Aprelin 2-də yazıçı, publisist, nasir Zöhrə Əsgərovanın 75 illiyi “Hasanzadeh Events Group” nun direktoru Şəfəq Həsənzadənin təşəbbüsü ilə Azərbaycan Yazıçılar Birliyində keçirildi. Tədbiri Şəfəq xanım açaraq, xoş, səmimi sözlərlə yubiliyarı təbrik etdi. Birliyin baş katibi Rauf Aslanov yubilyara gələcək yaradıcılığında uğurlar dilədi.
Tədbirdə Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru, fəlsəfə doktoru Lətifə Məmmədova, Sabunçu rayon “Ağsaqqallar Şurasının “sədri Vəli Qaraçaylı, AYB-nin “Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi”nin sədri, publisist Əsəd Cahangir, Politoloq-publisist Reyhan Mirzəzadə, yazıçı Saida İkigai, şair, yazıçı Sevinc Ağaxəlil qızı iştirak etmişlər. Hər bir çıxışçı Zöhrə xanımla tanışlıqlarını , kitablarının oxucusu olduğunu bildirdilər.
Tədbirdə Z. Əsgərovanın uşaq kitablarının oxucuları-məktəblilərlə maraqlı sorğu-sual, kitablar haqqında təəssüratlar səslənmişdir.
Tədbir olduqca maraqlı fikir mübadilələri ilə yadda qalmışdır. Z.Əsgərova bu görüşdən çox məmnun qaldığını bildirdi. Hər bir uşağın qəlbində yuva quran arzuların qanad açdığı bir görüşə bənzəyirdi.
Yazıçının tədbir iştirakçılarına müraciəti: ” Şəfəq xanıma dərin minnətdarlığımı bildirirəm. Bu günün özəlliyi odur ki, uşaq kitablarımın oxucuları əziz uşaqlarla nağıllar, hekayələr dünyasına qovuşduq. Bu istedadlı uşaqların mənəvi yüksəlişində, təbliğində Şəfəq xanımın rolu böyükdür. Şəfəq xanım gələcək nəslin sağlam köklər üzərində tərbiyələnməsi istiqamətində böyük həvəslə, məhəbbətlə çalışır. Mən bunun canlı şahidiyəm”. Yazıçı Zöhrə Əsgərova tədbirdə iştirak edən uşaqlara rus dilində çap olunan, “Burdan mələk ötüb”,”Baba niyə küsdü” kitablarını hədiyyə etdi.
Sonda xatirə şəkili çəkildi və canlı görüş hər iki tərəflərin bir-birini daha yaxından öyrənməsinə səbəb oldu.


Gundelik.az
