Dondurulmuş məhsul alarkən bunlara diqqət edin - Təkrar dondurulmanın əlamətləri açıqlandı
Marketlərdən dondurulmuş məhsul alarkən ilk növbədə qablaşdırmanın vəziyyətinə diqqət yetirmək lazımdır.
Gundelik.az xəbər verir ki, məhsulun əvvəllər əridilib yenidən dondurulduğunu hansı əlamətlərdən müəyyən etmək mümkün olduğu barədə “Roskаçestvo”nun Qida Təhlükəsizliyi üzrə Kompetensiya Mərkəzinin direktoru Yelena Spetsenko “RT”yə danışıb.
Onun sözlərinə görə, məhsulun təkrar dondurulmasının əsas göstəriciləri paket daxilində qar, buz və ya bir-birinə yapışmış iri məhsul topalarının olmasıdır.
“Belə məhsul mütləq təhlükəli deyil, lakin artıq öz keyfiyyətini itirib. Tərəvəzlər sulu hala düşür, pelmenlər isə bişirilərkən dağılır”, – deyə ekspert bildirib.
Spetsenkonun sözlərinə görə, bu əlamətlərdən hər hansı biri müşahidə olunarsa, həmin məhsulu almaqdan imtina etmək daha yaxşıdır.
Ekspert qablaşdırma açıldıqdan sonra məhsulun görünüşünə də diqqət yetirməyi tövsiyə edib.
Məsələn:
Balıq və ya ətin boz rəng alması;
Tərəvəzlərin üzərində ağ örtüyün yaranması;
Pelmen və vareniklərin xəmirinin çatlaması məhsulun düzgün saxlanılmadığını göstərə bilər.
Belə əlamətlər məhsulun saxlanma şəraitinin pozulmasına və keyfiyyətinin pisləşməsinə işarə edə bilər.
Qeyd edək ki, bundan əvvəl rusiyalılara soyuducuda saxlanılması tövsiyə olunmayan ərzaq məhsulları barədə də məlumat verilmişdi.
Nuri
Gundelik.az