Peruda 1600 illik “Siklop məzarı” aşkarlandı - Qalıqlar alimləri heyrətləndirdi
Beynəlxalq arxeoloqlar qrupu Perunun Nasca yaylasında nadir anadangəlmə patologiyası olan bir körpənin dəfn edildiyi məzar aşkar edib. Söhbət tibbdə siklopiya adlanan anomaliya ilə doğulmuş körpədən gedir.
Gundelik.az xəbər verir ki, bu barədə “Haaretz” nəşri məlumat yayıb.
Aşkarlanan dəfn mərasiminin eramızın 325–440-cı illərinə aid olduğu müəyyənləşdirilib.
Arxeoloqlar keramika qabın içərisində iki körpənin qalıqlarını aşkar ediblər. Onlardan biri – inkişaf qüsuru olan qız uşağı qabın dibində, heç bir anomaliyası olmayan digər körpə isə onun üzərində dəfn edilib.
Alimlər anomaliyanın təbii mənşəli olduğunu da təsdiqləyiblər. Genetik analiz nəticəsində “siklop” körpədə 13-cü xromosomun əlavə nüsxəsi aşkarlanıb. Bu genetik pozuntu Patau sindromu kimi tanınır.
Maraqlıdır ki, dəfn mərasimi Nasca mədəniyyətinin ənənəvi adətlərinə uyğun həyata keçirilib. Tədqiqatçıların fikrincə, bu fakt körpənin qeyri-adi xarici görünüşünün onun dəfn qaydalarının dəyişdirilməsinə səbəb olmadığını göstərir.
Siklopiya təxminən hər 100 min doğuşdan birində rast gəlinən son dərəcə nadir anadangəlmə patologiyadır. Əksər hallarda bu vəziyyət düşük və ya ölü doğuşla nəticələnir.
Kaliforniya Universitetinin Santa-Kruz kampusundan olan tədqiqatçı Lars Feren-Şmits bildirib ki, körpənin diri doğulduğuna əmindirlər, lakin onun çox qısa müddət yaşadığı ehtimal olunur.
Alimlər qız uşağının doğuşdan sonra dəqiq nə qədər yaşadığını müəyyənləşdirə bilməyiblər. Bununla belə, çənə sümüyünün inkişaf vəziyyəti onun müəyyən müddət ərzində müstəqil nəfəs almış və qidalanmış ola biləcəyini göstərir.
DNT analizinin digər maraqlı nəticəsi də ortaya çıxıb. Məlum olub ki, keramika qabda dəfn edilən iki körpənin anaları fərqli olub və onlar ana xətti üzrə bacı deyillər.
Qeyd olunur ki, siklopiya anomaliyasına əvvəllər əsasən heyvanlarda rast gəlinib. Nasca bölgəsindəki bu arxeoloji tapıntı isə insanlarda belə patologiyanın mövcudluğuna dair ilk təsdiqlənmiş hallardan biri, ehtimal ki, ilk arxeoloji nümunə hesab olunur.
Xatırladaq ki, bundan əvvəl müxtəlif ölkələrdən olan tədqiqatçılar ötən əsrdə İtaliyanın cənubunda skeletləri aşkarlanmış ana və qızın xəstəliyinə diaqnoz qoymuşdular. Hər iki qadında NPR2 genində mutasiya müəyyən edilib. Bu mutasiya akromezo-melik displaziyanın inkişafına səbəb olub.
Nuri
Gundelik.az