Gundelik.az Dünya Londonda istilər 263 nəfərin həyatına son qoyub
Dünya Xəbərlər

Londonda istilər 263 nəfərin həyatına son qoyub

Avropanın bir çox ölkələrində olduğu kimi Böyük Britaniyaya da təsir edən istilər səbəbindən Londonda təqribən 263 nəfər ölüb.

Gundelik.az xarici mediaya istinadən xəbər verir ki, London İmperial Kolleci və London Gigiyena və Tropik Tibb Məktəbinin (LSHTM) tədqiqatçıları müəyyən ediblər ki, bu ölümlərdən 173-ü birbaşa iqlim böhranının nəticəsidir.

“World Weather Attribution” qrupu tərəfindən dərc edilən araşdırmalar göstərir ki, iqlim böhranı Avropada istiliklə bağlı ölümləri üç dəfə artırıb.

Elm adamları iqlim dəyişikliyi baş verməsəydi, iyunun sonu və iyulun əvvəllərində Avropaya təsir edən temperaturun 1-4 dərəcə aşağı olacağını bildirirlər.

12 şəhərdə 2300 ölüm halı: onlardan 1500-ü iqlim böhranı səbəbindən baş verib

Araşdırma London, Paris, Madrid, Barselona və Roma da daxil olmaqla, Avropanın 12 böyük şəhərində aparılıb və ümumilikdə 2300 nəfərin istidən öldüyü müəyyənll edilib.

Bunlardan təxminən 1500-ü və ya 65 faizi insan fəaliyyəti nəticəsində yaranan qlobal istiləşmə ilə əlaqələndirilib.
Keçən həftə Londonda havanın temperaturu 34°C-ə çatıb və bu, Böyük Britaniyanın Səhiyyə Təhlükəsizliyi Agentliyinin lxəbərdarlıq etməsinə səbəb olub.

Səssiz, lakin ölümcül: ən çox yaşlılar təsirlənir

Tədqiqatda iştirak edən elm adamları istilik dalğalarının “səssiz, lakin dağıdıcı” olduğunu vurğulayaraq, hətta indiki 1,3°C-lik qlobal istiləşmənin də yaşlılar və həssas qruplar üçün ölümcül nəticələrə səbəb olduğunu bildiriblər.

Araşdırmalar zamanı məlum olub ki, istilər səbəbindən Londonda 263, Madriddə 317, Parisdə isə 235 nəfər həyatını itirib. Bu ölümlərin əksəriyyəti yaşlı yaş qruplarında baş verib. Mütəxəssislər qeyd ediblər ki, Avropada qocalmış əhali daha uzun, daha isti və daha tez-tez baş verən istilik dalğaları səbəbindən artan risk altındadır.

“İstilik qübbəsi” temperaturu artırır

Qeyd edilir ki, iyunun 23-dən iyulun 2-dək Avropa üzərində əmələ gələn yüksək təzyiqli “istilik qübbəsi” bölgədə isti və quru havanı sıxışdırıb və Şimali Afrikadan gələn isti hava kütləsi ilə birlikdə temperaturu qeyri-adi həddə çatdırıb.

Alimlər bu cür təhlillərin yalnız 12 şəhərdə aparıldığını və bu məlumatların Avropada istidən ölənlərin həqiqi sayının yalnız kiçik bir hissəsini əks etdirdiyini vurğulayıblar. Real rəqəmin on minlərlə ola biləcəyi ehtimal edilir.

Gundelik.az 

Exit mobile version