Müsabiqələr üçün yeni qaydalar - Mətbuat Şurasının komissiya sədrinin münasibəti
Azərbaycan Respublikası Media və Yayım Şurası tərəfindən media subyektləri və media nümayəndələri üçün keçirilən müsabiqələrin qaydalarına əhəmiyyətli yeniliklər edilib. Yeni qaydalara əsasən, onlayn media subyektlərinin qiymətləndirilməsində saytların oxunma göstəriciləri, sosial şəbəkələrdəki aktivliyi və texniki vəziyyəti də nəzərə alınacaq. Fərdi jurnalistlərin müsabiqələrində isə şəxsi sosial şəbəkə hesablarında yayımlanan materialların auditoriya ilə qarşılıqlı əlaqəsi qiymətləndiriləcək.
Mətbuat Şurası İdarə Heyətinin üzvü, qurumun Sosial media istifadəçiləri ilə əlaqələr komissiyasının sədri Hacıbəy Heydərli mövzu ilə bağlı Gundelik.az-a açıqlama verib.
O hesab edir ki, onlayn media subyektlərinin qiymətləndirilməsində sosial şəbəkə göstəricilərinin ayrıca meyar kimi nəzərə alınması müasir media reallıqlarına uyğun, müsbət və perspektivli yanaşmadır: "Çünki bu gün jurnalistika yalnız ənənəvi media platformaları ilə məhdudlaşmır. İnformasiya istehlakının böyük bir hissəsi sosial şəbəkələr üzərindən həyata keçirilir və media qurumlarının bu platformalarda təmsil olunmaları artıq zərurətə çevrilib.
Bu qərar, ilk növbədə, peşəkar jurnalistlərin sosial mediada daha da aktivləşməsinə stimul verəcək. Eyni zamanda, peşəkar media subyektlərinin sosial şəbəkələrə inteqrasiyasını sürətləndirəcək, onların daha geniş auditoriyaya çıxış imkanlarını artıracaq. Düşünürəm ki, bu yanaşma jurnalistləri yalnız xəbər hazırlamağa deyil, həm də hazırladıqları keyfiyyətli məzmunu müasir rəqəmsal platformalar vasitəsilə cəmiyyətə daha effektiv çatdırmağa təşviq edəcək.
Digər mühüm məqam isə sosial media məkanında peşəkarlığın güclənməsidir. Peşəkar jurnalistlərin və etibarlı media qurumlarının sosial şəbəkələrdə fəallığının artması qeyri-peşəkar, qeyri-etik və məsuliyyətsiz informasiya yayımının təsirinin azalmasına, ictimaiyyətin daha etibarlı informasiya mənbələrinə yönəlməsinə şərait yarada bilər".
O, xüsusilə vurğulayıb ki, burada söhbət ənənəvi jurnalistikanın sosial media ilə əvəzlənməsindən deyil, peşəkar jurnalistikanın rəqəmsal mühitdə daha güclü mövqeyə sahib olmasından gedir: "Müasir dövrdə keyfiyyətli jurnalistika auditoriyanın olduğu hər platformada təmsil olunmalıdır. Bu baxımdan, yeni qiymətləndirmə mexanizmini Azərbaycan mediasının rəqəmsal transformasiyası, rəqabət qabiliyyətinin artırılması və peşəkar jurnalistikanın sosial şəbəkələrdə mövqeyinin gücləndirilməsi istiqamətində mühüm addım hesab edirəm".