Gün ərzində fərqinə varmadan dəyişən tənəffüs vərdişləri zamanla yorğunluq, narahatlıq və nəfəs çatışmazlığı hissini artıra bilir. Səthi və nəzarətsiz nəfəs alma yalnız enerjini azaltmaqla kifayətlənmir, həm də xroniki tənəffüs xəstəliklərində müalicənin effektivliyini belə azalda bilər.
Nəfəs… Həyatın ən səssiz, amma ən həyati hərəkəti… Üzərində çox düşünülməsə də, gün ərzində necə nəfəs alıb-verdiyimiz bədənin işləmə formasına birbaşa təsir edə bilir. Çox insan fərqinə varmadan səthi, tələsik və döş qəfəsinin yuxarı hissəsində qalan bir nəfəs alma vərdişi formalaşdırır. Bu dəyişiklik birdən olmur; zamanla yaranır, adi hala çevrilir və “normal” kimi qəbul edilir.
Məhz bu nöqtədə əsas sual ortaya çıxır: yanlış nəfəs alma vərdişi orqanizmdə necə təsir yaradır və uzun müddətdə nələri dəyişdirir? Süreyyapaşa Döş Xəstəlikləri və Döş Cərrahiyyəsi Təhsil və Araşdırma Xəstəxanasının Döş Xəstəlikləri üzrə mütəxəssisi Prof. Dr. İpek Özmenlə bu mövzunu müzakirə etdik.
Bütün orqanlar üçün vacibdir
Nəfəs alıb-vermək bütün orqanların işləməsi üçün lazım olan həyati bir dövrənin parçasıdır. Əgər bu dövrə kifayət qədər effektiv işləmirsə, bədən bunun siqnallarını verməyə başlayır. Prof. Dr. Özmen vəziyyəti belə izah edir:
“Nəfəs almağımızın məqsədi əslində bütün bədənimizə oksigenin daxil olmasını təmin etməkdir. Beləliklə, çirkli hava çıxır, oksigenli təmiz hava daxil olur. Beynimiz, ürəyimiz və bütün toxumalarımız buna ehtiyac duyur. Ona görə də düzgün nəfəs aldıqda bu toxumalara oksigen çatır. Əgər effektiv nəfəs almırıqsa, ilk olaraq tez yoruluruq, panikaya düşürük və nəfəs çatışmazlığını daha çox hiss edirik. Oksigenin bədəndə düzgün dövranını təmin etmədiyimiz üçün enerji səviyyəmiz də azalır.”
Nəfəs alma vərdişi niyə pozulur?
Bir çox insan düzgün texnikanı əslində heç öyrənmədən böyüyür. Bunun üzərinə bəzi fiziki problemlər də əlavə olunanda proses daha da mürəkkəbləşir. Zamanla insan bilmədən fərqli bir üsula keçir və bu da daimi vərdişə çevrilir.
Prof. Dr. Özmen deyir:
“Əslində bir çox faktor var. Birincisi, burun tıxanıqlığı… Burunda böyümə və ya burun keçidlərindən havanın keçməsi ilə bağlı problemlər olduqda ağızdan nəfəs almağa meyllənirik. Yaş artdıqca və bədən quruluşu dəyişdikcə də bu cür hallar ortaya çıxa bilir.”
Gündəlik həyatda problemlər yarada bilər
Başlanğıcda kiçik bir detal kimi görünən bu vəziyyət uzun müddətdə gündəlik həyatı təsir edə bilər. İnsan özünü tez yorulan biri kimi görməyə başlayır, hərəkətdən qaça bilər, sosial və fiziki fəaliyyətlərini məhdudlaşdıra bilər. Bu isə psixoloji gərginlik də yarada bilər.
Prof. Dr. Özmen bildirir:
“Uzun müddətdə insanın həyat keyfiyyətini azalda bilər. İnsan daha tez yorula bilər və fiziki fəaliyyətdən qaça bilər. Çünki tez yorulacağını düşünür. Stress yaranır, narahatlıq (anksiyete) formalaşır. ‘Nəfəsim çatmır, bunu edə bilmirəm’ kimi düşüncələr yaranır və gündəlik həyatını məhdudlaşdırmağa başlayır.”
Doğru üsulu tətbiq etmək çətin deyil
Düzgün nəfəs alma zamanı hava burundan alınmalı, döş qəfəsi və qarın nahiyəsinin genişləndiyi hiss olunmalı və nəzarətli şəkildə verilməlidir. Lakin qısa və nizamsız nəfəs alma müxtəlif problemlərə yol aça bilər. Xüsusilə hərəkət halında bu nəzarətsizlik daha çox hiss olunur.
Prof. Dr. Özmen xəbərdarlıq edir:
“Əgər qısa-qısa nəfəs alsaq və nəfəsimizi düzgün tənzimləməsək, daha çox hava udarıq. Çünki biz hər zaman oturmuruq, daim evdə olmuruq.”
Xroniki xəstələr üçün əhəmiyyəti daha böyükdür
Düzgün nəfəs alma xüsusilə xroniki tənəffüs xəstəlikləri olan insanlar üçün daha vacibdir. Çünki müalicənin bir hissəsi nəfəs alma texnikasından asılıdır. Düzgün üsul istifadə olunan dərmanların təsirinə də birbaşa təsir edir.
Prof. Dr. Özmen qeyd edir:
Sinə xəstəlikləri sahəsi olaraq biz xroniki ağciyər xəstələri ilə işləyirik. Astma, KOAH, bronxit və xroniki tənəffüs çatışmazlığı olan xəstələrdə düzgün nəfəs alma çox vacibdir.”
O əlavə edir:
“Çünki bu xəstələrin bəzi dərmanları inhalyasiya yolu ilə istifadə olunur və düzgün nəfəs texnikası tələb edir. Bundan əlavə, uzun müddətdə oksigen dəstəyi kimi cihazlardan istifadə oluna bilər. Biz bu xəstələrə xüsusi olaraq düzgün nəfəs texnikaları öyrədirik. Bunun üçün pulmonar reabilitasiya şöbəmiz var və burada fizioterapevtlərlə birlikdə xəstələrə rahatlaşdırıcı və düzgün nəfəs texnikaları öyrədilir.”
Mənbə:TRT Haber
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az

