya əzab və vicdan yarımçıq romanı ilə başlamış ədib sonralar “Məktub yetişmədi”, “Köç”, “Daşqın”, “İntiharmı, yaşamaqmı”, “Göbələk”, “İblisin huzurunda”, “Dursun”, “Əsrimizin qəhrəmanlar”ı kimi bir çox dəyərli hekayə, povest və romanlar yazmışdır. O, bu əsərlərdə bacarıqlı sənət ustası kimiçıxış etmişdir. “Köç” və “Məktub yetişmədi” hekayələri və “Əsrimizin qəhrəmanları” romanı ilk milli nəsr nümunələri kimi dəyərləndirilir. “Həpimiz bir günəşin zərrəsiyiz” əsəri şairin o dövrkü dünyagörüşünü, şər qüvvələrin xalqlar arasında nifaq salmasını, savaş törətdiyini, bəşərin sabahını, insanların taleyini göstərən ən gözəl romantik şeirlərindəndir. Azərbaycan Demokratik Respublikasının yaranmasını böyük sevinclə
qarşılayan Abdulla Şaiqi M.Ə.Rəsulzadə “milli istiqlalın sevincini ilk duyanlar adlandırır. Azərbaycan Demokratik Respublikası dövründə Abdulla Şaiq poeziya yönümündə daha həvəslə çalışır, Əhməd Cavad, Əmin Abid, Ümgülsüm, Əli Yusif, Əli Şövqi kimi gənc istiqlal şairlərini də ruhlandırırdı. Onun bu illərdə qələmə aldığı “Yeni ay doğarkən”, “Türk ədəmi mərkəziyyət Müsavata ithaf”, “Arazdan Turana” kimi şeirləri ədəbi mühitdə dəyərləndirilən poeziya nümunələrindəndir. Onun “Vətənin yanıq səsi” şerində ulu oğuzların hünəri, Altay türkləri, Elxan və Altun ordusunun gücü, “İki mücahid” və yaxud “Atı yaralı əsgər” şeirində cahan savaşının yaraları, erməni daşnaklarının Azərbaycan torpaqlarındakı vəhşiliyi, Qarabağdakı fitnə-fəsadları ön plana çəkir. “Ülkərin nuru ilə ziyalanan”, “Uçan nəğməsi ilə havalanan”, “Xoş kölgəsində səfalanan” istiqlal şairinin cümhuriyyət sevinci ürəklərə sərinlik gətirir. Ədib ADR dövründə maarif və məktəb yönümündəki işini daha da canlandırır, bir neçə məktəbi milliləşdirir, rus məktəblərində Azərbaycan türkü sinifləri yaradır. Dövlətin yaratdığı program və dərsliklər hazırlayan komissiyanın üzvü kimi çalışır. 1919-cu ildə Bakı Dövlət Universitetinin yaranması ilə bağlı “Tələbə həyatı” pyesiniyazır, yarımçıq “Əsrimizin qəhrəmanları” romanını tamamlayır.
Bu əsərlərdə müəllif vətən, millət, müstəqillik arzularını dilə gətirir, milli dövlətçiliyimiz üçün yeni milli kadrlar hazırlanması məsələsini önə çəkir. 1920-ci il aprelin 28-də rus ordusunun (XI Qızıl Ordu) Azərbaycana daxil olması, bolşeviklərin hakimiyyəti ələ almasına baxmayaraq, Abdulla Şaiq xalqın gələcəyi naminə öz ədəbi-pedaqoji fəaliyyətini davam etdirir. O, pedaqoji kurslarda, texnikumlarda və başqa məktəblərdə dərs deyir,mədəni-maarif işlərinə yardım edir, bədii yaradıcılıqla məşğul olur. Çalışdığı gimnaziya ilk öncə “Nümunə məktəbi” adlandırılır. Bu məktəbdə bütün dərslər Azərbaycan-Türk dilində aparılır. Təzə açılan siniflərdə əsas müəllimlər A.Şaiq, Q.Rəşad, C.Cəbrayılbəyli, S.Quliyev və başqa ziyalılar olur. Lakin yeni yaranmış məktəb bir çox problemlərlə üzləşir. Nə dərslik, nə də proqram tapılır, müəllim kadrları çatışmır. Seçilmiş heyət Abdulla Şaiqin rəhbərliyi ilə şagirdlər üçün proqram və dərslik hazırlamağa başlayır. 1923-cü ildə “Nümunə məktəbi”nin ilk buraxılışı olur. Həmin buraxılış gecəsində tələbə və müəllimlərin arzusunu nəzərə alan Maarif Komissarlığı və Baş Tərbiyəİctimaiyyə Dairəsi bir çox dolanbaclı yollardan keçib fəaliyyətini müvəffəqiyyətlə davam etdirən məktəbi “Şaiq Nümunə məktəbi” adlandırmağı qərara alır. 1918-ci ildə yaradılmış məktəb 10 il fəaliyyət göstərmişdir. Bu illər ərzində təlim-tərbiyə işləri ilə yanaşı bədii yaradıcılıqla da məşğul olan Abdulla Şaiqin  “Vəzifə”, “Özü bilsin, mənə nə?”, “Anabacı”, “Əsəbi adam” kimi silsilə hekayələri, “Araz inqilabi-tarixi mövzulu romanı, elm, maarif və mədəniyyət haqqında bir sıra məqalələri, “Tənqid- Təbliğ” teatrı üçün yazdığı əsərlər ədəbi mühitdə maraqla qarşılanmışdır.

Azərbaycan Gənc Tamaşaçılar Teatrının, Uşaq və Gənclər nəşriyyatının işi də birbaşa Abdulla Şaiqin adı ilə bağlıdır. Uzun müddət bu teatrda çalışan ədib “Xasay”, “Eloğlu”, “Vətən”, “Fitnə”, “Qaraca qız” kimi çeşidli pyeslər yazır. “Fitnə” və “Nüşabə” əsərləri Nizami süjetləri əsasında yaranan maraqlı sənət əsərləridir. Ədib bu illərdə də uşaqlar üçün gözəl əsərlər yazır, başqa sənət dostlarını da bu işə cəlb edirdi. Onun “May nəğməsi”, “Top oyunu”, “Bənövşə”, “Qərənfil”, “Bülbül” kimi uşaq şeirləri, nağıl və poemaları bu gün də öz dəyərini saxlayır. Gözəl bahar” A.Şaiqin uşaqlar üçün yazdığı ilk pyesdir və  bu əsərlə o,Azərbaycanda uşaq dramaturgiyasının əsasını qoymuşdur. Əsərdə Baharla qışın timsalında həyat, ümid və xoşbəxtliklə zülm və əsarət törədən qüvvələr arasında gedən kəskin mübarizə təsvir edilir. Nəhayət, Baharın “ordu”suna daxil olan Yer, Su, Qaranquş, Torpaq, Çiçəklər və s. qışın “ordusu” Boran, Qar və sairinüzərində qələbə çalaraq şən və xoşbəxt həyatı bərqərar edirlər…

A.Şaiqin ikinci qrupa –  yeniyetmə və gənclər üçün nəzərdə tutulan pyesləri sırasına “Bir saat xəlifəlik”, “Yazıya pozu yoxdur”, “Qafqaz çiçəyi”, “İldırım”, “El oğlu”, “Vətən”, “Ana”, “Xasay”, “Fitnə”, “Qaraca qız”, “Nüşabə” əsərləri daxildir. Həmin əsərlərin  əksəriyyətini o, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrınınədəbi-pedaqoji şöbəsinin müdiri işlədiyi dövrdə – 1937-ci ildən sonra qələmə almışdır. Bu peşələrdən “Gözəl bahar”, “Danışan kukla”, “Bir saat xəlifəlik”, “El oğlu”, “Vətən” və başqaları folklormotivləri əsasında, “Qafqaz çiçəyi”, “İldırım”, “Fitnə”, “Qaraca qız”, “Aldadılmış ulduzlar”, “Nüşabə” tarixi mövzuda və klassik yazılı ədəbiyyatdan istifadə yolu ilə, “Xasay”, “Vəzifə” isə müasir həyatdan götürülərək yazılmışdır. Ədibin uşaq pyeslərinin əksəriyyəti onun öz sağlığında və sonrakı dövrdə uğurla tamaşaya qoyulmuşdur. Həmin əsərlər uşaqların və yeniyetmə gənclərin dünya görüşlərinin, bədii-estetik zövqlərinin püxtələşməsində,onlarda əxlaqi keyfiyyətlərin tərbiyə edilməsində böyük rol oynamış və öz aktuallıqlarını bu gün də saxlamaqdadırlar.
Yaradıcılığının çoxşaxəliliyi onun əsərlərinin ideya-bədii keyfiyyətlərinə səmərəli təsir göstərmiş, bütövlükdə A.Şaiq yaradıcılığının yüksək sənət nümunəsi kimi ümumxalq məhəbbətiqazanıb əbədiyaşarlığına səbəb olmuşdur. Bu işdə ədibin ailəsi, böyüyüb boya-başa çatdığı elitar ziyalı mühitinin də rolu danılmazdır. Yazıçının oğlu akademik Kamal Talıbzadənin yazdığına görə, onların soyadları XVII əsrdən məlumdur. Həmin əsrdə ulu babaları Molla Talıb qardaşları ilə bərabər Şəmsəddindən Sarvana köçərək burada məskunlaşmışlar. HazırdaGürcüstan Respublikasının Marneuli adlanan həmin bölgəsində bu nəslin törəmələri yaşamaqdadırlar. Alim, ədəbiyyatşünas, folklorçu kimi də tanınan Abdulla Şaiq klassik ədəbiyyat yönümündə araşdırmalar aparmışdır. Onun Nizami, Füzuli, Nəsimi, Vaqif, M.F.Axundov, Mirzə Cəlil, M.Cavid, M.Hadi kimi sənətçilər haqqındakı fikirləri bu gün də dəyərlidir. Şairin  Şərq ədəbiyyatı məsələləri, sufizm, təsəvvüf, hürufilik, eləcə də
çeşidli ədəbi cərəyan və metod haqqındakı araşdırma və axtarışları da maraqlıdır. Milli folklorumuzu ilk dəfə toplayıb öyrənənlərdən biri də elə Abdulla Şaiqdir. Onun çağdaş həyata, elm və dil məsələlərinə aid yazıları isə xüsusi maraq doğurur. Əsl beynəlmiləlçi və humanist bir sənətçi olan, həmişə “Həpimiz bir günəşin zərrəsiyiz” deyən Abdulla Şaiq bütün əsərlərində bəşəri problemlərə toxunur, xalqları dostluğa, əmin-amanlığa çağırır. O, türk, rus, fars, tatar, litva, özbək, gürcü, tacik və başqa millətlərin ziyalıları ilə dostluq edir, dünya xalqları ədəbiyyatınlarının incilərini, Firdovsinin “Şahnamə”sindən bir parça, Şekspirin “Maqbet”, C.Sviftin “Qulliverin səyahəti”, Puşkin, Lermontov,
Krılov, Qorki, Nekrasov və başqa yazıçıların əsərlərini dilimizə çevirmişdir. Abdulla Şaiqin 20-30-cu illərdə dilimizin fonetika, morfologiya, sintaksis və üslubiyyat məsələlərinə dair yazdığı elmi məqalə və əsərlərin bir çoxu indi də öz əhəmiyyətini saxlayır. Şaiq elmi-pedaqoji fəaliyyəti ilə ədəbi yaradıcılığını paralel inkişaf etdirmişdir. Əslində, bu iki sahə onun fəaliyyətini tamamlamış, elmə, maarifə çağırış, gənc nəslin taleyi, tərbiyəsi, xalqın, vətənin gələcəyi kimi məsələlər onun bədii əsərlərinin əsas mövzusu olmuşdur. Müxtəlif illərdə yazdığı şeirlər,
hekayələr, povestlər, romanlar, dram əsərləri Şaiq cəsarətinin, Şaiq dünyagörüşündəki qabaqcıl meyllərin nümayişidir. Xalq şairi B.Vahabzadə Abdulla Şaiqin yaradıcılıq yolunu bu misralarla qələmə almışdır.

Yerə kök atmayan qalxıb ucalmaz,
Sözlərin gücünü torpaqdan aldı.
Ulduzlar batanda izi də qalmaz,
Sən batdın, Şəfəqin dünyada qaldı.
Keçər qərinələr, Ötər neçə il,
Həmişə yaz olar sənət bağında,
Sözlərin gəzəcək nəsilbənəsil
Körpə balaların gül dodağında

Uşaq dünyasına bələd olan şair otu, çiçəyi, gülü, heyvanı danışdırır. Abdulla Şaiq uşaq şeirlərində balacaların ürəyinə ilk poetik qığılcımlar səpməyə, təbiət gözəlliklərini onlara sevdirməyə çalışır. Onun təbiət təsvirlərinə, qışın, baharın, payızın təsvirinə həsr etdiyi şeirlər maraq doğurur. Şair balacalrı vətənə məhəbbət ruhunda tərbiyə edir. Şairin mənzum nağılları və poemaları da onun yaradıcılığında xüsusi yer tutur. Abdulla Şaiq uşaqlara hiyləgərliyi başa salmaq üçün “Tülkü həccə gedir”, dostluğu öyrənmək və onu qiymətləndirmək üçün “Tıq-tıq xanım” mənzum nağıllarını yazmışdır. Bu əsərlər geniş şöhrət qazanmışdır.
Təsadüfi deyil ki, bu əsərlərin motivləri əsasında eyniadlı cizgi filmləri çəkilmişdir. Hər iki əsərlərdə uşaq təfəkkürünə uyğun nağıl
süjeti vardır. Tülkünün hiyləgərlik edərək əlinə təsbeh alması, guya elədiyi günah işlərdən peşiman olması. “Həccə getməsi”, özünü əməli-saleh adam kimi göstərib toyuq- cücəyə kələk qurması, onları parçalayıb yeməsi maraqlı bir dillə nəql edilir.Bildiyimiz kimi Abdulla Şaiq roman, hekayə, povest müəllifi kimi də tanınır. O “Məktub yetişmədi”, “Köç”, “Daşqın”, “Pirin kəraməti”, “İblisin hüzurunda”, “Özü bilsin mənə nə”, “Baş üstdə” kimi hekayələrin, “Xasay” povestinin, “Əsrimizin qəhrəmanları”, “Dursun”, “Araz”, “İki müztərib yaxud əzab və vicdan”
romanlarının müəllifidir. Abdulla Şaiq dramaturgiya janrında da qələmini sınamış, yazdığı mənzum pyeslər Kukla, Gənc Tamaşaçılar teatrında müvəffəqiyyətlə səhnəyə qoyulmuşdur. O, uşaqlar üçün yazdığı səhnə əsərlərində nağıl süjetlərində bacarıqla istifadə etmişdir. A.Şaiq gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi işinə də xüsusi diqqət yetirmiş, bu mövzuda xüsusən Böyük Vətən müharibəsi illərində marş və nəğmə ruhlu şeirlər yazmışdır. Əgər onun “Ana yurdum”, “Vətən nəğməsi”, “Vətən” şeirlərində yeniyetmə gənclərdə vətənə sevgi, onun qədrini bilmək və uğrunda mübarizə aparmaq fikri və əzmi təlqin olunurdusa, “Zəfər nəğməsi” şeirində qələbə sevincinin təntənəsi şairin sinəsini qabardır. A.Şaiq bu sevincli anlarda da vətənin qədir-qiymətini, onun milli varlığımız üçün əvəzsiz nemət olduğunu bir daha diqqətə çatdırmağı unutmur.

Xalq yazıçısı İlyas Əfəndiyev Abdulla Şaiq haqqında yazır: “Abdulla Şaiqin nəcib həyatı bir çıraq kimi həmişə xalq üçün yanmışdır. Bu çırağın işığında uşaqların da, böyüklərin də qəlbində yalnız xeyirxah duyğular, xehirxah arzular baş qaldırmışdır.” A.Şaiqi təkcə Azərbaycanın yox, bütövlükdə türk dünyasının, turan ellərinin taleyi düşündürür, narahat edirdi. Birinci Dünya müharibəsinin sonuna doğru türk dünyasının yadlar pəncəsində çırpınması onun qəlbini vətəndaş kədəri ilə narahat edirdi. Həmin bəladan qurtuluş yollarının aranması cəhdi A.Şaiqin “Araz”dan “Turan”a” adlı  romantik üslubda yazılmış simvolik poemasının əsas süjet xəttini təşkil edir. A.Şaiq öz yurddaşlarını Vətəni yağı
qəsdindən qurtarmaq üçün həmişə hazır, səfərbər olmağa çağırırdı.
Şair başa düşürdü ki, hər tərəfi düşmənlərin sardığı bir şəraitdə aparılan ağır mübarizədə təkbaşına qalib gəlmək çətindir. Bu vəziyyətdən çıxış yolunu o, türkdilli xalqların mənəvi və sosial- siyasi bütövlüyündə, həm də hazırkı nəslin öz qəhrəman keçmişi ilə ruhi-mənəvi qovuşmasında görürdü. A.Şaiq ədəbi yaradıcılığında olduğu kimi, tənqidçilik fəaliyyətində də romantikdir. Bununla yanaşı, onun həm ədəbi-nəzəri baxışlarında, həm də bədii yaradıcılığında realist meyillər də mövcuddur. A.Şaiqin ədəbi-tənqidi məqalələri, ədəbiyyat tarixçiliyi konsepsiyası özünün nəzəri səviyyəsini və elmi dəyərini bu gün də qoruyub saxlamaqdadır. Onun yaradıcılığının bu sahəsi haqqında akademiklər Məmməd Cəfər, Kamal Talıbzadə, Bəkir Nəbiyev, professorlar Məmməd Məmmədov, Əflatun Saraclı, Kamran Əliyev və b. öz tədqiqatlarında ətraflı söhbət açmış, filologiya üzrə fəlsəfə doktoru Arzu Hacıyeva ayrıca monoqrafiya  yazmışdır. Abdulla Şaiqin bədii və elmi-nəzəri irsi Azərbaycan ədəbiyyatı tarixinin qiymətli nümunələrindəndir. Onun poezyia və dramaturgiyasında olduğu kimi, nəsrində də xalqımızın müəyyən bir tarixi inkişaf və düşüncə mərhələsinin bədii-estetik mənzərəsi ilə tanış oluruq. Ədibin “İki familiyanın məhvi”, “Qoçpolad”, “Qafqaz çiçəyi”, “İldırım”, “Dursun” və s. əsərlərində (xanlıqlar) feodolizm dövrünün ictimai-tarixi mənzərəsi, məişəti, düşüncə
tərzi, mənəvi-əxlaqi baxışları ilə qarşılaşır, “Məktub yetişmədi”, “Köç”, “İki müztərib, yaxud əzab və vicdan” əsərlərində real həyat
həqiqətlərindən doğan yangılı, sentimental təsvir və təhkiyə üsulu arxasında yazıçının incə və həssas qəlbinin çırpıntılarını duyuruq.
Ümumiyyətlə, Abdulla Şaiqin bədii və elmi-ədəbi irsi özünün hərarətli vətəndaşlıq duyğusu, qanadlı və nikbin romantik vüsəti, işıqlı sabaha sarsılmaz inamı, soykökə möhkəm genetik tellərlə bağlılığı ilə milli ruh və mənəviyyatımıza bu gün də işıq salır.
Abdulla Şaiq sənətinin əbədiyaşarlığının sirri, sehri də elə onun bu keyfiyyətlərindədir. Sözümü xalq şairi Səməd Vurğunun Abdulla Şaiqə həsr etdiyi şeirin bir misrası ilə bitirmək istəyirəm.
Şaiqim! Şairlər içində təksən,
Təmiz vicdanınla gülsən, ipəksən.
Dilindən küsməmiş tanış da, yar da,
Səndən inciməmiş qarıncalar da!

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elmi Metodika Şöbəsinin müdiri Məmmədli Ruhiyyə

Gundelik.az

Exit mobile version