Hər səhər zəngli saatın səsinə oyanmaq məcburiyyətində deyilsiniz. Mütəxəssislərin fikrincə, düzgün yuxu rejimi formalaşdırıldıqda orqanizmin bioloji saatı insanın təbii şəkildə oyanmasına kömək edir.
Bunun üçün ilk növbədə hər gün eyni saatda yatmaq və oyanmaq vacibdir. Böyüklərin əksəriyyəti gecə 7-9 saat yuxuya ehtiyac duyur. Əsas məsələ yalnız kifayət qədər yatmaq deyil, yuxu rejimini mümkün qədər sabit saxlamaqdır.
Səhər işığı çox vacibdir
Mütəxəssislər səhər yuxudan oyanan kimi pərdələri açmağı və təbii işıq almağı tövsiyə edir. Səhər işığı bədənin bioloji saatının tənzimlənməsində mühüm rol oynayır və gün ərzində daha ayıq olmağa kömək edir.
Axşam isə əksinə, işıqları azaltmaq və yatmazdan əvvəl sakitləşdirici rutin yaratmaq məsləhətdir. Məsələn, duş qəbul etmək, dişləri fırçalamaq, dəriyə qulluq etmək və telefonu kənara qoymaq orqanizmə yuxu vaxtının yaxınlaşdığını bildirir.
Telefon yuxunun əsas düşmənlərindən biridir
Məqalədə yuxuya mane olan əsas amillərdən biri kimi smartfon istifadəsi göstərilir. Xüsusilə yatmazdan əvvəl sosial mediada uzun müddət gəzişmək insanı daha çox oyaq saxlayır.
Buna görə yatmazdan əvvəl telefon istifadəsini məhdudlaşdırmaq, ekran parlaqlığını azaltmaq və mümkün qədər telefonu yataqdan uzaq saxlamaq faydalıdır.
Kofein və gecə yeməklərinə diqqət
Yuxu rejimini yaxşılaşdırmaq istəyənlər kofeini əsasən səhər qəbul etməli, yeməkləri mümkün qədər eyni saatlarda yeməli və şam yeməyini yatmazdan ən azı 3 saat əvvəl bitirməlidir. Alkoqol da yuxuya getməyi asanlaşdırsa belə, gecə yuxusunun keyfiyyətini pozur.
Mənbə:BBC
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az

