ABŞ prezidenti Donald Tramp, administrasiyasının uzunmüddətli müttəfiqi və qatı müdafiəçisi olan Baş prokuror Pam Bondini vəzifəsindən azad edib.
Tramp Truth Social-da paylaşımında onu tərifləyərək bildirib ki, Bondi “özəl sektorda yeni vəzifəyə keçəcək”.
Bondinin Ədliyyə Nazirliyinə rəhbərlik etdiyi dövr çox vaxt Cefri Epşteynlə bağlı sənədlərin açıqlanması və bu məhkum olunmuş cinsi cinayətkarla bağlı istintaqın aparılması ilə kölgədə qalıb.
O, son həftələrdə vəzifəsindən uzaqlaşdırılan ikinci Tramp administrasiyası rəsmisidir. Bundan əvvəl mart ayında Kristi Noem daxili təhlükəsizlik naziri postundan çıxarılmışdı. Bondinin yerinə onun keçmiş müavini Todd Blanş təyin olunacaq.
Bondi bildirib ki, o, işlərini Blanşa təhvil vermək üçün “yorulmadan çalışacaq” və əlavə edib ki, bu vəzifə onun üçün “ömürlük şərəf” olub.
O həmçinin qeyd edib ki, hələ açıqlamadığı özəl sektordakı yeni vəzifəsində “Prezident Tramp və bu administrasiya üçün mübarizəni davam etdirəcək”.
Bu qərar, Bondinin Konqresdə sərt keçən dinləmədən cəmi iki ay sonra verilib. Həmin iclasda o, qanunvericilərin kəskin sualları ilə üzləşmiş, mübahisələr bəzən qışqırıq səviyyəsinə çatmış və o, bir demokratı “köhnəlmiş uduzan” adlandırmışdı.
Hələ cümə axşamı səhər Tramp Bondini müdafiə edərək “O, gözəl insandır və yaxşı iş görür” demişdi. Lakin bir neçə saat sonra Truth Social-da onun vəzifədən getdiyini təsdiqləyib və yeni işinin “yaxın zamanda açıqlanacağını” bildirib. Tramp paylaşımında Bondinin fəaliyyətini yüksək qiymətləndirərək onun ölkədə cinayətkarlığa qarşı “genişmiqyaslı mübarizəyə rəhbərlik etdiyini” deyib.
Bununla belə, prezidentin xüsusilə Epşteyn sənədləri ilə bağlı məsələlərdə Bondidən narazı olduğu bildirilir. 2025-ci ilin fevralında vəzifəyə başlayanda Bondi bu işdə şəffaflıq vəd etmiş, Epşteynlə əlaqəli olduğu iddia edilən şəxslərin siyahısını açıqlayacağını demişdi.
Lakin sonradan nazirlik belə bir siyahının mövcud olmadığını açıqladı.
Nəticədə, Konqresin qəbul etdiyi qanundan sonra və ictimai təzyiq altında – o cümlədən Tramp tərəfdarlarının təzyiqi ilə – Epşteynlə bağlı milyonlarla sənəd açıqlanıb.
Bu proses həm demokratlar, həm də respublikaçılar tərəfindən tənqid olunub. Qanunvericilər nazirliyi bəzi qurbanların şəxsiyyətlərini lazımi şəkildə gizlətməməkdə, eyni zamanda qurban olmayanların kimliyini qorumaqda ittiham ediblər.
Bəzi respublikaçılar isə Bondini müdafiə ediblər.
Todd Blanş X platformasında yazıb: “Pam Bondi bu quruma güc və inamla rəhbərlik etdi və onun liderliyinə görə minnətdaram. Biz polisi dəstəkləməyə, qanunu tətbiq etməyə və Amerikanı təhlükəsiz saxlamaq üçün əlimizdən gələni etməyə davam edəcəyik.”
Digərləri isə onun gedişini alqışlayıblar.
Onların arasında Kentukki ştatından respublikaçı konqresmen Tomas Massi də var. O, Bondinin Epşteyn sənədləri ilə bağlı fəaliyyətini tez-tez tənqid edirdi.
Massi X-də yazıb: “Ümid edirəm ki, növbəti baş prokuror qanuna uyğun olaraq bütün Epşteyn sənədlərini açıqlayacaq və bundan sonra araşdırmalar, ittihamlar və həbslər olacaq.”
Mənbə: BBC
Hazırladı: Ziyalə Əhmədli
Gundelik.az

