İyul 8, 2026
Baku
Dünya Xəbərlər

Zona peyvəndi bioloji yaşlanmanı yavaşlada bilər

ABŞ-ın Cənubi Koliforniya universitetinin apardığı yeni araşdırma göstərib ki, zona peyvəndi təkcə ağrılı dəri səpgilərinin qarşısını almaqla kifayətlənmir, həm də orqanizmin bioloji yaşlanma sürətini azalda bilər.

2026-cı ilin yanvar ayında dərc olunan tədqiqat peyvəndlərin yalnız infeksiyalardan qorunmaq üçün deyil, həm də sağlam yaşlanma strategiyasının bir hissəsi kimi istifadə oluna biləcəyinə dair güclü sübutlar təqdim edir.

İltihablanma və molekulyar yaşlanmaya təsiri

Tədqiqatçılar 70 yaş və daha yuxarı olan 3 800-dən çox iştirakçının məlumatlarını təhlil edərək bioloji yaşlanmanın yeddi fərqli göstəricisini araşdırıblar. Nəticələr göstərib ki, zona peyvəndi vurduran şəxslərin bioloji profili peyvənd olunmayanlarla müqayisədə daha “gənc” görünür.

Araşdırma zamanı müəyyən edilib ki:

Peyvənd olunan şəxslərdə yaşla əlaqəli xroniki iltihablanma (“inflammaging”) səviyyəsi əhəmiyyətli dərəcədə aşağıdır.

DNT-dəki molekulyar dəyişikliklər və genlərin fəaliyyətini tənzimləyən proseslər daha yavaş yaşlanır.

Müsbət təsirlər peyvənddən sonrakı ilk üç il ərzində daha güclü müşahidə olunsa da, dörd il və daha uzun müddət sonra da davam edir.

Bu təsir necə yaranır?

Tədqiqatın müəlliflərindən biri olan gerontoloq Jung Ki Kim hesab edir ki, bunun səbəbi zona peyvəndinin suçiçəyi virusunun (varicella-zoster virusu) sinir sistemində yenidən aktivləşməsinin qarşısını almasıdır.

Virus hər dəfə aktivləşməyə cəhd etdikdə orqanizmdə stress və iltihab reaksiyası yaranır. Peyvənd isə bu prosesi zəiflədərək bədənin üzərinə düşən bioloji yükü azaldır.

Əvvəlki araşdırmalarla uyğunluq təşkil edir

Bu nəticələr zona peyvəndinin demensiya (ağıl zəifliyi) riskini təxminən 20 faiz azaltdığını göstərən 2025-ci il tədqiqatlarının nəticələrini də dəstəkləyir.

Alimlər hesab edirlər ki, peyvənd immun sistemini “təlimləndirərək” yalnız viruslarla deyil, həm də yaşlanma ilə əlaqədar yaranan müxtəlif hüceyrə zədələnmələri ilə mübarizədə kömək edir.

Araşdırma zona peyvəndinin yalnız infeksiyadan qoruyan vasitə olmadığını, həm də sağlam və uzunömürlü yaşlanmaya töhfə verə biləcəyini göstərir. Lakin alimlər bu təsirin dəqiq mexanizmini və nə dərəcədə güclü olduğunu müəyyənləşdirmək üçün əlavə tədqiqatlara ehtiyac olduğunu vurğulayırlar.

 

Mənbə:TRT Haber

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az