Gundelik.az Dünya Rubio Avropada: Ukrayna üçün təhlükəsizlik zəmanətləri üzrə “həssas diplomatiya” başlayır
Dünya Siyasət Xəbərlər

Rubio Avropada: Ukrayna üçün təhlükəsizlik zəmanətləri üzrə “həssas diplomatiya” başlayır

ABŞ dövlət katibi və prezidentin təhlükəsizlik məsələləri üzrə müşaviri Marko Rubio cümə axşamı Avropa rəsmiləri ilə Ukrayna üçün nəzərdə tutulan təhlükəsizlik təminatlarını müzakirə edəcək.

Gundelik.az xəbər verir ki, bu barədə “The New York Times” nəşri məlumat yayıb.

ABŞ administrasiyasının yüksək vəzifəli nümayəndəsi bildirib ki, danışıqlar “zərif diplomatik proses” xarakteri daşıyır və Rusiya ilə Ukrayna prezidentlərinin mümkün görüşü öncəsi təhlükəsizlik zəmanətlərinin formatını müəyyən etməyə xidmət edəcək.

Rubio bu prosesdə bir tərəfdən prezident Donald Trampın ABŞ qoşunlarının Ukraynaya yerləşdirilməyəcəyi barədə mövqeyini qoruyaraq, digər tərəfdən isə Ukrayna prezidenti Vladimir Zelenskini Vaşinqtonun dəstəyinə əmin etməyə çalışacaq. Eyni zamanda, o, Avropa müttəfiqlərini Trampın NATO çərçivəsində Ukraynanı müdafiə öhdəliyinə sadiq qalacağına inandırmalı olacaq.

Nəşrin məlumatına görə, təhlükəsizlik zəmanətləri Ukraynanın Qara dəniz və Dunay çayına çıxışının qorunması məqsədilə ABŞ-nin kəşfiyyat, müşahidə və digər hərbi-texniki dəstəyini əhatə edə bilər. Bununla yanaşı, sözügedən zəmanətlərin hüquqi qüvvəyə malik olması üçün Konqresin təsdiqinin tələb olunub-olunmaması məsələsi də müzakirə mövzusu olacaq.

Digər tərəfdən, ABŞ-nin vitse-prezidenti C.D. Vens Fox News telekanalına açıqlamasında bildirib:

“Bunun hansı formada olmasından asılı olmayaraq, əsas yük avropalıların üzərinə düşəcək. Bu onların qitəsi, onların təhlükəsizliyidir və prezident açıq şəkildə vurğulayıb ki, Avropa ölkələri səylərini artırmalıdır”.

Gundelik.az 

Exit mobile version