Real Madrid-in ulduzu Vinicius Junior haqqında Braziliyada ortaya atılan qeyri-adi bir sui-qəsd nəzəriyyəsi İspaniya mətbuatına qədər gedib çıxıb.
Gundelik.az “Haberler”ə istinadən xəbər verir ki, internetdə bəzi istifadəçilər Dünya Kubokundan sonra Viniciusun öldürüldüyünü və onun yerinə dublörünün gətirildiyini iddia ediblər.
İddialara CIA, Rotşild ailəsi və hətta yadplanetlilər də daxil edilib.
Lakin bu iddiaları təsdiqləyən hər hansı konkret sübut yoxdur.
Real Madrid-in braziliyalı ulduzu Vinicius Junior bu dəfə meydandakı çıxışı ilə deyil, haqqında yayılan son dərəcə qeyri-adi sui-qəsd nəzəriyyəsi ilə gündəmə gəlib.
Xüsusilə Braziliyadakı forumlarda və TikTok hesablarında sentyabr ayında yayılmağa başlayan nəzəriyyəyə görə, Vinicius 2026-cı il Dünya Kubokundan sonra müəmmalı şəkildə yoxa çıxıb və reklam müqavilələrinin davam etdirilməsi üçün onun yerinə özünə bənzəyən başqa biri gətirilib. “Marca” isə sözügedən iddiaları “dəli bir sui-qəsd nəzəriyyəsi” kimi təqdim edib.
Döymələrinin dəyişdiyini iddia etdilər
Sui-qəsd nəzəriyyəsini irəli sürən istifadəçilərin əsas arqumentlərindən biri Viniciusun ayağındakı döymələr olub. Braziliya millisində çəkilmiş görüntülərlə Real Madrid forması ilə çəkilən fotoları müqayisə edən bəzi istifadəçilər futbolçunun bud nahiyəsindəki döymələrdə fərqlər olduğunu iddia ediblər.
Viniciusun üzündə və fiziki görünüşündə baş verdiyi deyilən dəyişikliklər də nəzəriyyəni müdafiə edən şəxslər tərəfindən guya “sübut” kimi göstərilib. Lakin bu müqayisələr futbolçunun dəyişdirildiyini göstərən heç bir etibarlı dəlil təşkil etmir.
İddianın içinə CIA və Rotşild ailəsini də qatdılar
İnternetdə yayılan nəzəriyyənin daha ifrat versiyalarında isə məsələ tamamilə başqa istiqamətə gedib. Paylaşımlardan birində CIA, Rotşild ailəsi və “elitaların” Dünya Kubokundan sonra Viniciusu öldürərək onun yerinə başqa birini yerləşdirdiyi iddia olunub.
“Marca”nın xəbərində də yer alan bu iddianın heç bir sübuta əsaslanmadığı xüsusi olaraq vurğulanıb.
İşin içinə hətta yadplanetlilər də daxil edildi
Nəzəriyyənin ən qeyri-adi versiyalarından birində isə Viniciusun Dünya Kuboku zamanı yadplanetlilər tərəfindən qaçırıldığı iddia edilib.
Bu şayiə Braziliyalı bir ekstrasensin Dünya Kuboku dövründə futbolçuların yadplanetlilər tərəfindən qaçırılacağı barədə söylədiyi fikirlərlə əlaqələndirilib. Bəzi istifadəçilər daha sonra bu iddianı Viniciusun görünüşündəki dəyişikliklərlə birləşdirərək sui-qəsd nəzəriyyəsinin bir hissəsinə çeviriblər.
Real Madrid iddiaları ciddiyə almadı
Ortaya atılan iddiaların heç birini təsdiqləyən etibarlı sübut yoxdur. “Marca”nın məlumatına görə, Real Madrid və Viniciusun yaxın çevrəsi də internetdə yayılan bu şayiələrə ciddi yanaşmayıb və onlara hər hansı münasibət bildirməyib.
Vinicius isə futbol karyerasını normal şəkildə davam etdirir.
Nuri
Gundelik.az
