“Qiyamət radio stansiyası”nda ikinci gizli siqnal aşkarlandı – sirli tezlik üzə çıxdı

“Qiyamət radio stansiyası”nda ikinci gizli siqnal aşkarlandı – sirli tezlik üzə çıxdı

“Qiyamət radio stansiyası” kimi tanınan UVB-76 radiostansiyasının yalnız səsli deyil, həm də ayrıca tezlik üzərindən Morze əlifbası ilə teleqraf siqnalları ötürdüyü müəyyən edilib.

Gundelik.az xəbər verir ki, bu barədə stansiyanın yayımlarını izləyən “UVB-76 loqi” Telegram kanalı məlumat yayıb.

Kanalın müəllifləri radiostansiyanın Morze əlifbası ilə ötürdüyü siqnalları araşdırıblar. Məlum olub ki, teleqraf yayımları səsli mesajlardan bir neçə saniyə sonra başlayır. Morze əlifbası ilə ötürülən şifrəli məlumatlar səslə elan edilən mesajlarla üst-üstə düşür.

Teleqraf siqnalı bəzən UVB-76-nın səsli yayım tezliyində də eşidilir. Lakin onun ayrıca tezliyinin də olduğu bildirilir. “UVB-76 loqi” kanalının müəllifləri həmin tezliyin açıqlanmasından imtina ediblər.

Kanalın ehtimalına görə, səsli yayımların həyata keçirildiyi radio otağında operatorun yanında teleqraf aparatı da quraşdırılıb. Bu aparat 4625 kHz tezliyində yayımlanan səsli mesajları başqa tezlik üzərindən Morze əlifbası ilə təkrarlayır.

Qeyd edək ki, UVB-76 1976-cı ildən fəaliyyət göstərən qısadalğalı radiostansiyadır. Radiohəvəskarlar arasında daha çox “Vızıltı” (The Buzzer) adı ilə tanınır. Bunun səbəbi yayımların böyük hissəsini fasiləsiz səs-küy və xarakterik vızıltının təşkil etməsidir.

Radiostansiyanın efirində şifrəli mesajlar ötürülür. Sosial şəbəkə istifadəçiləri bu mesajları müxtəlif dünya hadisələri ilə əlaqələndirsələr də, onların real məqsədi barədə dəqiq məlumat yoxdur.

Daha əvvəl həvəskar tədqiqatçıların UVB-76 ilə müqayisə edilən yeni nömrəli radiostansiyanın ötürücüsünün yerləşdiyi yeri müəyyənləşdirməyə nail olduqları bildirilmişdi. Həmin radiostansiya ABŞ və İsrailin İrana zərbələrindən dərhal sonra fars dilində yayıma başlayıb.

Nuri
Gundelik.az

Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.