Gundelik.az Siyasət Sahibə Qafarova Qoşulmama Hərəkatına üzv ölkələrin Dövlət və Hökumət Başçılarının Birinci Konfransının 65 illiyinə həsr olunmuş tədbirdə çıxış edib
Siyasət Xəbərlər

Sahibə Qafarova Qoşulmama Hərəkatına üzv ölkələrin Dövlət və Hökumət Başçılarının Birinci Konfransının 65 illiyinə həsr olunmuş tədbirdə çıxış edib

Xəbər verdiyimiz kimi, Milli Məclisin sədri Sahibə Qafarova Qoşulmama Hərəkatına üzv ölkələrin Dövlət və Hökumət Başçılarının Birinci Konfransının 65 illiyinə həsr olunmuş Yüksək Səviyyəli Xatirə Görüşündə iştirak etmək üçün Serbiyada işgüzar səfərdədir. Səfər çərçivəsində parlamentin sədri tədbirdə çıxış edib.

Spiker çıxışının əvvəlində bu əlamətdar tədbirlə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin salamlarını çatdırıb. Sonra Milli Məclisin sədri bildirib ki, 65 il əvvəl Qoşulmama Hərəkatı bir sıra dövlətləri müstəqilliyini, suverenliyini və öz gələcəyini müəyyən etmək hüququnu qorumaq kimi ortaq məqsədlər ətrafında birləşdirib. Bu təşkilatın təsis edilməsindən ötən müddətdə beynəlxalq münasibətlər sistemi əhəmiyyətli dəyişikliklərə məruz qalıb. Lakin Hərəkatın əsasını təşkil edən dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və bərabərliyinə hörmət, daxili işlərə qarışmamaq, ədalət, dinc yanaşı yaşamaq və beynəlxalq öhdəliklərin yerinə yetirilməsi prinsipləri bu gün də beynəlxalq münasibətlər sistemində sabitliyin və ədalətli dünya nizamının təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır.

Milli Məclisin sədri qeyd edib ki, ötən 65 il ərzində Qoşulmama Hərəkatı üzv dövlətlərin ortaq maraq və məramlarının irəlilədilməsi, habelə qlobal çağırışları həllinə kollektiv töhfə verilməsi üçün mühüm platformaya çevrilib.

Bildirilib ki, Qoşulmama Hərəkatının əsas prinsipləri Azərbaycanın xarici siyasətinin fundamental istiqamətləri ilə tam uzlaşır və bu prinsiplər Azərbaycanın
2019–2024-cü illərdə Hərəkata sədrliyi dövründə də rəhbər tutulub. Parlamentin sədri bildirib ki, 2019-cu ildə Bakıda keçirilmiş Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşündə Prezident İlham Əliyev Azərbaycanın Bandunq Prinsiplərinə, beynəlxalq hüquqa və ədalətə sadiqliyini, habelə Hərəkatın birliyinin, həmrəyliyinin və beynəlxalq nüfuzunun möhkəmləndirilməsinə sadiqliyini bir daha təsdiqləyib.

Sahibə Qafarova Azərbaycanın sədrliyi dövründə Hərəkatın üzv dövlətləri arasında həmrəylik və əməkdaşlığın gücləndirilməsinə xüsusi diqqət yetirildiyini, Qoşulmama Hərəkatının, BMT-nin yüksək səviyyəli görüşlərinin keçirilməsi təşəbbüsünün irəli sürüldüyünü, COVID-19 pandemiyasına və onun nəticələrinə qarşı əlaqələndirilmiş beynəlxalq reaksiyanın formalaşdırılmasına töhfə verildiyini bildirib. Qeyd edilib ki, Azərbaycan 80-dən artıq dövlətə maliyyə və humanitar yardımı göstərib, onları texniki dəstək və təhsil qrantları ilə təmin edib. Spiker eyni zamanda Hərəkatın institusional inkişafına xüsusi diqqət yetirildiyini və onun nəsillər və təsisatlar arasında iştirakını genişləndirdirməyə xüsusi diqqət yetirildiyini bildirib.

O, 2022-ci ildə qərargahı Bakıda yerləşən Qoşulmama Hərəkatı Gənclər Təşkilatının yaradılmasını da xüsusi qeyd edib. Bildirilib ki, Təşkilatın fəaliyyətinin genişlənməsi gənclərin Hərəkatın dəyərlərinin və məqsədlərinin təşviqində daha fəal rol oynamasına imkan yaradır.

Milli Məclisin sədri Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin fəaliyyətinə də diqqət çəkib. Qeyd edib ki, 2021-ci ildə yaradılan Parlament Şəbəkəsinin fəaliyyəti ötən dövrdə əhəmiyyətli dərəcədə inkişaf edib, beş konfrans keçirilib, mühüm institusional qərarlar qəbul olunub və Şəbəkənin qərargahının Bakıda yerləşdirilməsi
təmin edilib.

Spiker bildirib ki, bu gün Şəbəkə Qoşulmama Hərəkatının üzvü olan 71 ölkənin parlamentini bir araya gətirir. Bu, parlamentlərimizin Bandunq Prinsiplərinin həyata keçirilməsinə töhfə vermək və parlament diplomatiyası vasitəsilə dialoqu, sülhü, ədaləti və davamlı inkişafı təşviq etmək əzmini əks etdirir. Çıxışına yekun vuran Milli Məclisin sədri Qoşulmama Hərəkatının qarşısında duran əsas vəzifələrin onun birliyinin və həmrəyliyinin qorunması, beynəlxalq səsinin gücləndirilməsi, sülhə, davamlı inkişafa və daha ədalətli, bərabərhüquqlu dünya nizamına töhfəsinin artırılması olduğunu bildirib.

  

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi

Gundelik.az

Exit mobile version