ABŞ Federal Təhqiqat Bürosunun (FBI) keçmiş direktoru James Comey, sosial mediada paylaşdığı bir şəkilə görə ABŞ Prezidenti Donald Trump-ın həyatını təhdid etməkdə ittiham olunub.
Məsələ Kominin ötən il Instagram hesabında paylaşdığı bir foto ilə bağlıdır. Fotoda dəniz qabıqları “86 47” rəqəmlərini əmələ gətirirdi. “86” ifadəsi ingilis dilində jarqon olaraq “kənarlaşdırmaq” və ya “aradan götürmək” mənasında işlədilir.
Komi isə bildirib ki, bu rəqəmlərin belə bir məna daşıdığını bilməyib. Lakin Tramp və administrasiyadakı digər rəsmilər bunu 47-ci prezidentə qarşı təhdid kimi qiymətləndiriblər.
İttihamlara cavab verən Komi deyib:
“Mən hələ də günahsızam, qorxmuram və müstəqil federal məhkəmə sisteminə inanıram.”
İttihamın elan olunduğu mətbuat konfransında FBI direktoru Kash Patel bildirib ki, Komi keçmiş direktor kimi belə paylaşımın nəticələrini yaxşı bilməli idi:
“Ceyms Komi açıq şəkildə prezidentin həyatına qarşı təhdidi təşviq edib və bunu Instagram-da paylaşıb.”
Komi, Trampın ilk prezidentlik dövründə Rusiyanın 2016 seçkilərinə müdaxiləsi ilə bağlı araşdırma başladıqdan sonra vəzifəsindən azad edilmişdi. Bundan sonra Tramp dəfələrlə onun məsuliyyətə cəlb olunmasını tələb edib. Hazırkı ittiham bu istiqamətdə ikinci cəhddir.
Komi isə bildirib ki, məsələ bir il əvvəl Şimali Karolina sahilində çəkilmiş sadə bir şəkillə bağlıdır və bu proses davam edəcək, lakin onun mövqeyi dəyişməyəcək.
İttihamlar və mümkün cəza
Məhkəmə sənədlərinə görə, Komi:
Prezidentə qarşı təhdid etmək
Təhdidi ştatlararası şəkildə yaymaq
maddələri ilə ittiham olunur. Hər iki maddə üzrə maksimum cəza 10 il həbsdir.
İş North Carolina ştatının şərq dairəsində qaldırılıb – məhz şəkilin çəkildiyi yer kimi göstərilən bölgədə.
ABŞ-ın müvəqqəti baş prokuroru Todd Blanche bildirib:
“Prezidentin həyatını təhdid etmək ölkə qanunlarının ciddi pozuntusudur.”
Müdafiə və hüquqi mübahisə
ABŞ Məxfi Xidməti ötən il Komini bu şəkil ilə bağlı dindirib. Komi paylaşımı sonradan silib və bildirib ki, bunun siyasi mesaj ola biləcəyini düşünsə də, zorakılıqla əlaqəsini anlamayıb.
Bəzi hüquq ekspertləri isə ittihamın zəif olduğunu deyirlər. Onların fikrincə, bu paylaşım ifadə azadlığı ilə qoruna bilər və Kominin real təhdid niyyəti sübut olunmaya bilər.
Mənbə: BBC
Hazırladı: Ziyalə Əhmədli
Gundelik.az

