Yay aylarında temperaturun yüksəlməsi, kondisionerdən daha çox istifadə olunması və qapalı məkanlarda keçirilən vaxtın artması virus infeksiyalarının yayılmasını asanlaşdırır. Akdeniz Universitetindən (AÜ) Dr. Süleyman İbze bildirir ki, kondisionerli və kifayət qədər havalandırılmayan məkanda asqırma və öskürmə zamanı ətrafa yayılan damcılar eyni mühiti paylaşan insanların yoluxma riskini artırır.
Xalq arasında “yay qripi” kimi tanınan infeksiyalardan qorunmaq üçün gigiyenaya riayət etmək, kifayət qədər maye qəbul etmək və xəstə insanlarla yaxın təması azaltmaq vacibdir. Mütəxəssislər xüsusilə risk qrupunda olan şəxslərin uzun müddət davam edən hərarət və şiddətlənən simptomlara qarşı diqqətli olmalarını tövsiyə edir. Təcili xarakter daşımayan şikayətlər zamanı isə səhiyyə sistemindəki sıxlığın azaldılması üçün ilk növbədə ailə həkiminə müraciət etmək məsləhətdir.
YAYDA İNFEKSİYALAR DAHA SÜRƏTLƏ YAYILIR
AÜ Tibb Fakültəsinin Təcili Tibbi Yardım kafedrasının müəllimi Dr. Süleyman İbze xalq arasında “yay qripi” adlandırılan vəziyyətə ilin istənilən vaxtında rast gəlməyin mümkün olduğunu diqqətə çatdırıb.
İbze bildirib ki, qrip və virus infeksiyalarının yalnız qış və ya payız aylarında müşahidə olunduğuna dair cəmiyyətdə yanlış təsəvvür var:
“Virus infeksiyaları ilə ilin istənilən dövründə qarşılaşa bilərik. İsti havalarda bu infeksiyaların yayılmasını asanlaşdıran bəzi amillər mövcuddur. Hovuz və dənizdən istifadə də artır. Digər mühüm amil isə temperaturun ani dəyişməsidir. Çöldəki həddindən artıq isti havadan çox soyuq və kondisionerli məkana daxil olmaq və ya bunun əksini yaşamaq xüsusilə yuxarı tənəffüs yollarının selikli qişasının uyğunlaşma prosesinə mənfi təsir göstərir. Kondisionerli və kifayət qədər havalandırılmayan məkanda asqırma və öskürmə zamanı ətrafa yayılan damcılar həmin mühiti paylaşan insanların yoluxma riskini artırır.”
YOLUXMA RİSKİNİ AZALDAN TƏDBİRLƏR
Dr. İbzenin sözlərinə görə, virus infeksiyalarından sadə tədbirlərlə qorunmaq mümkündür.
“Gigiyenaya diqqət etmək, əlləri tez-tez yumaq və yoluxma riskini azaldacaq tədbirlər görmək lazımdır. Xəstəlik əlamətləri yarandıqda yaxın təması azaltmaq, zəruri hallarda maskadan istifadə etmək xəstəliyin daha nəzarətli keçirilməsinə kömək edəcək. Yaxşı qidalanmaq və kifayət qədər maye qəbul etmək də vacibdir. Xüsusilə yay aylarında tərləmə ilə birlikdə maye itkimiz artdığı üçün maye qəbulunu da artırmağımız önəmlidir”, – deyə o qeyd edib.
“YAYDA XƏSTƏLİKLƏRƏ DAHA AZ ƏHƏMİYYƏT VERİLİR”
Dr. İbze xəstəliklərin müalicəsinin gecikdirilməməsinin vacib olduğunu vurğulayıb. Onun sözlərinə görə, insanlar yay aylarında bu xəstəliklərə qış dövrü ilə müqayisədə daha az əhəmiyyət verə və istirahəti, eləcə də simptomlara yönəlmiş müalicəni gecikdirə bilərlər.
“Bu səbəbdən xəstəlik ağırlaşmasa belə, simptomların daha uzun müddət davam etdiyini görə bilərik. Xüsusilə risk qrupunda olan insanlarda xəstəlik daha ağır keçə bilər”, – deyə həkim bildirib.
“HƏR SAĞLAMLIQ PROBLEMİNİN HƏLL YERİ TƏCİLİ YARDIM ŞÖBƏSİ DEYİL”
Təcili yardım şöbələrinin gərgin rejimdə çalışdığını bildirən Dr. İbze xəstələrin ilkin mərhələdə ailə həkimlərinə müraciət etməli olduğunu deyib.
“Sadə simptomların və təcili xarakter daşımayan şikayətlərin böyük hissəsi ilkin səhiyyə xidməti olan ailə həkimləri tərəfindən rahatlıqla qiymətləndirilir. Əhalimiz bunu bilməlidir. Hər sağlamlıq probleminin həll yeri təcili yardım şöbəsi deyil. Üç gündən çox davam edən hərarət, ümumi vəziyyətin nəzərəçarpacaq dərəcədə pisləşməsi və ya risk qrupunda olan şəxslərdə davam edən və şiddətlənən simptomlar bizim üçün xəbərdarlıq siqnalıdır. Belə hallarda xəstələrin erkən mərhələdə tibb müəssisəsinə müraciət etməsini tövsiyə edirik”, – deyə Dr. İbze bildirib.
Mənbə:CNN Türk
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az
