Nigar Məmmədova: “YAP-ın qarşısında dayanan əsas missiya yeni strateji hədəflərə çatmağa töhfə verməkdir”
Yeni Azərbaycan Partiyasının (YAP) Azərbaycanın müasir tarixindəki yeri və rolu müstəsna əhəmiyyətə malikdir. 1992-ci il noyabrın 21-də yaradılan Partiya ölkənin ən ağır siyasi böhranla üzləşdiyi bir dövrdə meydana gəldi. Həmin vaxt ölkədə hökm sürən siyasi anarxiya, hakimiyyət uğrunda mübarizə, iqtisadi tənəzzül, Ermənistanın hərbi təcavüzü və torpaqlarımızın işğalı Azərbaycanın dövlət kimi mövcudluğunu sual altına almışdı. Belə mürəkkəb şəraitdə 91 nəfər tanınmış ziyalının Ümummilli Lider Heydər Əliyevə müraciəti ilə yeni siyasi təşkilatın yaradılması təşəbbüsü irəli sürüldü. Bu müraciət əslində xalqın xilası və güclü dövlətçilik arzularının siyasi ifadəsi idi.
Ulu Öndər Heydər Əliyev müraciətə cavabında yeni partiyanın yaradılmasını tarixi zərurət kimi qiymətləndirdi. Beləliklə, Naxçıvanda keçirilən təsis konfransında Yeni Azərbaycan Partiyası yaradıldı və Heydər Əliyev partiyanın sədri seçildi.
Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayında da bəyan etdiyi kimi, “Yeni Azərbaycan Partiyasının yaradılması, xalqın tələbi idi”. Yəni, YAP Azərbaycanın xilası və müstəqil dövlətçiliyinin qorunması zərurətindən meydana gəldi.
1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin xalqın tələbi ilə siyasi hakimiyyətə qayıdışı və Prezident seçilməsi ölkəmizin taleyində dönüş nöqtəsi oldu. Dövlət çevrilişi cəhdlərinin, separatçılıq meyilləri və vətəndaş müharibəsi təhlükəsinin qarşısı alındı, ölkədə siyasi sabitliyin əsası qoyuldu. Ulu Öndərin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycan beynəlxalq təcriddən çıxdı, iqtisadi islahatlara başlanıldı. “Əsrin müqaviləsi”nin imzalanması, xarici investisiyaların ölkəyə cəlb edilməsi və Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmləndirilməsi müstəqil dövlətin gələcək inkişaf strategiyasını müəyyənləşdirdi.
Təsadüfi deyil ki, Prezident İlham Əliyev VIII Qurultaydakı çıxışında bu tarixi mərhələyə qiymət verərkən YAP-ın yaranması ilə Azərbaycanın gələcək qələbələri arasında birbaşa əlaqə olduğunu vurğulayıb. Dövlət başçımızın da söylədiyi kimi, “bizim qələbələrimizin başlanğıcı məhz Yeni Azərbaycan Partiyasının təsis qurultayı və ondan sonrakı dövr idi”. Həqiqətən də hadisələrin gedişi təsdiqlədi ki, partiyanın tarixi missiyası müasir Azərbaycan dövlətçiliyinin təməllərinin möhkəmləndirilməsi ilə birbaşa bağlıdır.
2003-cü ildən etibarən Prezident İlham Əliyevin rəhbərliyi ilə bu siyasi kurs yeni inkişaf mərhələsinə qədəm qoydu. İqtisadiyyatın şaxələndirilməsi, enerji və nəqliyyat layihələrinin reallaşdırılması, müdafiə sənayesinin inkişafı, güclü ordunun formalaşdırılması və beynəlxalq tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi Azərbaycanın regional və qlobal mövqelərini əhəmiyyətli dərəcədə gücləndirdi. Nəticədə ölkəmiz həm iqtisadi, həm də siyasi və hərbi güc baxımından yeni keyfiyyət mərhələsinə yüksəldi.
Bu inkişaf strategiyasının ən mühüm nəticəsi 2020-ci ildə Vətən müharibəsində əldə olunan tarixi Zəfər və 2023-cü ilin sentyabrında dövlət suverenliyinin tam bərpası oldu. Azərbaycan öz gücü, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə 30 illik işğala son qoydu. Bu tarixi hadisələr Azərbaycan dövlətçiliyinin gücünü, milli maraqların müdafiəsində siyasi iradənin həlledici rolunu nümayiş etdirdi.
YAP-ın fəaliyyətində mühüm istiqamətlərdən biri də ölkədə siyasi dialoqun və konstruktiv əməkdaşlıq mühitinin təşviqidir. Azərbaycanda siyasi partiyalar arasında təmasların genişləndirilməsi, müxtəlif siyasi qüvvələrin ümummilli məsələlər ətrafında bir araya gəlməsi və siyasi dialoq platformalarının formalaşdırılması bu baxımdan əhəmiyyətlidir. YAP-ın təşəbbüsləri ilə inkişaf edən bu təcrübə siyasi sistemin güclənməsinə və milli həmrəyliyin möhkəmləndirilməsinə xidmət edir. Çünki dövlətin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və təhlükəsizliyi kimi məsələlər bütün siyasi qüvvələrin ortaq məsuliyyətidir.
Prezident İlham Əliyevin VIII Qurultaydakı çıxışı partiyanın qarşısında dayanan yeni vəzifələri də müəyyənləşdirib. Dövlət başçımız ideoloji təhlükəsizlik məsələsinə xüsusi diqqət çəkərək bildirib ki, “ideoloji təhlükəsizlik də fiziki təhlükəsizlik kimi önəmlidir”. Bu isə siyasi partiyaların fəaliyyətinin həm də informasiya müharibələri, kiberhücumlar, xarici ideoloji təsirlər fonunda milli maraqların qorunmasına yönəlməsinin vacibliyini göstərir.
Güclü hərbi potensial, milli maraqlara əsaslanan müstəqil xarici siyasət ölkəmizin strateji inkişaf modelinin əsas komponentləridir. Eyni zamanda, Qarabağ və Şərqi Zəngəzurun bərpası, Böyük Qayıdışın sürətləndirilməsi, sosial rifahın yüksəldilməsi və insan kapitalının inkişafı yeni mərhələnin prioritetlərindəndir. Bu tarixi vəzifələrin icrasında YAP üzvləri də fəal iştirak edir. Bu gün Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsi olmaqla geniş potensiala və ictimai dayaqlara malikdir. Prezident İlham Əliyevin qurultayda qeyd etdiyi kimi, “ölkəmizin son illər ərzində uğurlu və şərəfli yolunda partiyamızın fəallarının çox böyük payı var”.
Beləliklə, Yeni Azərbaycan Partiyasının 34 illik fəaliyyəti müstəqil Azərbaycanın dövlətçilik tarixinin mühüm hissəsidir. Bu gün YAP-ın qarşısında dayanan əsas missiya milli maraqların qorunmasına, Azərbaycanın yeni strateji hədəflərinə çatmasına töhfə verməkdir.
Nigar Məmmədova
Milli Məclisin deputatı