Dünya karbon emissiyasını azaltmasa, 2020-ci ildə doğulan 100 milyon uşaq həyatı boyu həddindən artıq istilik dalğalarına məruz qalacaq.
Gundelik.az xəbər verir ki, bu barədə “Save the Children” və Vrije Universiteit Brüssel tərəfindən nəşr olunan yeni araşdırma 1,5°C-dən çox qlobal istiləşmənin xüsusilə uşaqlar üçün ciddi nəticələrə səbəb olacağını vurğulayıb.
Araşdırmaya görə, 1,5°C qlobal istiləşmə hədəfi yerinə yetirilməsə, bu gün beş yaşında olan uşaqların 83%-i həyatları boyu təhlükəli isti dalğalarına məruz qalacaqlar.
Həddindən artıq istilik uşaqların inkişafını təhdid edir
Dünyada mövcud siyasət və öhdəliklərə görə, qlobal istiləşmə 2,7°C-yə çatmaq üzrədir. Bildirilir ki, bu ssenari baş tutsa, 2020-ci ildə doğulan uşaqların 83 faizi və ya təxminən 100 milyon uşaq həyatları boyu görünməmiş istilik dalğaları ilə üzləşəcək. Bu temperaturlar təmiz suya və qidaya çıxışı çətinləşdirir, məktəblərin bağlanmasına səbəb olur, uşaqların fiziki və əqli inkişafını təhlükə altına alır.
“Paris razılaşması çərçivəsində qarşıya qoyulan 1,5°C hədəfi yerinə yetirilərsə, bu rəqəm 62 milyona enər. Bu, 38 milyon uşağı təhlükəli isti dalğalarından qoruyacaq”, – araşdırmada qeyd olunur.
Uşaqları quraqlıq, sel, yanğın və tufanlar gözləyir
Tədqiqatçılar təkcə istilik dalğaları deyil, həm də quraqlıqlar, kənd təsərrüfatı məhsullarının itkiləri, çayların daşması, meşə yanğınları, həmçinin tropik fırtınaların uşaqlara təsirini modelləşdirib. Müvafiq olaraq 1,5°C artım ssenarisi ilə 2,7°C ssenarisi arasında ciddi nailiyyətlər əldə olunarsa, aşağıdakı ssenarilər reallaşa bilər:
8 milyon uşaq kənd təsərrüfatı məhsuldarlığının həddindən artıq itkisindən qorunacaq,
5 milyon uşaq görünməmiş çay daşqınlarından təsirlənməyəcək;
5 milyon uşaq tropik fırtınalardan sağ çıxacaq;
2 milyon uşaq quraqlıqdan əziyyət çəkməyəcək;
1,5 milyon uşaq meşə yanğınlarına məruz qalmayacaq.
Böhrana cavabdeh olmayan uşaqlar bunun bədəlini ödəyirlər
“Bu yeni araşdırma bir daha göstərir ki, böhrana görə məsuliyyət daşımayan uşaqlar ən ağır bədəli ödəyirlər. Amma hələ də ümid var. Əgər təcili və qətiyyətlə hərəkət etsək, 1,5°C hədəfinə çata bilərik. Bunun üçün isə uşaqları iqlim siyasətimizin mərkəzinə qoymalıyıq”, – “Save the Children” təşkilatının İqlim Məsləhətçisi Şruti Aqarval bildirib.
Təşkilatın beynəlxalq iqlim müdafiəsi üzrə müşaviri Martina Boqado Duffner donor ölkələrin yardım büdcələrinin kəsilməsinin vəziyyəti daha da pisləşdirdiyini qeyd edib: “Dünyada 200 milyon uşağın həyati yardıma ehtiyacı olduğu halda, bəzi zəngin ölkələrin yardım büdcələrini kəsməsi uşaqları daha da böyük təhlükə altında qoyur”.
“Save the Children”ın hesabatına görə, aşağı gəlirli ölkələr üçün iqlim maliyyəsi təhlükəli dərəcədə aşağıdır. 2023-cü ildə dərc edilmiş ilk uşaq mərkəzli iqlim maliyyəsi icmalına əsasən, əsas iqlim fondlarından gələn yardımın yalnız 2,4 faizi uşaqlar üçün fəaliyyətləri əhatə edir.
Gundelik.az

