Gənc qız dörd il ərzində hər gününü eyni tarixdə yaşayıb
ABŞ sakini Keytlin Littl beyin silkələnməsi keçirdikdən sonra dörd ildən çox müddət ərzində hər səhər təqvimin 13 oktyabr 2017-ci il olduğunu düşünərək oyanıb.
Gundelik.az xəbər verir ki, bu barədə FOX8 məlumat yayıb.
Littl 2017-ci il oktyabrın 12-də məktəbdə keçirilən qaçış məşqi zamanı xəsarət alıb. Şagirdlərdən biri zarafat məqsədilə başqa bir qızı itələyib, nəticədə həmin qız təsadüfən alnı ilə Littlin gicgah nahiyəsinə zərbə endirib. Həkimlər qıza ağır beyin silkələnməsi diaqnozu qoyublar. Bu hadisə onda qeyri-adi yaddaş pozuntusuna səbəb olub.
Hadisədən sonra Littl yeni baş verənləri yadda saxlamaq qabiliyyətini itirib və bir neçə il ərzində faktiki olaraq eyni günü – xəsarət aldığı gündən sonrakı tarixi yaşayıb. Valideynləri qızlarına kömək etmək üçün çoxsaylı həkimlərə müraciət etsələr də, heç biri problemin həllini tapa bilməyib. Hətta mütəxəssislərdən biri qızın özünü xəstə kimi göstərdiyini ehtimal edib.
Çarəsiz qalan ailə jurnalistlərə müraciət etmək qərarına gəlib. Jurnalistlər qızın hekayəsini televiziya efirində işıqlandıraraq müxtəlif sahələrdən olan mütəxəssislərin diqqətini bu hadisəyə cəlb ediblər. Onların köməyi sayəsində 2022-ci ildə Littlin vəziyyəti yaxşılaşmağa başlayıb. O, yenidən yeni hadisələri yadda saxlaya bilib, lakin bəzi xatirələri indiyədək bərpa olunmayıb.
2026-cı ilin oktyabrında Littl ailə həyatı qurub. Bu hadisə uzun illər qızlarına qayğı göstərən valideynlərini xüsusilə sevindirib. Gənc qadın bildirib ki, valideynlərinin əzmkarlığı ona çətinliklərin öhdəsindən gəlməyi öyrədib.
Qeyd edək ki, daha əvvəl Hindistanda 45 il amneziyadan əziyyət çəkən kişinin növbəti bədbəxt hadisədən sonra yaddaşı bərpa olunub. Yeni xatirələri ona doğma ailəsi ilə yenidən qovuşmağa kömək edib.
Nuri
Gundelik.az