Uşaqlıq dövründə yaşanan travmalar insanın psixoloji və fiziki sağlamlığına uzun illər təsir göstərir. Mütəxəssislər mənfi uşaqlıq təcrübələrinin mühüm ictimai sağlamlıq problemi olduğunu bildirirlər.
Klinik psixoloq Prof. Dr. Gülsen Erdenin sözlərinə görə, böyüklərin ən azı üçdə ikisi uşaqlıq dövründə bir və ya daha çox mənfi təcrübə yaşayıb. Bu hadisələrin təsirləri isə bəzən illər sonra ortaya çıxır.
İstismar, laqeydlik, zorakılığa şahid olmaq, bullinq, sevilən şəxsin itirilməsi, ciddi xəstəliklər, təbii fəlakətlər, müharibə və digər travmatik hadisələr uşağın gələcək həyatına təsir edir. Xüsusilə həyatın ilk illərində təhlükəsizlik və bağlılıq hissini zədələyən təcrübələr daha dərin izlər buraxır.
Travma yaşamış uşaq necə davranır?
Uşaqlıq travmasının mümkün əlamətləri arasında yuxu və qidalanma problemləri, kabuslar, insanlardan uzaqlaşma, güclü qorxu və narahatlıq, davranış dəyişiklikləri və özünəinamın azalması yer alır.
Mütəxəssislər bildirirlər ki, uşağın yaşadığı travmanı “uşaqdır, unudar” və ya “uydurur” deyərək kiçiltmək düzgün deyil. Bu yanaşma uşağa əlavə zərər verə bilər.
Travma müalicə oluna bilərmi?
Mütəxəssislərin fikrincə, travma yaşamış uşağın ilk növbədə dinlənilməsi, hisslərini ifadə etməsinə şərait yaradılması və özünü təhlükəsiz hiss etməsi vacibdir. Davamlı sağalma üçün isə peşəkar psixoloji dəstək lazım olur.
Travma müalicəsində koqnitiv-davranış terapiyası, oyun terapiyası, EMDR və travma yönümlü koqnitiv-davranış terapiyasından istifadə edilir.
Mütəxəssislər vurğulayırlar ki, uşaqlıq travmalarının təsirlərini görməzlikdən gəlmək əvəzinə vaxtında peşəkar yardım almaq həm uşaqlar, həm də bu hadisələrin təsirini yetkinlikdə hələ də yaşayan insanlar üçün mühüm addımdır.
Mənbə:TRT Haber
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az
