Alimlər 2600 il əvvəl insanların nə yediyini üzə çıxardılar – Qədim qablar böyük sirri açdı
Arxeoloqlar qədim insanların qidalanma vərdişləri ilə bağlı maraqlı kəşfə imza atıblar. Hindistanın cənubunda aparılan araşdırmalar nəticəsində təxminən 2600 il əvvəl istifadə edilmiş saxsı qabların qalıqlarında bitki mənşəli mürəkkəb molekullar və süd məhsullarının izləri aşkarlanıb.
Gundelik.az xəbər verir ki, bu barədə “Nature India” elmi nəşri məlumat yayıb.
Tədqiqatçılar Tamil Nadu ştatındakı Kiladi və Andhra-Pradeş ştatındakı Qottiprolu qədim yaşayış məskənlərindən əldə edilmiş saxsı qab parçalarını araşdırıblar. Tapıntılar e.ə. 600–100-cü illərə aid edilir.
Araşdırma zamanı alimlər yüksək dəqiqlikli kimyəvi analiz və rentgen mikrokompüter tomoqrafiyası üsullarından istifadə ediblər. Nəticədə qabların daxilində bitki mənşəli prosyanidin tetrameri adlı mürəkkəb molekul, eləcə də inək südünə aid lipid qalıqları müəyyən edilib.
Bu, qədim insanların qida hazırlama üsulları və süd məhsullarından istifadəsi ilə bağlı birbaşa kimyəvi sübutların əldə edilməsi baxımından mühüm nəticə hesab olunur.
Alimlərin fikrincə, tapıntılar həmin dövrdə Cənubi Hindistan əhalisinin kifayət qədər inkişaf etmiş qida emalı ənənələrinə malik olduğunu göstərir. İnsanlar bitki mənşəli məhsulları emal edir, süd məhsullarından qidalanmada istifadə edirdilər.
Tədqiqatın ən maraqlı tərəfi isə minilliklər əvvəl hazırlanmış yeməklərin izlərinin müasir elmi üsullarla üzə çıxarılmasıdır. Beləliklə, qədim saxsı qablar yalnız məişət əşyası deyil, həm də keçmişin kulinariya mədəniyyətini öyrənmək üçün mühüm mənbəyə çevrilib.
Qeyd edək ki, araşdırmanın nəticələri 29 oktyabr 2026-cı ildə “npj Heritage Science” jurnalında dərc olunub. “Nature India” isə bu elmi kəşr haqqında oktyabrın 31-də məlumat yayıb.
Nuri
Gundelik.az