Qısa müddətli fiziki məşq beyində yaddaşın formalaşmasına və məlumatların xatırlanmasına kömək edən xüsusi elektrik aktivliyi – “beyin dalğaları” (brain ripples) yarada bilər.
Hamımız bəzən adları, alış-veriş siyahısını və ya vacib imtahan üçün öyrəndiklərimizi unuduruq. Araşdırmalar göstərir ki, yeni məlumatları daha yaxşı yadda saxlamaq üçün sadə bir üsul var: bir neçə dəqiqə aerobik məşq etmək, məsələn, sürətli gəzinti və ya velotrenajorda məşq.
Aerobik məşqin yaddaşa təsiri
Alimlər müəyyən ediblər ki, aerobik məşqlər:
Yaddaşı və diqqəti gücləndirir;
Beynin qocalmağa həssas hissələrinin fəaliyyətini yaxşılaşdırır;
Zehni geriləmənin sürətini azalda bilər.
Xüsusilə, fiziki fəaliyyət beynin yaddaş və öyrənmə üçün vacib olan hipokamp adlanan hissəsini gücləndirir. Həftədə bir neçə dəfə orta intensivlikdə edilən məşqlərin hipokampın həcmini artırdığı müşahidə olunub.
Araşdırmalar həmçinin göstərir ki, öyrəndikdən təxminən dörd saat sonra gəzintiyə çıxmaq, məşqdən dərhal sonra idman etməklə müqayisədə, məlumatın daha yaxşı yadda qalmasına kömək edə bilər. Maraqlıdır ki, sadəcə dartınma (stretching) hərəkətləri eyni effekti göstərməyib.
Beyində nə baş verir?
Yeni tədqiqat zamanı alimlər 14 nəfərin beynində məşqdən dərhal sonra yaranan elektrik aktivliyini izləyiblər. Onlar yaddaşın möhkəmlənməsində mühüm rol oynayan kiçik elektrik impulsları – “beyin dalğaları”nın artdığını müşahidə ediblər.
Araşdırmaya rəhbərlik edən neyroalim Michelle Voss bildirir ki, bu dalğalar beynin məlumatları emal edib yaddaşa köçürməsinə kömək edir.
Tədqiqatda epilepsiya əməliyyatına hazırlıq keçən xəstələrin beyninə müvəqqəti yerləşdirilmiş elektrodlar vasitəsilə birbaşa ölçmələr aparılıb. Məşqdən sonra hipokampda və onun əlaqəli olduğu digər beyin sahələrində bu elektrik impulslarının daha çox və daha sinxron şəkildə meydana gəldiyi müəyyən olunub.
Qısa məşq belə faydalıdır
Alimlərin fikrincə, bu nəticələr insanların niyə öyrəndikdən sonra fiziki fəaliyyət etdikdə məlumatı daha yaxşı xatırladıqlarını izah edə bilər. Hətta çox qısa müddətli idman belə yaddaşa müsbət təsir göstərə bilər.
Daimi idmanın əlavə üstünlükləri
Mütəxəssislər vurğulayırlar ki, müntəzəm fiziki fəaliyyət:
Məşqdən sonra təxminən iki saat ərzində diqqəti artırır;
Özünü daha yaxşı hiss etməyə kömək edən dopamin hormonunun səviyyəsini yüksəldir;
Beyində yeni sinir əlaqələrinin yaranması üçün vacib olan BDNF (Brain-Derived Neurotrophic Factor) zülalının istehsalını artırır.
Araşdırmaya rəhbərlik edən Flaminia Ronca qeyd edir ki, insan nə qədər yaxşı fiziki formada olarsa, hər növbəti məşqin beyin üçün faydası da bir o qədər çox olur. Təxminən altı həftə ərzində müntəzəm məşq etmək sonrakı məşqlərin yaddaş və beyin fəaliyyətinə təsirini daha da gücləndirə bilər.
Mənbə:BBC
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az
