Dünyanın ən populyar mesajlaşma platformalarından biri olan WhatsApp istifadəçilərin telefon nömrələrini paylaşmadan, yalnız unikal istifadəçi adları vasitəsilə ünsiyyət qura bilməsinə imkan verəcək yeni məxfilik funksiyasını təqdim edib.
Yeni funksiya yaxın aylarda mərhələli şəkildə dünya üzrə 3 milyard istifadəçinin istifadəsinə veriləcək. Bu yenilik çərçivəsində istifadəçilər istəyə bağlı olaraq tətbiqdə özlərinə unikal istifadəçi adı təyin edə biləcəklər.
Platformanın açıqlamasında bildirilib ki, istifadəçi adları istənilən vaxt dəyişdirilə və ya silinə biləcək.
Sistem tam istifadəyə verildikdən sonra yeni söhbətə başlamaq üçün telefon nömrəsini paylaşmağa ehtiyac qalmayacaq. Qarşı tərəfə yalnız istifadəçi adını təqdim etmək kifayət edəcək.
Bununla yanaşı, təhlükəsizlik məqsədilə arzuolunmaz mesajları bloklamaq və şikayət etmək imkanları qüvvədə qalacaq.
İstifadəçi adları maksimum 35 simvoldan ibarət olacaq. Saxta hesabların qarşısını almaq məqsədilə yüksək vəzifəli şəxslər və tanınmış simalar üçün müəyyən məhdudiyyətlər tətbiq ediləcək.
WhatsApp-ın Məhsul Meneceri Alice Newton-Rex bildirib ki, xüsusilə qrup söhbətlərində istifadəçilər telefon nömrələrini tanımadıqları şəxslərlə paylaşmaq istəmədiklərini tez-tez bildirirlər. Onun sözlərinə görə, yeni funksiya istifadəçilərə öz kimliklərini necə təqdim edəcəklərinə tam nəzarət imkanı verəcək.
Qeyd edək ki, oxşar məxfilik funksiyası təhlükəsiz mesajlaşma tətbiqi Signal tərəfindən 2024-cü ildə istifadəyə verilmişdi.
Oksford Universitetinin professoru Karisa Veliz bu yeniliyi müsbət addım kimi qiymətləndirsə də, Meta şirkətinin məlumat toplama siyasətini tənqid edib. O xatırladıb ki, WhatsApp söhbətlərin məzmununu reklam məqsədilə istifadə etməsə də, kiminlə və nə vaxt yazışıldığı kimi metadata reklam proseslərində toplanmağa davam edir.
WhatsApp-da söhbətlər ucdan-uca şifrələndiyi üçün yazışmaların məzmunu reklam məqsədilə istifadə olunmur.
Rəhbərlikdə dəyişiklik
Yeni funksiya tam tətbiq olunduqdan sonra istifadəçilərin telefon nömrələri profillərdə görünməyəcək. Bununla belə, WhatsApp hesabı yaratmaq üçün telefon nömrəsinin təqdim edilməsi tələbi qüvvədə qalacaq. Platformada bütün istifadəçilərin adlarının yer aldığı açıq axtarış kataloqu da olmayacaq.
Bununla yanaşı, WhatsApp rəhbərliyində də dəyişiklik baş verib. Platformaya təxminən yeddi il rəhbərlik edən Will Cathcart vəzifəsindən ayrılıb. Onun yerinə Hindistanın maliyyə texnologiyaları şirkəti CRED-in qurucusu Kunal Şah təyin olunub.
Mənbə:TRT Haber
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az

