ADMİU-da professor Fəridə Səfiyevanın “İrəvan tarixi sənədlərin dili ilə” kitabının təqdimatı keçirilib - FOTO

ADMİU-da professor Fəridə Səfiyevanın “İrəvan tarixi sənədlərin dili ilə” kitabının təqdimatı keçirilib - FOTO

Noyabrın 19-da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) universitetin kafedra müdiri, professor Fəridə Səfiyevanın ingilis dilində nəşr olunmuş “Irevan through the Language of Historical Documents” (“İrəvan tarixi sənədlərin dili ilə”) kitabının təqdimat mərasimi keçirilib.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetindən Gundelik.az-a verilən məlumata görə, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə çap olunan kitab İrəvanın tarixi və mədəni irsinin sənədlər əsasında araşdırılmasına həsr olunub.

Kitabda İrəvanın tarixində mühüm iz qoymuş on azərbaycanlı ailənin nəsil şəcərəsi, ictimai fəaliyyəti, elm, mədəniyyət və digər sahələrdəki xidmətləri araşdırılır. Nəşrdə həmin ailələrin tarixini əks etdirən müxtəlif tarixi sənədlərlə yanaşı, ailə sənədlərinə də yer verilib. Ayrı-ayrı ailələrin taleyi və fəaliyyəti fonunda bütöv bir dövrün sosial-mədəni mənzərəsini əks etdirən əsər İrəvanın Azərbaycanla bağlı tarixi irsinin öyrənilməsi, sənədləşdirilməsi və beynəlxalq elmi ictimaiyyətə çatdırılması baxımından xüsusi əhəmiyyət daşıyır.

Tədbiri universitetin prorektoru, dosent Sədaqət Əliyeva açaraq iştirakçıları və qonaqları salamlayıb, nəşrin elmi əhəmiyyəti barədə fikirlərini bölüşüb. Daha sonra sözü kitabın müəllifi, professor Fəridə Səfiyevaya verib.

Müəllif çıxışında kitabın ABŞ-ın Nyu-York və Vaşinqton şəhərlərində keçirilmiş ilk təqdimat mərasimləri barədə ətraflı məlumat verib. Həmin tədbirlərə aid fotoşəkil və slaydları nümayiş etdirən professor nəşrin beynəlxalq auditoriyaya təqdimatı, görüşlər zamanı səsləndirilən fikirlər və kitaba göstərilən maraqdan bəhs edib.

Fəridə Səfiyeva, həmçinin kitabın dünyanın ən böyük kitabxanalarından biri olan ABŞ Konqres Kitabxanasının kataloquna daxil edilməsini xüsusi vurğulayıb. O, bu hadisənin yalnız müəllifin elmi fəaliyyətinin mühüm uğuru deyil, eyni zamanda Azərbaycan tarixinin və milli-mədəni irsinin beynəlxalq miqyasda tanıdılması baxımından əlamətdar hadisə olduğunu bildirib.

Tədbirdə alim-tədqiqatçı, dosent Nazir Əhmədli və tədqiqatçı-hüquqşünas Səməd Vəkilov da çıxış ediblər. Natiqlər kitabın elmi-tarixi əhəmiyyətini yüksək qiymətləndirərək Qərbi Azərbaycanın tarixi və mədəni irsinin araşdırılmasının, bu istiqamətdə ərsəyə gələn elmi əsərlərin geniş ictimaiyyətə çatdırılmasının vacibliyini qeyd ediblər. Belə nəşrlərin tarixi yaddaşın qorunması və gələcək nəsillərə ötürülməsində mühüm rol oynadığını vurğulayıblar.

Universitetin Ədəbiyyat və dillər kafedrasının dosenti Fatimat Məmmədova çıxışında kitabın elmi və ictimai dəyərindən bəhs edib, müəllifin araşdırmalarını yüksək qiymətləndirib və ona gələcək elmi-yaradıcılıq fəaliyyətində yeni uğurlar arzulayıb.

Təqdimat mərasimi iştirakçıların müəlliflə xatirə şəkli çəkdirməsi ilə başa çatıb.

ADMİU-da professor Fəridə Səfiyevanın “İrəvan tarixi sənədlərin dili ilə” kitabının təqdimatı keçirilib (FOTO)

ADMİU-da professor Fəridə Səfiyevanın “İrəvan tarixi sənədlərin dili ilə” kitabının təqdimatı keçirilib (FOTO)

ADMİU-da professor Fəridə Səfiyevanın “İrəvan tarixi sənədlərin dili ilə” kitabının təqdimatı keçirilib (FOTO)

Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.