Ümumdünya Ticarət Təşkilatı (ÜTT) 2025-ci il üçün qlobal əmtəə ticarəti üzrə proqnozunu kəskin pisləşdirib.
Gundelik.az xəbər verir ki, təşkilatın ildə iki dəfə dərc olunan hesabatında proqnozun xarici ticarət rüsumları ilə bağlı vəziyyətə əsaslandığı qeyd olunub.
ÜTT analitiklərinin fikrincə, bu vəziyyət daha da pisləşə və dünya mal ticarəti 1,5% azala bilər.
Xidmətlər sektorunda artımın 4% olacağı gözlənilir ki, bu da əvvəllər gözləniləndən təxminən 1 faiz bəndi azdır.
Təşkilatın ekspertlərinin fikrincə, qlobal mal ticarəti 2026-cı ildə 2,5% artıma qayıda bilər.
2025-ci ildə qlobal ÜDM-in artımı proqnozu 2,2%, 2026-cı ildə isə 2,4% təşkil edir.
ÜTT-nin rəhbəri Nqozi Okonjo-İveala deyib: “Mən ABŞ və Çin arasındakı qarşıdurma da daxil olmaqla ticarət siyasətindəki qeyri-müəyyənlikdən dərin narahatam. Tariflərdəki gərginliyin bir az yumşaldılması bir müddətdir, dünya ticarətinə təzyiqi azaldıb. Bununla belə, davam edən qeyri-müəyyənlik dünya, xüsusilə də ən həssas iqtisadiyyatlar üçün potensial olaraq ciddi mənfi nəticələrlə qlobal artımı zəiflətmək təhlükəsi yaradır”.
ÜTT analitiklərinin fikrincə, dünya ticarətinin perspektivi əhəmiyyətli risklərlə, xüsusilə ABŞ-nin 90 gün müddətinə dayandırılmış “güzgü tarifləri”nin qüvvəyə minməsi riskləri ilə xarakterizə olunur. Bildirilir ki, təkcə tariflərin tətbiqi qlobal mal ticarətinin dinamikasına 0,6 faiz bəndi həcmində mənfi təsir göstərəcək və bununla bağlı qeyri-müəyyənlik azalma tempini daha 0,8 faiz bəndi ağırlaşdıracaq.
“Təhlillərimiz göstərir ki, ticarət siyasətinin qeyri-müəyyənliyi ticarət axınına, ixracın azalmasına və iqtisadi fəallığın zəifləməsinə əhəmiyyətli dərəcədə mənfi təsir göstərir”, – deyə ÜTT-nin baş iqtisadçısı Ralf Ossa bildirib.
Analitiklər Şimali Amerika ixracının 2025-ci ildə 12,6%, idxalın isə 9,6% azalacağını proqnozlaşdırırlar.
Asiyada hər iki göstəricinin orta səviyyədə – 1,6% artacağı proqnozlaşdırılır.
Avropada ÜTT ekspertlərinin hesablamalarına görə, ixrac 1%, idxal 1,9% artacaq.
“ABŞ və Çin arasında ticarət əlaqələrinin pisləşməsi ticarət axınlarının yenidən istiqamətləndirilməsinə səbəb ola bilər ki, bu da Çinin üçüncü ölkələr üçün rəqabətinin artması ilə bağlı narahatlıqları artırır”, – ÜTT-nin bəyanatında deyilir.
Təşkilatın analitikləri Çinin bu il Şimali Amerikadan başqa dünyanın bütün regionlarına ixracını 4-9% artıracağını proqnozlaşdırırlar.
Gundelik.az
