Bit bazarından aldığı köhnə lampa qadına milyonlar qazandırdı
Fransalı qadın 40 manata aldığı lampanı 500 min manata satdı – dünya rekordu qırıldı
Fransada yaşayan qadın bit bazarından cəmi 20 avroya (təxminən 40 manat) aldığı lampanı hərracda 251 min avroya (təxminən 500 min manat) sataraq böyük sərvət əldə edib.
Gundelik.az xəbər verir ki, bu barədə “Connexion France” nəşri məlumat yayıb.
Məlumata görə, fransız qadın 2025-ci ildə ölkənin şimalında yerləşən bit bazarından fransız keramika ustası Jorj Juvanın (1910–1964) hazırladığı qara rəngli keramika lampanı alıb.
Alıcı tapıntını bir müddət şkafda saxlayıb. Bir neçə ay sonra evdə təmizlik aparan qızı lampanı aşkar edib. Gənc qız əşyanın alt hissəsində həkk olunmuş Juvanın imzasını görüb və araşdırma aparmağa başlayıb. O, Parisdə yerləşən NEO Enchères hərrac evinin daha əvvəl də həmin sənətkarın əsərləri ilə işlədiyini öyrənib.
Ailə hərrac evi ilə əlaqə saxlayaraq lampanı ekspertizadan keçirilməsi üçün Parisə aparıb. Mütəxəssislər əşyanın orijinal olduğunu və əla vəziyyətdə qorunub saxlandığını təsdiqləyiblər. İlkin olaraq lampanın dəyəri 80-120 min avro (təxminən 160-240 min manat) arasında qiymətləndirilib.
Hərrac oktyabrın 29-da keçirilib. Lot uğrunda təxminən 10 potensial alıcı mübarizə aparıb. Nəticədə komissiya haqqı daxil olmaqla satış qiyməti 251 min avroya (təxminən 500 min manat) yüksəlib.
Bu məbləğ Juvanın hazırladığı işıqlandırma qurğuları arasında dünya rekordu hesab olunur.
NEO Enchères hərrac evinin prezidenti Kventin Şarrodo bildirib ki, rekord qiymət gözləsələr də, nəticənin bu qədər yüksək olacağını proqnozlaşdırmayıblar. Onun sözlərinə görə, bu, müstəsna hadisədir.
Qeyd edək ki, daha əvvəl Niderlandda Vasili Kandinskinin 1907-ci ildə çəkdiyi “Rəngarəng həyat” (Das bunte Leben) adlı əsəri hərracda 31,56 milyon funt sterlinqə (təxminən 71 milyon manat) satılıb. Nasistlər tərəfindən oğurlanmış rəsm əsəri Londonda “Christie's” hərrac evində satışa çıxarılıb.
Nuri
Gundelik.az