İyul 8, 2026
Baku
Dünya Xəbərlər

X (keçmiş Twitter) maliyyə dünyası ilə birləşir

Elon Muskın “hər şeyin tətbiqi” (everything app) vizyonu çərçivəsində X (keçmiş Twitter) sosial medianı maliyyə sistemi ilə birləşdirən böyük bir addım atdı. Platformaya əlavə edilən “Cashtags” funksiyası sayəsində istifadəçilər artıq xəbər lentindən çıxmadan səhmləri və kriptovalyuta bazarlarını real vaxtda izləyə biləcəklər.

Kanadada yerləşən broker şirkəti Wealthsimple ilə həyata keçirilən pilot əməkdaşlıq nəticəsində istifadəçilər sadəcə bir etiketə klikləyərək birbaşa ticarət əməliyyatına da keçə biləcəklər.

Cashtags necə işləyir?

X platformasının məhsul meneceri Nikita Bier tərəfindən təqdim edilən sistem maliyyə məlumatlarını sosial interaksiya ilə bir ekranda birləşdirir:

İstifadəçilər yazıya dollar işarəsi ilə birlikdə birja simvolu (məsələn, $TSLA) əlavə etdikdə və ya kriptovalyuta ünvanı paylaşdıqda sistem bunu avtomatik tanıyır.

Seçilən etiketə klik edildikdə tətbiq daxilində canlı qiymət qrafikləri və həmin aktivlə bağlı paylaşımlar birlikdə göstərilir.

Wealthsimple inteqrasiyası sayəsində, xüsusilə Kanadadakı istifadəçilər bir etiketə toxunaraq əvvəlcədən hazırlanmış ticarət interfeysinə yönləndirilir və saniyələr içində alqı-satqı edə bilirlər.

Hədəf: maliyyə “super tətbiqi”

X sıfırdan birja yaratmaq əvəzinə mövcud maliyyə xidmətlərini öz sosial platformasına inteqrasiya edir.

Platforma artıq ABŞ-ın 40-dan çox ştatında pul köçürmə lisenziyasına sahibdir və “X Money” ödəniş sistemini daxili olaraq sınaqdan keçirməyə davam edir.

Cashtags funksiyası hazırda ABŞ və Kanadada iPhone istifadəçiləri üçün aktivdir.

Şirkət yaxın zamanda bu funksiyanın web və Android versiyalarına da gətiriləcəyini və qlobal şəkildə yayılacağını bildirir.

Mənbə: TRT Haber

Hazırladı: Ziyalə Əhmədli

Gundelik.az