Gundelik.az Dünya Kralın Konqresdəki tarixi çıxışından 5 əsas nəticə
Dünya Xəbərlər

Kralın Konqresdəki tarixi çıxışından 5 əsas nəticə

Kral III Çarlzın ABŞ-a səfəri əslində bir bayram kimi nəzərdə tutulmuşdu – Amerikanın 250 illiyi, uzunmüddətli Britaniya-ABŞ əlaqələri və “xüsusi münasibətlər”in qeyd olunması üçün. Lakin bu səfər eyni zamanda bir növ diplomatik “xilas missiyası” kimi də qiymətləndirildi.

Hazırda ABŞ-Böyük Britaniya münasibətlərində müəyyən gərginlik var. Bunun əsas səbəblərindən biri Britaniyanın ABŞ və İsrailin İrana qarşı apardığı müharibəni tam şəkildə dəstəkləməkdə tərəddüd etməsidir. Kralın məqsədi isə, xüsusilə Konqresdə etdiyi çıxış vasitəsilə bu gərginliyi yumşaltmaq idi.

Bəzi müsbət siqnallar da var. ABŞ Prezidenti Donald Trampın xarakteri dəyişkəndir – münasibətlər tez bir zamanda soyuduğu kimi, yenidən yaxşılaşa da bilir. Kral çıxışının sonunda iki ölkə arasındakı əlaqələri “barışma və yenilənmə” ilə xarakterizə etdi.

Ağ Evdə keçirilən görüşdən sonra Trampın Kral haqqında dediyi sözlər də müsbət idi:

“Çox möhtəşəm insandır. Onlar inanılmaz insanlardır və bu, böyük şərəfdir.”

Bununla belə, Kralın çıxışında bəzi məqamlar Demokratları sevindirə, Ağ Evdə isə narahatlıq yarada bilərdi.

1. Qeyri-müəyyən dövrün etirafı

Kral çıxışına “böyük qeyri-müəyyənlik dövrü” ifadəsi ilə başladı. Yaxın Şərq və Avropadakı münaqişələri, eləcə də siyasi zorakılığın demokratiyaya yaratdığı təhlükəni vurğuladı.

2. Fikir ayrılıqları normaldır

Kral qeyd etdi ki, ABŞ və Böyük Britaniya hər zaman eyni mövqedə olmayıb:

“1776-cı ilin ruhunu xatırlayaraq deyə bilərik ki, biz hər zaman razılaşmırıq.”

Amma əlavə etdi ki, birlikdə olduqda böyük işlər görə bilirlər.

3. “Checks and balances” mesajı

Kral icra hakimiyyətinin “yoxlama və tarazlıq” prinsiplərinə tabe olmasının Britaniya hüquq ənənəsindən gəldiyini vurğuladı. Bu fikir xüsusilə Demokratlar tərəfindən alqışlandı, çünki onlar tez-tez Trampı səlahiyyətlərdən sui-istifadədə ittiham edirlər.

4. ABŞ-ın sözləri və əməlləri

Kral dedi:

“Amerikanın sözləri böyük əhəmiyyət daşıyır… amma əməlləri daha da önəmlidir.”

Bu fikir də Demokratlar tərəfindən Trampa yönəlik dolayı mesaj kimi qəbul edildi.

5. NATO, təhlükəsizlik və iqlim mesajı

Kral Atlantik tərəfdaşlığını vurğuladı və NATO-nun yalnız 11 sentyabr hücumlarından sonra aktivləşdiyini xatırlatdı. O, həmçinin özünün Kral Donanmasında xidmətini qeyd edərək ABŞ-Avropa təhlükəsizlik əməkdaşlığının əhəmiyyətini vurğuladı. Çıxışında iqlim dəyişikliyi mövzusuna da toxundu.

Mənbə: BBC

Hazırladı: Ziyalə Əhmədli

Gundelik.az

Exit mobile version