İyul 8, 2026
Baku
Mədəniyyət və cəmiyyət Xəbərlər

Zəngəzurun sədası klarnetdə canlandı – Hüseyn Məhəmmədoğlundan milli musiqiyə böyük töhfə

Məşhur klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu uzun müddət üzərində çalışdığı “Zəngəzur yallısı” adlı irihəcmli musiqi layihəsini ictimaiyyətə təqdim edib. Milli musiqi irsimizin dərin qatlarına söykənən layihə həm ideya, həm də ifa baxımından xüsusi maraq doğurub.
Təqdimat mərasimində filologiya elmləri doktoru, Xalq yazıçısı və ADU-nun rektoru Kamal Abdulla, mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanov, mədəniyyətşünas Sevda Güləliyeva, əməkdar mədəniyyət işçisi Nazim Kazımov, Xalq artisti Mənsum İbrahimov, əməkdar artist Ramil Qasımov və Xalq artisti Ənvər Sadıqov çıxış edərək layihənin milli-mədəni yaddaşın qorunması və gələcək nəsillərə ötürülməsi baxımından əhəmiyyətini vurğulayıblar.
Bir il ərzində ərsəyə gələn “Zəngəzur yallısı” layihəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin doğum gününə həsr olunub. Layihənin diqqətçəkən məqamlarından biri də Azərbaycan və Türkiyə musiqi mədəniyyətlərinin uğurlu sintezidir.
Hüseyn Məhəmmədoğlu bu əsər üzərində çalışarkən Xalq artisti Elçin Həşimov, əməkdar artistlər Elnur Əhmədov, Şirzad Fətəliyev, Kamran Kərimovla yanaşı, Türkiyənin tanınmış klarnet ustaları Serkan Çağrı, Hüsnü Şenlendirici, Volkan Öktən və Bülent Altınbaşla bir araya gəlib. Bu əməkdaşlıq layihəyə beynəlxalq çalar qazandırmaqla yanaşı, onun bədii dəyərini də artırıb.
Musiqi əsərinin aranjemanı Coşqun Qadaşova, klipin rejissorluğu isə Cavid Cavadoğluna həvalə olunub. Klipdə Qarabağ atlarının zərifliyi və milli rəqslərimizin zənginliyi vizual estetik baxımdan xüsusi təsir bağışlayır.
“Zəngəzur yallısı” yalnız musiqi nümunəsi deyil, eyni zamanda milli-mənəvi dəyərlərimizin təbliğinə xidmət edən sanballı mədəni layihə kimi qiymətləndirilir.
       
Hazırladı: Fəridə Sadıqzadə
Gundelik.az