Qlobal iqlim proqnozlarına görə, yaxın 5 il ərzində temperaturun rekord həddə və ya ona yaxın səviyyədə qalacağı gözlənilir.
Gundelik.az xəbər verir ki, bu barədə Ümumdünya Meteorologiya Təşkilatı (WMO) və Britaniya Meteorologiya (Met Office) yaxın 5 il üçün temperatur proqnozlarına dair birgə hesabat dərc edib.
“Qlobal iqlim proqnozları göstərir ki, növbəti 5 il ərzində temperaturun rekord səviyyədə və ya yaxın səviyyədə qalacağı, iqlim risklərini və onların cəmiyyətlərə, iqtisadiyyatlara və davamlı inkişafa təsirlərini artıracağı gözlənilir. 2025-ci ildən 2029-cu ilə qədər hər il üçün səthə yaxın qlobal illik orta temperaturun 1,2-1,9 dərəcə Selsi yüksək olacağı proqnozlaşdırılır” – deyə hesabatda qeyd olunub.
Hesabatda önümüzdəki beş ildə ən azı bir ilin sənayedən əvvəlki səviyyədən 1,5 dərəcə yuxarı olması ehtimalının 86 faiz olduğu vurğulanıb və 2025-2029-cu illər arasında beş illik orta istiləşmənin 1,5 dərəcədən çox olması ehtimalının isə yüzdə 70 olaraq təxmin edildiyi qeyd edilib.
“Hər əlavə istiləşmə dərəcəsi daha çox zərərli istilik dalğalarına, ekstremal hava şəraitinə, güclü quraqlıqlara, dəniz buzlarının və buzlaqların əriməsinə, okeanların istiləşməsinə və dəniz səviyyəsinin qalxmasına səbəb olur”, – hesabatda bildirilir.
Gundelik.az

