Avstraliya hökumətinin hazırladığı ilk “Milli İqlim Riskinin Qiymətləndirilməsi” hesabatına görə, 2050-ci ilə qədər ölkənin sahil xətti boyunca ən azı 1,5 milyon insan dəniz səviyyəsinin yüksək olduğu ərazilərdə yaşayacaq.
Bu barədə Gundelik.az xarici mediaya istinadən xəbər verir.
Sənəddə bildirilir ki, iqlim dəyişikliyi səbəbindən Avstraliyada daha tez-tez və şiddətli hava hadisələri müşahidə olunacaq, bəzi fəlakətlər isə indiyə qədər rast gəlinməyən bölgələrə yayılacaq.
Hesabata əsasən, sahilyanı zonalarda “yüksək” və “çox yüksək” risk daşıyan ərazilərdə yaşayan əhalinin sayı getdikcə artacaq. Bu isə həm insan sağlamlığına, həm də iqtisadiyyata ciddi təsir göstərəcək.
Qeyd olunub ki, meşə yanğınları, daşqınlar və ekstremal hava hadisələri mövcud sağlamlıq problemlərini daha da kəskinləşdirəcək, artan temperatur isə ölüm hallarının sayını yüksəldəcək.
Sənəddə həmçinin iqtisadi itkilərə diqqət çəkilərək vurğulanıb ki, əgər istixana qazı emissiyaları azaldılmasa, 2030-cu ilə qədər ölkənin ümumi zərəri 571 milyard Avstraliya dollarına çata bilər.
Gundelik.az

