Türkiyənin yerli naviqasiya sistemi dövlət və özəl sektor əməkdaşlığı ilə həyata keçiriləcək və 4 mühüm hədəfə çatmağı nəzərdə tutur:
Türk vətəndaşlarının məxfiliyinin qorunması, məlumatlarının kommersiya məhsuluna çevrilməsinin qarşısının alınması, fövqəladə hallarda təhlükəsizliyin təmin edilməsi və idxalın yerini ixracın alması.
Türkiyənin Sanayi ve Teknoloji Bakanlığı ötən ilin iyun ayında mühüm addım ataraq yerli xəritə və naviqasiya tətbiqlərinin hazırlanmasına dəstək verəcəyini açıqlamışdı. Müraciətlər 2025-ci ildə qəbul edildi və qiymətləndirmələr tamamlandı. Mart ayında isə nazir Mehmet Fatih Kacırın iştirakı ilə yerli naviqasiya layihəsi üzrə tərəflər arasında razılaşmalar imzalandı.
Yerli naviqasiya sistemi tamamlanıb gündəlik istifadəyə verildikdən sonra mobil cihazlarda, xüsusilə layihənin tərəfdaşlarından olan TOGG avtomobillərində, eləcə də logistika, ağıllı şəhər sistemləri, e-ticarət, turizm, fövqəladə hallar və təcili yardım sahələrində istifadə olunacaq.
4 əsas hədəf
1. Vətəndaşların məxfiliyinin qorunması
Hazırda Türkiyədə demək olar ki, bütün vətəndaşlar xarici naviqasiya tətbiqlərindən istifadə edir. Bu isə o deməkdir ki, xarici şirkətlər milyonlarla insanın:
harada olduğunu
hara getdiyini
nə qədər vaxt harada qaldığını
real vaxtda izləyə bilir.
Texnologiyanın inkişafı ilə istifadəçinin yeri demək olar ki, yarım metr dəqiqliklə müəyyən olunur. Yerli sistemlə bu məlumatların xarici qurumların əlində olması məhdudlaşdırılacaq.
2. Fövqəladə hallar və müharibə vəziyyəti
Müharibə və ya fövqəladə vəziyyətlərdə xarici naviqasiya sistemləri:
sabotaj edilə bilər
logistika və müdafiə proseslərini poza bilər
Hətta sanksiyalar səbəbilə bu sistemlərin istifadəsi tam dayandırıla bilər. Yerli naviqasiya bu riskləri aradan qaldırmağı hədəfləyir.
3. Məlumatların kommersiya məqsədilə istifadəsinin qarşısı
Bir çox naviqasiya tətbiqləri “pulsuz” olsa da, əslində:
istifadəçi məlumatları toplanır
reklam və kommersiya məqsədilə satılır
Beləliklə, istifadəçi özü bir növ “məhsula” çevrilir. Yerli naviqasiya ilə bu halın qarşısı alınacaq.
4. İdxaldan ixraca keçid
Yerli naviqasiya sistemi ilə:
bu xidmətlər artıq xaricdən alınmayacaq
əksinə, digər ölkələrə ixrac ediləcək
Beləliklə, maliyyə və texnoloji resursların ölkə daxilində qalması və xaricdən gəlir əldə olunması təmin ediləcək. Bu addım xarici asılılığı da azaldacaq.
Nazir Kacır bildirib ki, bu layihə Türkiyənin “Milli Texnologiya Hərəkatı”nın bir hissəsidir və ölkənin yüksək texnologiya sahəsində geri qalmaması üçün vacibdir.
Layihə çərçivəsində Başarsoft, BVB və TOGG birlikdə çalışır. Yerli naviqasiya sisteminin süni intellekt dəstəyi ilə yaxın zamanda istifadəyə verilməsi planlaşdırılır.
Naviqasiya sistemləri artıq telefon, avtomobil və digər ağıllı cihazlarda gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib. Bu sistemlər peyk vasitəsilə istifadəçinin yerini müəyyən edir, daim yenilənən xəritələr və süni intellekt vasitəsilə yol sıxlığını analiz edərək ən optimal marşrutu təqdim edir.
Mənbə: TRT Haber
Hazırladı: Ziyalə Əhmədli
Gundelik.az

