Sənətin mərhəmətlə qovuşduğu ünvan – Yaqut Nuriyeva
“Mən öz Məkkəmi, Mədinəmi bu uşaqlara etdiyim yaxşılıqlarda tapıram”.
İnsan həyatında elə insanlar var ki, onlar öz istedadlarını yalnız şəxsi uğura çevirməklə kifayətlənmir, sahib olduqları bacarıqları başqalarının həyatına işıq salmaq üçün bir vasitəyə çevirirlər. Onların yaratdıqları əsərlər yalnız sənət nümunəsi deyil, həm də qəlbin, mərhəmətin və insan sevgisinin ifadəsidir. Çünki əsl sənət insanın ruhundan doğduğu kimi, əsl xeyirxahlıq da insanın mənəvi dünyasından qaynaqlanır.
Bəzən bir insanın əlləri ilə yaratdığı kiçik bir sənət əsəri başqa bir insanın həyatında böyük bir sevincə çevrilir. Bu zaman sənət öz estetik mahiyyətini aşaraq mənəvi dəyər qazanır, yaradıcılıq isə xeyirxahlıqla birləşir.
Gündəlik.az-ın budəfəki müsahibi Nuriyeva Yaqut Tofiq qızı da məhz belə insanlardandır. Mingəçevirdə dünyaya göz açan, uşaqlıq illərindən əl işlərinə, heykəltəraşlığa və dərziliyə maraq göstərən Yaqut xanım müxtəlif yaradıcılıq sahələrində öz bacarığını nümayiş etdirir. Lakin onu fərqləndirən yalnız sənətə olan sevgisi deyil. Təxminən on ildir ki, əl işlərindən əldə etdiyi gəliri inklüziv uşaqların sevincinə, ehtiyaclarına və sosial dəstəyinə yönəldir.
Onun üçün yaradıcılıq yalnız nəsə hazırlamaq, ortaya gözəl bir iş qoymaq deyil. Bu, həm də bir uşağın üzündə təbəssüm yaratmaq, çətinliklərlə üzləşən ailələrə mənəvi dayaq olmaq, insan həyatına toxunmaqdır. Yaqut xanımın müsahibədə səsləndirdiyi “Mən öz Məkkəmi, Mədinəmi bu uşaqlarda tapıram” fikri isə onun xeyriyyəçilik fəlsəfəsinin, həyata baxışının və mənəvi dünyasının ən təsirli ifadəsidir.
Onun sənət, insanlıq, mərhəmət və Vətən sevgisi haqqında düşüncələrini təqdim edirik.
— Yaqut xanım, əvvəlcə özünüzü oxucularımıza təqdim edərdiniz.
Mən, Nuriyeva Yaqut Tofiq qızı, Mingəçevir şəhərində anadan olmuşam, burada boya-başa çatmışam və təhsil almışam. Uşaqlıqdan yaradıcılığa böyük marağım olub. Hələ dördüncü sinifdə oxuduğum dövrdən əl işləri hazırlayır, heykəltəraşlıq və dərziliklə məşğul olurdum. Bu maraq zaman keçdikcə həyatımın ayrılmaz hissəsinə çevrildi.
— Bir neçə yaradıcılıq sahəsində fəaliyyət göstərirsiniz. Bu bacarıqlarınızı harada formalaşdırmısınız?
Bunu Allah vergisi hesab edirəm. Heç bir xüsusi təhsil almamışam, bütün bu bacarıqlarım həvəskar şəkildə formalaşıb. Artıq 49 yaşım var və uşaqlıqdan bu günə qədər sənətlə məşğulam. Rəssamlıq, heykəltəraşlıq, dərzilik və müxtəlif əl işləri hazırlamaq mənim üçün həm maraq, həm də böyük zövqdür. Hər bir işə sevgi ilə yanaşıram.
— Təxminən on ildir ki,yaradıcılığınızdan əldə etdiyiniz gəliri inklüziv uşaqlara dəstək üçün sərf edirsiniz. Bu xeyirxah fəaliyyət necə başlayıb?
Artıq on ilə yaxındır ki, əl işlərimdən qazandığım vəsaiti fiziki məhdudiyyətli və xüsusi qayğıya ehtiyacı olan uşaqların sevincinə və ehtiyaclarına yönəldirəm. Ümumilikdə 38 uşaqla bu istiqamətdə əlaqədəyəm. Onların ad günlərində, Yeni il və Novruz bayramlarında restoranlarda süfrələr təşkil edir, müxtəlif personajlar dəvət edərək uşaqlara unudulmaz anlar yaşatmağa çalışıram.
Bu fəaliyyət mənə böyük mənəvi rahatlıq verir. Çünki bilirəm ki, etdiyim kiçik bir yaxşılıq belə bir uşağın həyatında böyük sevincə çevrilə bilər.
— Yaqut xanım, bu uşaqlarla ünsiyyətinizdə sizi ən çox təsirləndirən nədir?
Bu uşaqların arasında ata himayəsindən məhrum olan, maddi çətinlik içində yaşayan ailələrin övladları da var. Elə analar var ki, kirayədə yaşayırlar, övladlarının aldıqları pensiya belə ailənin bütün ehtiyaclarını qarşılamağa kifayət etmir.
Mən onların həyatına toxunduqca özümü daha xoşbəxt hiss edirəm. Bəzən bir tikə çörək, kiçik bir hədiyyə, təşkil etdiyimiz bir bayram tədbiri onların üzündə təbəssüm yaradır. Mənim üçün ən böyük mükafat da elə budur.
— Müsahibəmizdə çox maraqlı bir fikir səsləndirdiniz: “Mən öz Məkkəmi, Mədinəmi bu uşaqlarda tapıram”. Bu fikrin arxasında hansı mənəvi düşüncə dayanır?
İnsanlar illərlə pul toplayaraq Məkkəyə, Mədinəyə getməyi arzulayırlar. Mən isə düşünürəm ki, insanın mənəvi rahatlığı yalnız bir məkana səfərlə ölçülmür. Mən öz rahatlığımı bu uşaqlara etdiyim yaxşılıqlarda tapıram. Onların sevincini görmək, ehtiyaclarına az da olsa kömək etmək mənə böyük xoşbəxtlik verir. Elə bilirəm ki, Allah məni bu dünyaya bu işləri görmək üçün göndərib. Mən də bacardığım qədər bu missiyamı yerinə yetirməyə çalışıram.
Bəs xeyriyyəçilik fəaliyyətinizə münasibətdə əsas həyat prinsipiniz nədir?
Mən öz sənətimi, Vətənimi, dövlətimi və bayrağımı çox sevirəm. Hər hansı bir əl işi hazırlayanda ona bütün sevgimi verirəm. Hesab edirəm ki, insan ilk növbədə Vətəninə, xalqına və insanlara sevgi ilə yanaşmalıdır. Bu sevgi insanın həm yaradıcılığında, həm də əməllərində özünü göstərməlidir. Mən də həyatım boyu sənətimlə məşğul olmağa və insanlara fayda verməyə çalışıram.
Gündəlik.az olaraq inanırıq ki, insanın böyüklüyü yalnız yaratdıqları ilə deyi bul, yaratdıqlarından başqalarının həyatına nə qədər sevinc bəxş edə bilməsi ilə də ölçülür. Yaqut xanımın fəaliyyəti sənətin mərhəmətlə birləşdiyi zaman necə böyük mənəvi dəyər qazandığının nümunəsidir.