Gundelik.az Dünya Yerə ən çox bənzəyən planet 40 işıq ili uzaqlıqda tapıldı
Dünya Xəbərlər

Yerə ən çox bənzəyən planet 40 işıq ili uzaqlıqda tapıldı

Alimlər Yerə ən çox bənzəyən planetin 40 işıq ili uzaqlıqda yerləşdiyini açıqlayıblar.

Gundelik.az xarici mediaya istinadən xəbər verir ki, astronomların sözlərinə görə, James Webb Kosmik Teleskopu (JWST) vasitəsilə aparılan müşahidələr nəticəsində “TRAPPIST-1e” adlı ekzoplanetin yaşayış üçün əlverişli atmosferə sahib ola biləcəyi müəyyən edilib.

2016-cı ildə kəşf edilən “TRAPPIST-1” sistemi Yer ölçüsünə yaxın yeddi qayalı planetdən ibarətdir. Son araşdırmalar bu planetlərdən ən ümidvericisi sayılan TRAPPIST-1e-nin Venera kimi sıx karbon dioksid atmosferinə malik olmadığını göstərib. Əksinə, burada azotun üstünlük təşkil etdiyi və tərkibində karbon qazı ilə metan izlərinin ola biləcəyi atmosferin mövcudluğu ehtimal olunur.

Massaçusets Texnologiya İnstitutunun (MIT) alimi Sara Siqer bildirib ki, “TRAPPIST-1e yaşayış zonasında yerləşən ən perspektivli planetlərdən biridir və yeni nəticələr bizi hədəfə bir addım da yaxınlaşdırır”.

MIT-dən astrofizik Ana Qlidden isə əlavə edib: “Artıq Yer ölçüsündə planetlərin atmosferini 40 işıq ili uzaqlıqda öyrənmək imkanımız var. Bu isə elm üçün tamamilə yeni bir dövrün başlanğıcıdır”.

Tədqiqatçılar qeyd edirlər ki, nəticələrin tam dəqiqləşməsi üçün JWST ilə aparılacaq növbəti müşahidələr həlledici olacaq.

Gundelik.az

Exit mobile version