Gundelik.az Elm və təhsil Ədəbiyyat AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ MÜSTƏQİL AZƏRBAYCAN RESPUBLİKASININ TARİXİ SƏLƏFİDİR
Elm və təhsil Ədəbiyyat

AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ MÜSTƏQİL AZƏRBAYCAN RESPUBLİKASININ TARİXİ SƏLƏFİDİR

Azərbaycanın çoxminillik dövlətçilik tarixində Azərbaycan Xalq Cümhuriyyətinin müstəsna yeri var

Azərbaycanın çoxminillik dövlətçilik tarixində Azərbaycan Xalq Cümhuriyyətinin yeri bir ayrıcalıq və özünəməxsusluq təşkil edir. Min illərlə ölçülən Azərbaycan dövlətçilik tarixində Manna, Midiya, Atropatena, Qafqaz Albaniyası və başqa dövlətlərin ölkəmizin dövlətçilik ənənələrinin yaranmasında mühüm xidmətləri var. Azərbaycan Atabəyləri hakimiyyəti və Səfəvilər dövrünün isə bu dövlətçilik tarixində yeri iftixarla anılır. Azərbaycan Atabəylərinin hakimiyyəti dönəmləri təkcə Azərbaycanın deyil, vahid idarəçilik və ərazi bütövlüyü çərçivəsində indiki Şərq aləmi və türk dünyasında böyük mədəni intibahın yaşandığı illər kimi iftixarla bəhs olunur. Səfəvilər dönəmi də Azərbaycanın mərkəz olmaqla böyük bir ərazini bir dövlət halında birləşdirərək böyük inkişaf və dirçəliş yaşandığı, ana dilimizin dövlətçilik dilinə çevrildiyi və böyük şah əsərlərin yarandığı zamanlardır. Səfəvilər dövlətinin dağıldığı Azərbaycanın xanlıqlara parçalanaraq idarə olunduğu zamanlar da milli dövlətçilik tariximizdə yer tutur. Bu dövrdə ayrı-ayrı xanlıqların Azərbaycanı birləşdirmək cəhdləri də ölkənin birliyinə, həmrəyliyinə göstərilən cəhdlərin müsbət hadisələridir. Bu baxımdan Səfəvilər hakimiyyətinin süqut edib ölkənin xanlıqlara parçalandığı və Azərbaycanın Rusiya tərəfindən işğal edilib idarə edildiyi bir neçə onilliklər ərzində Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, yaşaması və müasir dövlətçilik ənənələri formalaşdırması xüsusi əhəmiyyət kəsb edən mərhələdir.

Azərbaycan Xalq Cümhuriyyəti xalq hakimiyyətinə əsaslanan, parlament tipli, respublika quruluşlu, demokratik dövlət olaraq bütün Şərq aləmi və türk dünyasında ilk dəfə Azərbaycan xalqının bəşəri dəyərlərə sədaqətlə həyata keçirdiyi dövlətçilik nailiyyətidir

Azərbaycan Xalq Cümhuriyyəti dövləti Azərbaycanın çoxminillik dövlətçilik ənənələri üzərində yaranıb müstəqillik tarixindəki boşluğu dolduran və Azərbaycan xalqının dövlətçilik əzmini müvəffəqiyyətlə nümayiş etdirən bir faktdır. Çünki Azərbaycan Xalq Cümhuriyyətinin yaranması on illərlə davam edən milli oyanış və maarifçilik hərəkatının müsbət nəticələri üzərində yaranan, xalqhərəkatı, üsyanları və mübarizələrlə dolu bir ictimai-siyasi tarixi şəraitini doğurduğu məntiqi nəticə kimi Azərbaycan xalqının dövlətçilik əzmini nümayiş etdirir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev də haqlı olaraq Xalq Cümhuriyyətinin yaranmasını Azərbaycanda A.Bakıxanov, Q.Zakir, M.Vazeh, S.Ə.Şirvani, M.F.Axundzadə, H.Zərdabi, N.Vəzirov, C.Məmmədquluzadə, H.Cavid və başqalarının simasında görkəmli şəxsiyyətlərin fəaliyyət əzmləri ilə onilliklər boyu ənənə şəklini alan, bir hərəkata çevrilən maarifçiliyin doğurduğu uğurlu məntiqi nəticə kimi qiymətləndirirdi. Təsadüfi deyildi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən verilən sərəncamlarda da məhz bu ictimai zəmin öz təsdiqini tapmışdır ki, “Azərbaycan Xalq Cümhuriyyətinin yaranması mürəkkəb siyasi dövrdə cərəyan edən hadisələrin və Azərbaycan xalqının milli oyanışının məntiqi yekunu idi”. Bu mənada Azərbaycan Xalq Cümhuriyyətinin yaranması zəminində müstəqillik idealları dayanan xalqın əzmkar mübarizə hərəkatı ilə milli ziyalıların birgə həyata keçirdikləri müstəqillik uğrunda ümumxalq mübarizəsinin nəticəsidir.

   XX əsrin əvvəllərində Rusiyada inqilab dalğası çarizmin hakimiyyət sütunlarını qırdıqdan,habelə I Dünya müharibəsi və Rus-Türk müharibələri Rusiyanı zəif saldıqdan sonra Qafqaza nəzarət itmiş, hökmü əsaslı surətdə sınmışdı. Belə bir vəziyyətdə Qafqaz xalqları vəziyyətdən istifadə edərək müstəqilliklərini elan etmə qərarını aldılar. Müvəqqəti olaraq yaradılmış Zaqafqaziya Seymi buraxıldıqdan dərhal sonra 1918-ci il may ayının 28-də Azərbaycan da öz müstəqilliyini elan etdi və bütün dünya ölkələrinə istiqlal aktını göndərdi. Beləliklə, Şərqdə və türk dünyasında ilk dəfə ilk konstitusiyalı dövlət quruluşu məhz Azərbaycanda elan olundu. Elan olunan İstiqlal bəyannaməsində müstəqil Azərbaycan Respublikasının yarandığı bəyan edilmiş, onun hakimiyyətinin şamil olduğu ərazilərin hüdudları müəyyən edilmiş, dövlətin əsas fəaliyyət prinsipləri və mövcudluq forması əksini  tapmışdı. Həmçinin istiqlal aktında demokratik dövlətə məxsus atributların – hakimiyyətin xalqa mənsub olması, vətəndaşların mülki və siyasi hüquqlarının təmin edilməsi, bütün xalqların və hər bir vətəndaşın milli, dini, sinfi, silki və cinsi mənsubiyyətindən asılı olmayaraq azad inkişafı üçün şərait yaradılması, ən nəhayət hakimiyyətin bölünməsi kimi prinsiplərin dövlət fəaliyyətinin əsası kimi elan edilməsi Azərbaycan xalqının suveren, demokratik, hüquqi yaratmaq əzmində olduğunu bütün bəşəriyyətənümayiş etdirdi. Necə ki qısa tarixi bir fasilədən sonra Azərbaycan xalqı dahi lideri Heydər Əliyevin siyasi zəkası və bacarığı sayəsində bir daha azadlıq və dövlətçilik əzmini nümayiş etdirdi və müstəqilliyini elan etdi. Bu mənada Azərbaycan milləti hər iki tarixi hadisədə kulturnation – millət- mədəniyyət statusundan tamamilə başqa bir siyasi-hüquqi və mənəvi-psixoloji statusa – Statenation – millət-dövlət statusuna malik olduğunu göstərdi. İstiqlal bəyannaməsi elan olunan vaxtdan yaranmış Azərbaycan dövləti ən çətin, mürəkkəb, ictimai-siyasi və psixoloji vəziyyətdə fəaliyyət göstərdi. Milli hökumət öz fəaliyyəti dönəmində bir sıra  taleyüklü tədbirlər həyata keçirməyə nail oldu. Birinci növbədə dövlətin möhkəmləndirilməsi, tanıdılması və fəaliyyətinin qurulması istiqamətində görülən işlər milli dövlətçilik ənənələrimizin bərpası və zənginləşməyinə misilsiz xidmətlər qatdı. Hər şeydən əvvəl elan olunan və yaranan bu dövlət özünün xalq hakimiyyətinə əsaslanan, parlament tipli, respublika quruluşlu, demokratik dövlət olaraq bütün Şərq aləmi və türk dünyasında ilk dəfə Azərbaycan xalqının bəşəri dəyərlərə sədaqətlə həyata keçirdiyi mübarizə əzmini və dövlətçilik qüdrətini nümayiş etdirdi. Qısa müddət ərazində dövlət atributları istiqamətində görülən işlər – Dövlət bayrağının təsisi, Dövlət himninin təsdiq edilməsi, dövlət sərhədlərinin müəyyənləşdirilməsi sahəsində həyata keçirilən tədbirlər, ana dilinin dövlət dili elan olunması və sair işlərgələcək, müasir, müstəqil Azərbaycan Respublikasına ötürülən ən böyük miras idi. Bütün Şərq aləmi və türk dünyasında qadına seçib-seçilmək kimi hüquqlarının verilməsi də ilk dəfə Azərbaycan dövlətinin
həyata keçirdiyi ciddi nailiyyətlərdən idi. Azərbaycanın ərazi bütövlüyü uğrunda başladılan mübarizə də dövlətçiliyimiz üçün mühüm əhəmiyyət kəsb edirdi. Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski kimi əvəzsiz hərbi sərkərdələrin rəhbərliyi atlında başladılan milli ordu quruculuğu bütövlükdə Azərbaycan hərb sənətinin və döyüş əzminin yaşadılmasına böyük imkanlar açdı. Hərbi kadrların yetişdirilməsinə işinə Gəncədə fəaliyyət göstərən kiçik podproporşik məktəbinin Hərbiyyə məktəbinə çevrilməsi ilə davam edildi. Erməni-bolşevik hərbi birləşmələrinə qarşı aparılan mübarizə qüdrəti Azərbaycan milli ordusunun döyüş əzmini təzahür etdirirdi.

   Milli hökumət milli kadr hazırlığı istiqamətində də mütəşəkkil işlər həyata keçirildi. Milli təhsil sisteminin hazırlanmasına nail olunmaqla bərabər 1919-cu ildə Bakı Dövlət Universitetinin də yaranmasına nail olundu. Xarici ölkələrə tələbələr göndərildi. Dövlət üçün xüsusi əhəmiyyət kəsb edən yeni maliyyə sisteminin formalaşdırılmasına çalışmalar başladıldı. Xarici siyasət sahəsində də başda Azərbaycana ciddi təhlükə yaradan Rusiya olmaqla digər ölkələrlə danışıqlar aparılmasına, sülh və dəstək alınmasına səy göstərildi. Bütün bunların nəticəsində isə Ə.Topçubaşıov, F.Xoyski və digər görkəmli şəxsiyyətlərin mahir diplomatik fəaliyyəti, siyasi maneraları ilə çoxminillik Azərbaycan diplomatiyası ənənələri yaşadılmaqla bərabər davam və inkişaf etdirildi. Hakimiyyətin xalq enməsi və təbliği istiqamətində “Azərbaycan” qəzetinin fəaliyyətinə start verildi. Əhməd Cavad, demək olar, bütün yaradıcılığını Azərbaycan Xalq Cümhuriyyətinin tərənnümünə həsr edən qüvvətli sənətkar idi. 1919-cu ildə yaradılan “İstiqlal” muzeyi də Azərbaycanda muzey ənənəsinin yaradılması baxımından qiymətli fakt təşkil edirdi. Beləliklə, Milli hökumət tərəfindən həyata keçirilən çoxsaylı dövlətçilik tədbirləri Azərbaycanın dövlətçilik ənənəsi və müstəqillik əzminin yaşamasına böyük töhfələr verdi və habelə əvəzsiz miras ortaya qoydu. İşğalçı Rus qoşunlarının Azərbaycana gəlişi ilə 23 ay ömür sürən Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə, yəni Azərbaycan xalqının müstəqilliyi və azadlığına son qoyulsa da, bu ideyalar yaşadıldı, Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin əzmi sayəsində Azərbaycanın dövlət müstəqilliyinin bərpasına nail olundu.

   Naxçıvanda yaradılan Araz-Türk Respublikası Azərbaycanın ərazi bütövlüyü daxilində Naxçıvanın qorunması istiqamətində qəhrəman naxçıvanlıların təşkil etdiyi bir məqsəd idi Bu da xüsusilə qeyd edilməlidir ki, Naxçıvanın Azərbaycanını əsas hissəsindən ayrı salınması planı ermənilər və onların himayədarları tərəfindən bu illərdə əsası qoyuldu. Naxçıvanı ələ keçirmək istiqamətində erməni daşnaqı Andronikin, Dronun və Nidjenin başçılıq etdikləri hərbi birləşmələrin törətdikləri kütləvi qırğın və soyqırımı aktları qəhrəman naxçıvanlıların mübarizə əzmini qırmadı Naxçıvanlılar öz vətənləri və Azərbaycanın ərazi bütövlüyü uğrunda kütləvi olaraq qətiyyətli mübarizəyə keçdilər. Azərbaycan Xalq Cümhuriyyətinin parlamentində səsləndirildiyi və ayrı-ayrı sənədlərdə də əks etdirildiyi kimi, Naxçıvanın qorunması və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması istiqamətində hökm sürən məsələləri “qəhrəman naxçıvanlılar və igid şərurlular özləri həll etdilər”. Naxçıvanda yaradılan və qısa müddət ərazində fəaliyyət göstərən Araz-Türk Respublikası da Naxçıvanın qorunması və Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizənin aparılması üçün qəhrəma naxçıvanlıların təşkil etdiyi bir məqsəd idi. Zəngəzurun ermənilər tərəfindən alınması Naxçıvanın Azərbaycanın əsas hissəsindən ayrı düşməsinə gətirib çıxardı ki, bu da Naxçıvanın Azərbaycana aidliyini təmin etmək məqsədilə muxtariyyət hüququnun əldə edilməsini vacib problem olaraq ortaya qoyurdu. Bu baxımdan Naxçıvanı erməni iddialarından xilas etmək və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində statusunun həll edilməsində məharətli diplomatlarımızın sayəsində əldə edilən muxtariyyət hüququ və yaradılan Naxçıvan Muxtar Respublikası ictimai-tarixi zərurət idi. Bu baxımdan Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev uzaqgörənliklə deyirdi ki, əgər Zəngəzur əldən getməsə idi, heç Naxçıvanın muxtariyyətinə də ehtiyac olmazdı.

“Müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir”

“Müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir” deyən ulu öndər Heydər Əliyev Azərbaycanın müstəqillik tarixini daha öncələrə müəyyənləşdirməklə bərabər, həm də Şərq aləmində, o cümlədən türk dünyasında Azərbaycan dövlətçiliyinin oynadığı rolu bir az da artıq
aydınlığa çıxardı. “Müstəqilliyimizin əbədi və dönməzliyi üçün” bütün varlığı ilə çarpışan ümummilli lider Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə xüsusi önəm verirdi. Belə demək mümkünsə, AXC-nin müstəqilliyimizin və dövlətçiliyimizin əldə olunmasında göstərdiyi tarixi
nailiyyətləri ulu öndər Heydər Əliyev özünün böyük zəkası, nadir siyasi uzaqgörənliyi və mahir diplomatiyası, siyasi fəaliyyəti ilə tarixi-təcrübi isbata – varisliyə çevirdi və Azərbaycanın müstəqilliyini yenidən tarixi reallığa çevirməklə “Müstəqilliyimiz əbədi və dönməzdir” hikməti, qətiyyəti və amalı kimi təsdiqlətdi. Bundan başqa Azərbaycan Respublikası ilə Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisliyinə əhəmiyyətlə yanaşan ümummilli lider Heydər Əliyev həm də təcrübədə bunu əsaslandırmaqla və həyata keçirməklə Azərbaycan Xalq Cümhuriyyətinin nailiyyətləri kimi qiymətləndirdiyi bir sıra tarixi nailiyyətləri müstəqil Azərbaycan Respublikasında müəyyən tarixi günlər olaraq təsbit etdirdi.

Ulu öndər Heydər Əliyev Azərbaycanının dövlətçilik tarixində mühüm xidmətlər göstərmiş Azərbaycan Xalq Cümhuriyyətinə böyük qiymət verirdi, həm dövlətə, həm də onun yaranmasına böyük əmək sərf etmiş adamlara yüksək həssaslıqla layiqincə qiymət verir, “Azərbaycan Xalq Cümhuriyyəti yaşadığı dövrdə böyük işlər görmüşdür. Ən əsası ondan ibarətdir ki, dünyanın bütün Şərq, müsəlman aləmində ilk dəfə Azərbaycanda demokratik üsul-idarə prinsiplərinə əsasən dövlət, hökumət yaratmış, beləliklə də Azərbaycanda həm müstəqilliyin əsasını qoymuşlar, həm də Azərbaycanda demokratiyanın, demokratik dövlət üsul-idarəsinin əsasını qoymuşlar. Bunlara görə və bütün başqa sahələrdə göstərdiyi xidmətlərə görə Azərbaycan Xalq Cümhuriyyətinin qısa bir zamanda gördüyü işlər yüksək qiymətləndirilir. Ümilvaram ki, bu dövr Azərbaycanın tarixində parlaq səhifələr kimi daim yaşayacaq və gələcək nəsillər də ilk Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə yüksək qiymət verəcəklər” deyirdi. Buna görə də müstəqil Azərbaycan Respublikasının Silahlı Qüvvələr günü olaraq 26 iyun müəyyənləşdirildi. Habelə digər dövlət əhəmiyyətli sahələrin peşə bayramı günləri də məhz AXC dövründə yaranma tarixləri ilə həyata keçirilməklə bu varislik yüksək ənənələrlə davam etdirilmiş oldu. Ulu öndərimizdən sonra da Azərbaycan Xalq Cümhuriyyətinin şamlı tarixinin uca tutulması yüksək qayğı ilə davam etdirildi. Uzaqgörən dövlət başçısı cənab İlham Əliyevin xalqın inadlı tələbi ilə ölkəmizin prezidenti seçilməsilə hər sahədə yeni mərhələ başlandı. Bu mənada Azərbaycan Xalq Cümhuriyyətinə ehtiram da başlıca yerdə gəldi. Cənab İlham Əliyevin 15 fevral 2008-ci il tarixli sərəncamı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik, 2018-ci ildə isə 100 illik şanlı yubileylərinin böyük təntənə ilə qeyd edilməsi haqqındakı tarixi əhəmiyyətli sərəncamları məhz bu ehtiramı bariz nümayiş etdirdi. Habelə AXC dövründə üçrəngli ay-ulduzlu bayrağımızın qaldırıldığı 9 noyabr tarixini müstəqil respublikamızın Bayraq Günü elan olunması da bu ənənəyə yeni əhəmiyyətli rəng qatdı. Bundan başqa milli oyanış və dirçəlişdə mühüm xidmətləri ilə xatırlanan görkəmli ziyalı Əli bəy Hüseynzadənin 150 illik yubileyinin, Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin görkəmli simalarından olan Məmməd Əmin Rəsulzadənin 130 illik, Əhməd bəy Ağaoğlunun 150 illik yubileylərinin keçirilməsi haqqında verilən sərəncamlar da tarixi keçmişə və mühüm xidmətləri olan görkəmli simalara göstərilən dövlət qayğısı və ümumxalq ehtiramının bariz ifadəsi kimi razılıq doğurur. “Azərbaycan Xalq Cümhuriyyəti” Ensiklopediyasının nəşri də milli dövlətçilik tarixinə böyük ehtiramın və sədaqətin nümunəsidir. Beləliklə, müstəqilliyin bərpa edildiyi və ulu öndərin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışından sonrasiyasi varislik tam mənası ilə özünü davam və inkişaf etdirmişdir.

“Cümhuriyyətin tarixi təcrübəsi göstərir ki, dövlət müstəqilliyini və suverenliyini əldə etmək kifayət deyil, həm də onu bütün vasitələrlə qorumaq və möhkəmləndirmək lazımdır”, – deyən ulu öndər Azərbaycan Xalq Cümhuriyyətinin siyasi talesizliyi timsalında izah edərək siyasətin ən böyük və əsas məsələsini bildirirdi ki: “İndiki Azərbaycan dövlətinin yeritdiyi siyasət, qazanılan uğurlar belə bu fikri əminliklə söyləməyə əsas verir ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə itirdiyimiz müstəqilliyi bir də heç zaman əldən verməyəcək, onu qoruyub saxlayacaq, dönməz, sarsılmaz və əbədi edəcəyik”.

Bu mənada ulu öndər Heydər Əliyevin böyük uzaqgörənliyi və misilsiz tarixi xidmətləri ilə əldə olunan müstəqil Azərbaycan dövləti Azərbaycan Xalq Cümhuriyyəti ilə siyasi varisliyini təsbit etdi. Bu gün ölkəmizin əzmkar və uzaqgörən dövlət başçısı cənab İlham Əliyevin liderliyi altında yazılan möhtəşəm tarix isə bu ənənələrin davamına yeni və möhkəm ardıcıllıq gətirir, onu zənginləşdirir və daha da sarsılmaz, dönməz edir. Yaranmasının 100 illiyini böyük təntənə ilə qeyd edən Naxçıvan Muxtar Respublikası da öz inkişaf və dirçəlişi ilə bu tarixə yeni bir uğurlu salnamə yazır.

        Müstəqilliyin varisləri və xələflərin Böyük Zəfəri

Azərbaycan Xalq Cümhuriyyəti milli dövlətçilik tariximizdə qısa ömründə bir çox nailiyyətlərlə yaddaqalan işlər görsə də, dövrün ikiüzlü siyasəti və iradəsinə yenik düşərək Qərbi Azərbaycan ərazisinin ermənilər tərəfindən işğalına və erməni dövlətinin yaranmasına müqavimət göstərə bilmədi. Bunun nəticəsində müxtəlif illərdə Qərbi Azərbaycanın azərbaycanlı sakinləri erməni zülmünün nəticəsi olaraq öz ata-baba yurdundan zorla çıxarılmağa, deportasiya və soyqırıma məruz qaldı. Orada qalan Azərbaycan yer adları, tarix və mədəniyyət abidələri darmadağın edildi və ya saxtalaşdırıldı. Bu azmış kimi 1990-cı illərdə ermənilər Qarabağa həmlə edərək Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaranması üçün həyasızcasına müharibə apardı. Nəhayətində minlərlə Azərbaycan övladının ölümü, faciəvi hadisələr, soyqırımı aktları baş verdi. Lakin zülm yerdə qalmadı. Qaniçən və nankor erməni zülmünə layiqli cava verən lider doğuldu və Müstəqil Azərbaycanın ləyaqətli Prezidenti olaraq uzaqgörən qərarları və məharətli diplomatiyası ilə Azərbaycan xalqına haqqını qazandırdı. Azərbaycanın Birinci Qarabağ müharibəsi kimi tarixə yazılan qanlı müharibənin ilk mərhələsində Azərbaycan xalqının sarsılmayan iradəsi, tükənməyən qeyrəti, nəhayətsiz qəhrəmanlığı və göstərdiyi el birliyinə baxmayaraq siyasi və hərbi dəstək etibarilə tamamilə tək və tənha buraxılmış Azərbaycan qüdrətli dövlətlərin ikiüzlü siyasəti və Ermənistana hərbi-siyasi dəstəyi nəticəsində məğlub düşdü. Hələ bu azmış kimi də 20 min şəhid verdi, 20 faiz torpaqları işğal edildi, Xocalı kimi misligörünməmiş soyqırımı faciəsini yaşadı və əlbəttə, dərindən sarsıldı, sınıq düşdü. Amma mübarizə əzmi, torpaq sevgisi, vətən bütövlüyü idealı ölmədi, yaşadı və xalqımızı daha da güclənməyə, ölkəmizin qüdrətlənməsinə sövq etdi.

  Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev xalqın təkidli tələbilə siyasi hakimiyyətə gələndən sonra ölkəmiz günü-gündən inkişaf yoluna qədəm qoydu. Azərbaycan dövləti qüdrətli ordu yaratmaq uğrunda ciddi işlər həyata keçirdi. Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasi kursu, doğru və faydalı əməkdaşlıqları sayəsində müdafiə qüdrətli, bütün hərbi tapşırıqları uğurla həyata keçirə bilən, hər cür müasir silah və sursatla təmin edilmiş Milli Ordu – Silahlı Qüvvələr fomalaşdırıldı. Heydər Əliyev siyasi kursunun layiqli davamçısı olan İlham Əliyevin ölkəmizə Prezident seçilməsilə başlanan yeni mərhələ dövlətimizə daha böyük imkanların qazandırılması müvbarizəsi ilə davam etdi. Ulu öndərin xeyir-duası, Azərbaycan xalqının birmənalı dəstəyi, güvəni ilə Prezident İlham Əliyev ölkəmiz üçün taleyüklü məsələlərin həllində daha prinsipiallıq və uğurlu, nəticəli siyasi kurs götürərək ölkəmizə böyük nailiyyətlər qazandırdı. Əlbəttə, bu nailiyyətlər 44 günlük şərəf – Vətən müharibəsi dövründə özünü bütün əzəmətilə təcəssüm etdirdi. Bu həssas və çətin günlərdə məhz Prezident İlham Əliyevin ətrafında sıx birləşən, ona bütün varlığı ilə inanan həmrəy bir xalq, eləcə də Ali Baş Komandanının bütün tapşırıqlarını dərhal və uğurla yerinə yetirməyə qabil, qüdrətli Milli Ordu var idi və bu, uğurlu bir rəhbərliyin məntiqi nəticəsini əks etdirirdi. 44 günə iki yüz ilin problemini kökündən sarsıdaraq həll edən Vətən müharibəsi Azərbaycan xalqına Zəfər müjdəsi verməklə ona sevinc, qürur, məğrurluq bəxş etdi. Atalar və oğullarla birlikdə döyüşən Azərbaycan xalqı Vətən heysiyyəti və vətənpərvərliyini təzahür etdirdi. Bu müharibədə Müzəffər Ali Baş Komandanın həm də dərin və düzgün dostluq münasibətlərilə də aparılan uğurlu siyasi fəaliyyətə malik oldğu bir daha sərgiləndi. Qardaş Türkiyə Cümhuriyyətinin dəstəyi hər addımda hər şəkildə özünü təzahür etdirdi. Ermənilərin 30 ildə formalaşdırdıqları keçilməz sədləri inadla döyüşərək aşan Azərbaycan Ordusu mifik erməni ordusunu darmadağın edərək düşməni Ali Baş Komandanımızın dediyi kimi, “iti qovantək qovdu” və öz doğma, əzəli torpaqlarını düşmən tapdağından azad etdi. Hadrutdan başlayan Zəfər sevinci Şuşa qalasında Qələbə bayramı ilə tamamlandı. Azərbaycan xalqı Prezident-Xalq birliyi və uzaqgörən liderlik fəaliyyəti sayəsində Böyük Zəfərə nail oldu.

Artıq Azərbaycanda Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə Qərbi Azərbaycan Qayıdış proqramı  həyata keçirilir. Biz buna da əminik ki, xalq olaraq o doğma  torpaqlara mütləq və mütləq qaydacağıq!

Ramiz QASIMOV
AMEA Naxçıvan Bölməsinin əməkdaşı,
filologiya üzrə fəlsəfə doktoru, dosent

Gundelik.az 

Exit mobile version