İyul 8, 2026
Baku
Mədəniyyət və cəmiyyət Xəbərlər

Yay süfrələrinin 5 sağlamlıq əfsanəsi dağıldı

Yay aylarında süfrələrdə təkcə qarpız, pomidor və kabab olmur. İllərdir ağızdan-ağıza dolaşan müxtəlif sağlamlıq inancları da yenidən gündəmə gəlir. Balıqla qatığın birlikdə yeyilməsinin zəhərlədiyi, qoz suyunun xolesterini azaltdığı və ya səhər acqarına zeytun yağı içməyin damarları təmizlədiyi kimi iddialar tez-tez səsləndirilir. Bəs bunlardan hansıları elmi faktlara əsaslanır, hansıları isə sadəcə mifdir?

Yay süfrələri qurularkən bir çox insan illərdir eşitdiyi qidalanma məsləhətlərinə əməl edir. Lakin bəzi məşhur inancların elmi əsası yoxdur, bəziləri isə düzgün qidalanma vərdişləri ilə qarışdırılır. Balıq və qatıqdan tutmuş qoz suyuna, qarpıza limon sıxmaqdan zeytun yağına qədər maraq doğuran məsələlərə professor Osman Müftüoğlu aydınlıq gətirib.

Balıqla qatıq birlikdə yeyildikdə zəhərləyirmi?

-Xeyr. Təzə və düzgün saxlanılmış balıqla qatığın birlikdə yeyilməsinin sağlamlığa zərər verdiyini sübut edən heç bir elmi dəlil yoxdur. Problem balıqda və ya qatıqda deyil, xarab olmuş qidadadır. Yəni təhlükə düzgün saxlanılmayan məhsullardan qaynaqlanır.

Qoz suyu xolesterini azaldırmı?

-Xeyr. Bununla bağlı güclü elmi sübut yoxdur. Xolesterinin azalmasına kömək edən qozun suyu deyil, məhz özüdür. Çünki faydalı yağlar, lif və digər qiymətli maddələr qozun daxilində olur, suya keçmir. Buna görə də qoz suyundan çox qozun özünü yemək daha faydalıdır.

Qarpıza limon sıxmaq faydasını artırırmı?

-Limon qarpıza C vitamini və xoş dad qatır. Lakin onun qarpızdakı likopenin təsirini əhəmiyyətli dərəcədə artırdığı elmi olaraq sübut edilməyib. Dadını sevirsinizsə, limon sıxa bilərsiniz, amma bunu möcüzəvi təsir gözləyərək etməyin.

Səhər acqarına zeytun yağı içmək damarları təmizləyirmi?

-Xeyr. Zeytun yağı ürək üçün faydalıdır, lakin dərman deyil. Bir stəkan zeytun yağı içmək damarları təmizləmir, əksinə, orqanizmə lazımsız əlavə kalori verir. Onu salatlarda, tərəvəz yeməklərində və Aralıq dənizi tipli qidalanmanın bir hissəsi kimi ölçülü şəkildə istifadə etmək daha doğrudur.

Pomidoru qabığı ilə yemək təhlükəlidirmi?

-Əksinə. Yaxşı yuyulmuş pomidoru qabığı ilə yemək daha faydalıdır. Çünki lifin və bəzi antioksidantların böyük hissəsi qabığa yaxın təbəqədə yerləşir. Buna görə pomidorun qabığını soymaq əvəzinə, onu yaxşıca yumaq kifayətdir.

Yay süfrələrində ən böyük təhlükə çox vaxt balıqla qatıq deyil, elmi əsası olmayan məlumatlara inanmaqdır. Sağlam qidalanma ilə bağlı qərarlar şayiələrə deyil, elmi faktlara əsaslanmalıdır.

 

Mənbə:CNN Türk

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az