1960-cı ildə verilən qorxunc proqnozun tarixi gəlib çatdı: Bəşəriyyət üçün “qiyamət günü” başlayır?

1960-cı ildə verilən qorxunc proqnozun tarixi gəlib çatdı: Bəşəriyyət üçün “qiyamət günü” başlayır?

2026-cı ilin noyabrında bəşəriyyət üçün vaxtilə “qiyamət günü” kimi təqdim edilən tarix gəlib çatıb. Avstriyalı tanınmış fizik, riyaziyyatçı və kibernetikanın banilərindən biri Haynts fon Försterin 66 il əvvəl irəli sürdüyü bu proqnoz yenidən müzakirələrə səbəb olub.

Gundelik.az xəbər verir ki, bu barədə "Euronews" məlumat yayıb.

1960-cı ildə nüfuzlu Science elmi jurnalında “Qiyamət günü: 13 noyabr 2026-cı il, cümə günü” adlı məqalə dərc olunub. Fon Förster həmin araşdırmada Yer kürəsinin son 2000 ildəki əhali artımını təhlil edərək maraqlı nəticəyə gəlib.

Alim müəyyən edib ki, dünya əhalisinin sayı getdikcə daha sürətlə artır və bu tendensiya dəyişməzsə, 2026-cı ilin noyabrına qədər insan sayının nəzəri olaraq sonsuzluğa çatacağı proqnozlaşdırılır.

Lakin bu proqnoz özünü doğrultmayıb. Səbəb isə dünya əhalisinin artım tempinin sonrakı illərdə əhəmiyyətli dərəcədə zəifləməsidir.

Əhali artımının illik tempi 1963-cü ildə maksimum həddə çatıb. Bu, məqalənin dərcindən cəmi üç il sonraya təsadüf edib. 2020-ci ilə qədər isə artım tempi həmin pik göstəricidən iki dəfədən çox aşağı düşüb.

Birləşmiş Millətlər Təşkilatının (BMT) proqnozlarına görə, dünya əhalisinin sayı 2080-ci illərdə ən yüksək həddə çatacaq. Bundan sonra isə qlobal əhali sayının tədricən azalacağı gözlənilir.

Qeyd edək ki, bundan əvvəl milyarder Piter Til də dünyanın yaxın gələcəkdə sonunun çatacağı ilə bağlı fikirlər səsləndirib. O, Antixristin artıq aramızda olduğunu iddia edib. Tilin fikrincə, texnologiyaların inkişafını məhdudlaşdırmaq cəhdləri Armageddonun yaxınlaşmasını daha da sürətləndirə bilər.

Beləliklə, 1960-cı ildə irəli sürülən qorxulu ssenari reallaşmasa da, alimlərin əhali artımı ilə bağlı xəbərdarlığı tarixdə maraqlı proqnozlardan biri kimi qalır.

Nuri
Gundelik.az

Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.