Gundelik.az Dünya Kosmik təhlükə yaxınlaşır: 50 metrlik asteroid avqustun 17-də Yerə gəlir
Dünya Xəbərlər

Kosmik təhlükə yaxınlaşır: 50 metrlik asteroid avqustun 17-də Yerə gəlir

Avqustun 17-də Bakı vaxtı ilə saat 13:03-də diametri 50 metr olan “2025 PM” adlı asteroid Yer kürəsinin yanından keçəcək.

Gundelik.az xəbər verir ki, Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiya Laboratoriyası və Rusiya Elmlər Akademiyasının Günəş–Yer Fizika İnstitutunun məlumatına görə, asteroid planetimizdən təxminən bir Ay orbiti diametri qədər məsafədən ötəcək.

Məlumatda bildirilir ki, asteroid planetə qeyri-adi dərəcədə yaxınlaşdığı üçün “potensial təhlükəli” obyektlər kateqoriyasına daxildir. Bu kateqoriyaya Yerə Ay orbitinin 10 diametrindən daha yaxın məsafədən keçən cisimlər aid edilir.

Qeyd olunur ki, “2025 PM” son illərdə Yerə bir milyon kilometrdən daha yaxın məsafədən keçəcək ən iri kosmik qaya olacaq. Müqayisə üçün, oxşar məsafədə daha böyük bir obyektin sentyabrın sonunda yaxınlaşacağı gözlənilir.

Alimlər bildirirlər ki, asteroid bu il yalnız avqustun 1-də aşkarlanıb. O, Apollon qrupuna — orbitləri Yerin orbitini kənardan kəsişən Yerə yaxın asteroidlər sinfinə daxildir. Günəş ətrafında fırlanma müddəti isə iki ildən bir qədər artıqdır.

Mütəxəssislərin sözlərinə görə, asteroid hazırda Yerin cazibə qüvvəsinin təsir dairəsində hərəkət etsə də, onun planet tərəfindən tutulma ehtimalı olduqca azdır. Bu, yalnız başqa bir kosmik cisimlə gözlənilməz toqquşma nəticəsində, asteroidin sürətinin kəskin azalması və ya istiqamətinin dəyişməsi halında mümkündür.

Xatırladaq ki, eyni ölçülü meteoritin Yerə ən məşhur düşməsi təxminən 50 min il əvvəl baş verib və ABŞ-də yerləşən məşhur Arizona (Barringer) kraterinin yaranmasına səbəb olub.

Gundelik.az 

Exit mobile version