Ağrının Doğubayazıt rayonunda Nuhun gəmisi olduğu düşünülən gəmi formalı geoloji quruluşda Sivas Cümhuriyyət Universitetinin 90 gün davam edən çöl tədqiqatları başa çatıb.
Gundelik.az “Haberler”ə istinadən xəbər verir ki, ərazidə ilk dəfə karotlu qazma işləri aparılıb.
Layihənin rəhbər müavini amerikalı Endryu Consun sözlərinə görə, qazma zamanı fasiləsiz torpaq nümunələri götürülüb. Radar taramalarında isə səthin altında bəzi anomal sahələr aşkarlanıb. Cons əldə olunan nəticələrin hələ qəti olmadığını vurğulayıb. Yekun hesabatın gələn ilin aprel və ya may aylarında hazırlanması planlaşdırılır.
Gəmi formasındakı quruluş 11 sentyabr 1959-cu ildə Türkiyə Silahlı Qüvvələrinə məxsus təyyarə ilə Şərqi Anadolu bölgəsinin xəritəsini hazırlayan xəritə mühəndisi, kapitan İlhan Durupınar tərəfindən aşkar edilib. Kəşfdən sonra ərazinin Nuhun gəmisinin qalıqları ola biləcəyi iddiası ilə çoxsaylı yerli və xarici tədqiqatçılar bölgədə araşdırmalar aparıblar.
Son olaraq Sivas Cümhuriyyət Universitetinin Ədəbiyyat fakültəsinin Arxeologiya bölməsinin müəllimi professor Cenker Atılanın rəhbərliyi ilə 2026-cı ilin may ayında “Nuhun gəmisi araşdırma layihəsi”nə başlanılıb. Beş ölkədən təxminən 20 alimin iştirak etdiyi layihə çərçivəsində Doğubayazıt rayonunun Telçəkər və Üzəngili kəndləri arasındakı gəmi formalı quruluşda təxminən 90 gün sahə tədqiqatları aparılıb.
Ərazidə dron vasitəsilə relyefin müasir modeli hazırlanıb, yeni nəsil radar sistemi ilə isə səthin altı skan edilib. Quruluşun müxtəlif nöqtələrindən təxminən 1 000 torpaq nümunəsi götürülərək laboratoriyalara göndərilib. Bundan əlavə, karotlu qazma işləri aparılıb.
Karot maşını fasiləsiz torpaq nümunələri çıxardı
Layihənin rəhbər müavini Endryu Cons araşdırmanın bu mövsümdəki ən mühüm nəticələrindən birinin quruluşun vahid, bütöv qaya kütləsindən ibarət olmadığının müəyyən edilməsi olduğunu bildirib.
Cons karotlu qazma zamanı fasiləsiz torpaq nümunələri əldə edildiyini deyib:
“Bəzi insanlar buranın təbii quruluş olduğunu, bütöv bir qaya kütləsindən ibarət olduğunu və milyonlarla il ərzində aşınaraq gəmi formasını aldığını düşünürdü. Lakin qazma zamanı əldə etdiyimiz ən mühüm nəticə quruluşun tamamilə torpaqdan ibarət olmasıdır. Ərazidə bəzi iri qaya parçaları var, amma karot maşını davamlı olaraq torpaq nümunələri çıxardı”.
Əldə olunan məlumatların hələ qəti nəticəyə işarə etmədiyini vurğulayan Cons quruluşun həm təbii, həm də insan tərəfindən yaradılmış ola biləcəyini bildirib.
Onun sözlərinə görə, səthin dərinliyindən götürülən nümunələr üzərində araşdırmalar davam edir. Tədqiqatçılar səthin altında üzvi maddələrlə zəngin, çox tünd rəngli torpaq aşkar ediblər. Bunun çürümüş ağac və ya insan fəaliyyəti ilə bağlı hər hansı iz olub-olmadığı laboratoriya testləri ilə müəyyənləşdiriləcək.
Radarda anomal görüntülər aşkarlandı
Cons avqust ayında aparılan radar taramalarında səthin altında bəzi anomal sahələrin müəyyən edildiyini bildirib. Onun sözlərinə görə, radar məlumatları ilə bağlı yekun hesabat hələ hazırlanmayıb.
“İlkin radar nəticələri maraqlı göstəricilər, yəni anomal sahələr ortaya çıxardı. Səthin altında təbii olmayan obyektlərə və ya strukturlara işarə edə biləcək nöqtələr müəyyən edildi. Lakin amerikalı radar mütəxəssisinin yekun hesabatını hələ gözləyirik. Qazma aparmağımızın səbəblərindən biri də məhz bu idi. Həmin dərinliklərə enərək nümunələr götürmək istəyirdik”, – Cons deyib.
Cons tədqiqatların məhz gəmi formalı ərazidə aparılmasının səbəbinin 1959-cu ildəki kəşfdən sonra müxtəlif tədqiqatçıların burada araşdırmalar aparması olduğunu bildirib.
Onun sözlərinə görə, əvvəlki tədqiqatlar əsasən səthdəki gəmi formasına yönəlib. Bu layihə çərçivəsində isə ilk dəfə dövlət icazəsi ilə universitet tərəfindən yerin altının araşdırılması mümkün olub.
“Biz səthin altında nələrin olduğunu görmək istəyirdik. Buna görə də karotlu qazma üçün icazə aldıq. Bu layihə çərçivəsində verilən icazə əsasında ilk dəfə yerin altına enilərək karotlu qazma işləri aparıldı”, – Cons bildirib.
Yekun nəticələr gözlənilir
Sahə tədqiqatlarının başa çatdığını bildirən Cons radar məlumatları ilə götürülmüş nümunələrin birlikdə təhlil edilməsindən sonra yekun hesabatın gələn ilin aprel və ya may aylarında tamamlanmasının planlaşdırıldığını deyib.
Tədqiqat başa çatmadan qəti açıqlama verilməyəcək
Cons sosial media və bəzi xəbər saytlarında Nuhun gəmisi ilə bağlı araşdırmanın nəticələri dəqiqləşmədən müxtəlif iddiaların yayıldığını bildirib. O, elmi tədqiqatlar tamamlanmadan qəti ifadələr işlədilməməli olduğunu vurğulayıb.
“Bəzi insanlar bütün faktlar toplanmadan nəticə açıqlamaq istəyirlər. Dünyanın müxtəlif yerlərində bunu artıq həqiqət kimi təqdim edən insanlar və xəbər qurumları görə bilərsiniz. Bəziləri bunun 100 faiz təsdiqləndiyini deyir, digərləri isə bizim onlara heç vaxt söyləmədiyimiz fikirləri kəşf etdiyimiz nəticələr kimi təqdim edir”, – Cons deyib.
O əlavə edib ki, hələ laboratoriya araşdırmaları aparılmalı və yekun hesabat hazırlanmalıdır:
“İşimiz hələ başa çatmayıb və başa çatana qədər bu cür açıqlama verə bilmərik. Araşdırmalarımızı davam etdiririk. Əgər bu iddia həqiqətən doğrudursa, bunun Türkiyə və dünya üçün çox əhəmiyyətli olacağını ümid edirik. Araşdırmanı ən yaxşı şəkildə aparmaq üçün əlimizdən gələni edirik. Lakin nəticələr hələ qəti deyil və test prosesi davam edir”.
Nurəddin Abdullayev
Gundelik.az

