Yumurtalıq xərçənginin erkən aşkarlanmasında yeni ümid: Alimlər qan testi hazırlayıb
Alimlər yumurtalıq xərçənginin erkən mərhələdə aşkarlanmasına kömək edə biləcək yeni qan testi ilə bağlı ümidverici nəticələr əldə ediblər. Yeni araşdırma xüsusilə xəstəliyə irsi meyilliliyi olan qadınlar üçün mühüm perspektivlər vəd edir.
Gundelik.az xəbər verir ki, "Reuters"in məlumatına görə, tədqiqatçılar Tu-Stroma adlı RNT molekulunu ölçən qan testini araşdırıblar. Test yumurtalıq xərçəngindən əvvəl yarana bilən mikroskopik hüceyrə dəyişikliklərini – STIC-i müəyyənləşdirmək məqsədi daşıyır.
Araşdırmanın nəticələrinə əsasən, test STIC aşkarlanan qadınların 92,3 faizində müsbət nəticə göstərib. Sağlam qadınların isə 98,2 faizini düzgün müəyyənləşdirib.
Tədqiqatın ən diqqətçəkən tərəfi xəstəliyin inkişaf riski yüksək olan qadınlarda erkən xəbərdarlıq imkanlarının araşdırılmasıdır. Bu, gələcəkdə profilaktik tibbi qərarların qəbulunda həkimlərə əlavə məlumat verə bilər.
Bununla belə, mütəxəssislər nəticələrin hələ ilkin mərhələdə olduğunu vurğulayırlar. Yeni test hazırda gündəlik tibbi praktikada geniş istifadə üçün təsdiqlənmiş standart müayinə üsulu hesab edilmir.
Qeyd edək ki, yumurtalıq xərçəngində erkən aşkarlama xəstəliyin müalicəsi baxımından mühüm əhəmiyyət daşıyır. Alimlər yeni araşdırmanın gələcəkdə daha effektiv diaqnostika üsullarının hazırlanmasına töhfə verəcəyinə ümid edirlər.
Nuri
Gundelik.az