İyul 8, 2026
Baku
Ədəbiyyat Xəbərlər

USTAD HÜSEYN ƏHMƏDOV: AZƏRBAYCAN TƏHSİLİNİN ƏBƏDİ ULDUZU

    Akademik Hüseyn Əhmədov – Azərbaycan pedaqoji fikrinin sütunlarından biri kimi 100 illik ömür zirvəsinə yüksəlir. Azərbaycanda pedaqoji fikir tarixinin möhtəşəm binasının ilk möhkəm sütunu Əhməd Seyidovun adı ilə ucalırsa, bu binanın ikinci sütunu akademik Hüseyn Əhmədovun zəngin elmi irsi ilə daha da əzəmət qazanır. Hər iki böyük şəxsiyyətin düşüncə və ideyaları, milli pedaqoji təfəkkürün inkişafını təmin edən möhkəm təməl rolunu oynayır.

    Əhməd Seyidovun pedaqoji fəaliyyətindəki yenilikçi yanaşmalar və Hüseyn Əhmədovun təhsil sahəsindəki elmi töhfələri, yalnız öz dövrlərinin problemlərinə deyil, həm də indiki və gələcək nəsillərin təhsil sisteminə yön verən, strateji əhəmiyyət kəsb edən təhlillərdir. Bu iki elm xadiminin fəlsəfi, psixoloji, ictimai- sosioloji və metodoloji baxışları, pedaqoji fikrin inkişafında vacib mərhələləri müəyyənləşdirmiş və hər yeni yanaşma bu irsdən qidalanmışdır desək yanılmarıq.
Bu iki böyük korifeyin qurduğu elmi körpü, zamanın hüdudlarını aşaraq, təhsilin inkişafını yalnız davamlılıqla deyil, eyni zamanda ideyaların sərhədsiz uçuşu ilə yeni üfüqlərə aparır, hər dövrün tələblərinə uyğun olaraq yenilikçi təfəkkürün işığını yüksəldir. Bu irs, yalnız pedaqoji düşüncənin deyil, həm də cəmiyyətin ümumi inkişafının dayanıqlı və sağlam təməllər üzərində qurulmasına töhfə verir.
Buna görə də, Əhməd Seyidov və Hüseyn Əhmədovun adı ilə bağlı olan pedaqoji fikirlər, Azərbaycan təhsil sistemindəki bütün yeniliklərin köklü əsaslarını təşkil etməkdə və gələcək nəsillər üçün vacib bir təlimat kimi qalmaqdadır.
Akademik Hüseyn Əhmədov 29 yaşından başladığı elmi-pedaqoji fəaliyyəti ilə yalnız bir elm sahəsini inkişaf etdirməmiş, həm də bütöv bir müəllim və alim nəslinin formalaşmasına yön verən əvəzsiz xidmətlər göstərmişdir. Hüseyn Əhmədovun həyat tarixçəsi yalnız bir alimin rolu kimi məhdudlaşmayıb. O, elmi məktəb yaradaraq həm pedaqogikanın inkişafında, həm də pedaqoji kadrların hazırlanmasında mühüm rol oynamışdır. Onun elmi irsi pedaqogika sahəsindəki bütün yeniliklərin təməlini qoymuş və zamanla bu sahənin daha da inkişafına zəmin yaratmışdır.
Pedaqoji fikir tarixi təhsil və təlim sahəsində zaman-zaman yaranan nəzəri və praktik yanaşmaların inkişafını əks etdirən bir sahədir. Bu tarixdə Hüseyn Əhmədovun rolu yalnız dövrünün pedaqoji təcrübələrinə aid deyil, həm də müasir pedaqoji fikrin formalaşmasında əvəzsizdir. Əhmədov pedaqoji fikir tarixində yeni bir dövrün başlanğıcını qoymuş və bu sahəyə böyük töhfələr vermişdir.

   Pedaqoji fikir tarixi müxtəlif dövrlərdəki inkişaf mərhələlərindən ibarətdir. Alman pedaqoqu və psixoloqu Kurt Levin yazır ki, “Pedaqoji fikir tarixində ən böyük irəliləyişlər, təhsilin əsas məqsədini insanın mənəvi inkişafına yönəltməkdən ibarət olmuşdur”. Deməli, hər dövr təhsilin cəmiyyətin ehtiyaclarına və mənəvi düşüncə tərzinə uyğun olaraq yeni nəzəriyyələr və metodlar ortaya çıxarıb. Akademik Hüseyn Əhmədov tarixdəki müxtəlif mərhələləri nəzərə alaraq, öz töhfələrini vermiş və bu sahədə əvəzsiz irs qoymuşdur.
Hüseyn Əhmədov Sovet dövrünün pedaqoji nəzəriyyələrini öyrənməklə bu nəzəriyyələrin Azərbaycan təhsil sisteminə uyğunlaşdırılması üçün əvəzsiz işlər
görmüşdür. Azərbaycanın tanınmış pedaqoq-alimi və dəyərli tədqiqatçısı Nurəddin Kazımov, akademik Hüseyn Əhmədovun zəngin elmi irsini yüksə qiymətləndirərək yazırdı: “Hüseyn Əhmədov bütöv bir əsr ərzində məktəbin bir çox məsələlərinin kompleks şəkildə inkişafını tədqiq etmişdir. Biz deyərdik ki, bu, inqilaba qədər Azərbaycanda maarifin tarixini sistem halında tədqiq etmək sahəsində göstərilən ilk ciddi təşəbbüslərdən biridir. Hüseyn Əhmədov dəyərli əsərlər yazmışdır”. Azərbaycan məktəb və pedaqoji fikir tarixində özünəməxsus səsi, unudulmaz izləri və dərindən düşündürən yanaşmaları ilə tanınan mərhum alimlərimizdən Əjdər Ağayev, akademik Hüseyn Əhmədovun yaradıcılıq görüşlərini yüksək qiymətləndirərək, onların pedaqoji təfəkkürə gətirdiyi dəyəri özünəxas şəkildə belə sərf-nəzər etmişdir: “Hüseyn Əhmədov bütün səylərini Azərbaycanda məktəbin və pedaqoji fikrin araşdırılmasına, tədrisinə və təbliğinə yönəldərək zəngin irs yaratdı. Onlarla kitab, yüzlərlə məqalə ərsəyə gətirdi. On iki cild seçilmiş əsərlərini nəşr etdirdi”. Təbii ki, bir çox görkəmli alim və pedaqoqlar, akademik Hüseyn Əhmədovun yaradıcılığını yalnız qiymətləndirməklə kifayətlənməyib, eyni zamanda onun elmi irsinin təhsil sahəsindəki dərin izlərini və əvəzolunmaz töhfələrini yüksək qiymətləndirərək, bu qiymətin sayını getdikcə artırıblar. Əhməd Seyidovun dəyərli yetirməsi, pedaqoji elmin görkəmli nümayəndəsi professor İramin İsayev də akademik Hüseyn Əhmədovun pedaqoji fikir tarixindəki misilsiz elmi yaradıcılıq yolunu, həm zəngin irsini, həm də müasir təhsil sisteminə verdiyi əvəzsiz töhfələri nəzərə alaraq yüksək qiymətləndirir və onun elmi fəaliyyətinin əhəmiyyətini xüsusi vurğulayaraq yazır: “XX əsrin ikinci yarısı və XXI əsrin əvvəllərində Azərbaycan pedaqoji elminin inkişafı və təşəkkülündə peşəkar tədqiqatçı, alim-vətəndaş H.Əhmədovun xidmətləri böyükdür. Bu xidmətin əsasında hər şeydən əvvəl alimin vətən oğluna xas vətənpərvərliyi, milli mənlik şüuru, ləyaqəti, xalqın dilinə, dininə, adət- ənənələrinə, ədəbiyyatına, tarixinə, bütövlükdə millətinin mənəvi varlığına olan bağlılıq kimi zərif duyğular durur. təhsil sahəsinin zirvələrindən biri, müasir pedaqoji fikrin parlaq simalarından olan Hüseyn Əhmədov, öz irsi ilə hər bir təhsil aləminin möhkəm təməlini qoyan böyük bir alimdir”.

   Deməli, ustadımız Hüseyn Əhmədov pedaqoji metodları, ideologiyanı yenidən nəzərdən keçirərək, elmi əsaslandırmalarla bu sahəni inkişaf etdirmiş və Azərbaycan müstəqillik qazandıqdan sonra pedaqoji fikir tarixi yeni bir mərhələyə qədəm qoymuşdur. Hüseyn Əhmədov bu dövrdə, təhsilin müasir tələblərinə uyğun yeniliklər təklif etmiş və pedaqoji kadr hazırlığını müstəqil dövlətin tələblərinə uyğun şəkildə formalaşdırmışdır.
Hüseyn Əhmədov pedaqoji fikir tarixində yalnız təhsil sahəsində nəzəriyyəçi deyil, həm də praktik pedaqoq, pedaqoji məktəbin banisi kimi tanınır. O, yuxarıda
qeyd etdiyimiz kimi, pedaqoji fikrin inkişafında yalnız elmi tədqiqatlar aparmaqla kifayətlənməmiş, həm də bu sahədə yeni nəsil pedaqoq və alimlər yetişdirərək, pedaqoji məktəb yaratmışdır. Onun fəaliyyəti Azərbaycan pedaqoji fikrinin tarixində önəmli bir mərhələni təşkil edir. Hüseyn Əhmədov pedaqoji fikir tarixində təkcə nəzəriyyə ilə deyil, həm də praktik təhsil metodları ilə tanınmışdır. Onun öz rəhbərliyi altında yetişdirdiyi qırxdan (40) artıq alimlər və pedaqoqlar (o cümlədən, pedaqogika elmləri doktoru Həsən Bayramov, pedaqogika elmləri doktoru Şuriyə Azadəliyeva, pedaqogika elmləri doktoru, professor Müseyib İlyasov, pedaqogika elmləri doktoru, professor Yusif Qazıyev, pedaqogika elmləri doktoru, professor Müslüm Nəzərov, pedaqogika elmləri doktoru, professor Fərrux Rüstəmov, pedaqogika elmləri doktoru, professor Kamal Camalov və b.) bu gün də onun irsini davam etdirir və pedaqoji fikrin inkişafına töhfə verirlər.
Hüseyn Əhmədov təhsili cəmiyyətin inkişafına xidmət edən bir vasitə kimi qəbul edərək, pedaqogikanın sosial rolunu vurğulamış və təhsilin yalnız bilik ötürmədən ibarət olmadığını, həm də insanın formalaşmasına təsir edən əsas amil olduğunu göstərmişdir.
Hüseyn Əhmədovun pedaqoji fikir tarixindəki rolu yalnız onun yaşadığı dövrü ilə məhdudlaşmayıb. O, pedaqoji irsin gələcək nəsillərə ötürülməsində böyük rol oynamış və bu irs elə bu gün də müasir təhsil sistemində öz təsirini göstərir. Onun elmi və pedaqoji fəaliyyətinin davamlılığı, bu sahəyə olan dərin bağlılığını və təhsilin inkişafına verdiyi mühüm töhfələri sübut edir.

    Kitab rəfimin üst gözündə, hər zaman diqqətimi çəkən və qəlbimi işıqlandıran bir neçə seçilmiş kitab arasında, mürşidim Hüseyn Əhmədovun “XIX əsr Azərbaycan məktəbi” adlı əsəri xüsusi yer tutur. Bu kitab, sadəcə bir elmi əsər deyil, pedaqoji fikrin müdrik bir işığı kimi kitab rəfimdə öz yerini almışdır. Təhsil və pedaqogika tarixində ensiklopedik alim Nəsirəddin Tusinin “Əxlaqi-nasiri” adlı əsəri necə XIII əsrdən bu günə qədər müxtəlif nəsillər üçün dəyərli bir stolüstü kitab olaraq qalırsa, əminliklə deyə bilərik ki, akademik Hüseyn Əhmədovun “XIX əsr Azərbaycan məktəbi” adlı əsəri də bu gün və gələcək nəsillər üçün təhsil fəlsəfəsi və pedaqoji düşüncənin həyat qidası, yol göstərən kompası olacaq. Həmin əsər, öz dövrünün təhsil tarixini və mədəniyyətini yalnız sənədləşdirməkdən ibarət deyil, o, bu gün və gələcəkdə Azərbaycan təhsilinin zəngin irsini və pedaqoji ənənələrini mənəvi sərvət kimi qoruyub saxlayacaq bir abidədir. “Azərbaycan dilinin tədrisi tarixindən” (Bakı: Maarif, 1966, 332 səh.) adlı stolüstü kitabın müəllifi, görkəmli alim Ağamməd Abdullayev yazırdı ki, “Hüseyn Əhmədov öz doktorluq dissertasiyası üçün mühüm bir problem seçmiş, uzun illər bu sahədə apardığı ciddi tədqiqatın, gərgin əməyin nəticəsində ilk dəfə olaraq, XIX əsrdə Azərbaycanda məktəb təhsilinin inkişafı tarixinə dair faktlarla zəngin bir elmi əsər yaratmış və pedaqoji elmimizə qiymətli bir əsər əlavə etmişdir”. Bu əsər, Hüseyn Əhmədovun pedaqoji düşüncə sisteminin zənginliyini
və dərindən düşünülmüş yanaşmalarını gələcək nəsillərə bir miras kimi ərmağan edib. Bu əsər gələcək nəsillər üçün bir yol xəritəsi və təhsil həyatının fəlsəfəsini
öyrədən bir kitab olaraq yaşamağa davam edəcək.
Kitabda təhsil və elm sahəsində milli ictimai fikrin, milli tarixin öyrənilməsini ən mühüm vəzifə olaraq irəli sürülür. Hər bir Azərbaycan vətəndaşı öz vətəninin mənəvi sərvətini yaxından tanıyaraq, milli tariximizin zəngin ənənələrini, yaradıcı şəxsiyyətlərimizin ideyalarını və əməli işlərini dərindən öyrənməklə yalnız keçmişə deyil, həm də müasir dövrün problemlərinə daha doğru və aydın bir mövqe ilə yanaşacaqdır. Bu, bizi həm şəxsi, həm də cəmiyyət olaraq gələcəyə daha möhkəm və firavan addımlar atmağa təşviq edir. Həmçinin, ali təhsil ocaqlarında tarixin daha geniş şəkildə öyrədilməsi, bu istiqamətdə hazırlanan vəsaitlərin tələbatını artırır və cəmiyyətin milli şüurunun möhkəmlənməsinə böyük töhfələr verir. Beləliklə, elm və təhsil vasitəsilə keçmişin dəyərlərini gələcəyə ötürmək, gənc nəsillərin öz köklərinə bağlı, güclü bir milli şüura sahib olmalarını təmin edir.
Bu kitab, uzun illərin zəhmətinin, ardıcıl tədqiqatların və dərin elmi düşüncənin nəticəsidir. Akademik Hüseyn Əhmədov XIX əsrin Azərbaycan məktəbinin və təhsil tarixinin toz basmış, unudulmuş səhifələrini təkrar işıqlandıraraq, Bakıdan Tiflisə, Sankt-Peterburqdan Moskvaya, Həştərxandan Krıma və İrəvan kimi böyük mədəniyyət mərkəzlərinin kitabxana və arxiv fondunda dərindən araşdırmalar aparmış, tarixə düşmüş qiymətli mənbələri işıqlı aləmə çıxarmışdır. O, yüzlərlə sənəd və materialı diqqətlə araşdıraraq, bu qiymətli mənbələrlə oxucularını həm tarixi faktlarla, həm də maarifləndirici ideyalarla zənginləşdirmişdir. Bu əsər, təkcə akademik araşdırma deyil, həm də milli təhsil irsinin işıqlandırılmasına, gənc nəsillərin dəyərlərlə zənginləşdirilməsinə yönəlmiş böyük bir xidmət olaraq tarixdəki yerini almışdır.
Akademik Hüseyn Əhmədov bu əsərində şəhər və kənd məktəblərinin (Bakı, Şuşa, Xankəndi, Cəbrayıl, Ağdam, Nuxa (Şəki), Gəncə, Naxçıvan, Şamaxı, Quba,
Lənkəran, Zaqatala, Ağcabədi, Qutqaşen (indiki Qəbələ) və s.) açılma tarixini bir zaman xəttinə salaraq, hər bir mərhələnin əhəmiyyətini və inkişafını cədvəl şəklində təfsilatı ilə ortaya qoymuşdur. Diqqətimizi çəkən mühüm məqamlardan biri də, Naxçıvan qəzasında açılmış kənd məktəblərinin (Yengicə, Qulubəyli, Nehrəm, Cəhri, Baş Noraşen (indiki Şərur), Qıvraq, Şahtaxtı, Əbrəqunus, Vənənd, Bənəniyar, Milax, Yaycı, Sədərək, Şahbuz, Güznüt və s.) bu regionda maarifin və təhsilin genişlənməsindəki rolu və fəaliyyəti barədə təqdim etdiyi zəngin məlumatlardır. Bu məktəblər yalnız təhsil müəssisələri deyil, həm də o dövrün maarifçilik hərəkatının bariz nümunələri olaraq, milli şüurun inkişafına və cəmiyyətin sosial irəliləyişinə böyük təsir göstərmişdir.
Akademik Hüseyn Əhmədov arxiv sənədlərinə əsaslanaraq yazır ki, Naxçıvan qəzasında xalq məktəbləri, XIX əsrin 80-ci illərindən sonra, tədricən həyat tapmağa başlayıb və bu dövr, təhsil sahəsindəki inkişafın ilkin addımlarını atmağa şərait yaratmışdır. “Digər yerlərdə olduğu kimi, burada da məktəblər yalnız əhalinin könüllü ianələri və qismən zemstvo vəsaiti ilə açılırdı. İlk kənd məktəbləri Naxçıvanın Böyük Vedi, Cəhri, Baş Noraşen, Şahtaxtı və b. kəndlərində açıldı. Bu məktəblərin hər birinin açılışı böyük təntənəyə səbəb olurdu… Bu məktəbin ilk müəllimlərindən biri də görkəmli yazıçımız C.Məmmədquluzadə olmuşdur” [1, səh.132-133]. Yenə də böyük tədqiqatçı-alim, arxivlərin dərinliklərində itmiş, zamanın tozlarına bürünmüş sənədləri üzə çıxararaq, öz tədqiqatlarına əsaslanaraq yazır: “1896-cı ildə Naxçıvan qəzasında ümumi dövlət tipli cəmi 13 məktəb var idi ki, onlardan 11-i kəndlərdə idi. Bu vaxt əhalinin hər 7167 nəfərinə bir məktəb düşürdü. Bu isə xalqın artmaqda olan tələbatını qətiyyən ödəmirdi. Yalnız XIX əsrin sonları və əsrimizin əvvəllərində (XX əsrin əvvəllərində – K.C.) Naxçıvan qəzasında xalq məktəblərinin nisbətən artdığı müşahidə olunurdu. 1904-cü ildə buradakı xalq məktəblərinin sayı 29 idi” [1, səh.133]. Onu da qeyd edək ki, Hüseyn Əhmədov yalnız XIX əsrdə Naxçıvanda fəaliyyət göstərən yeni üsullu məktəblərin tarixi xronologiyasını və fəaliyyətini üzə çıxarmaqla kifayətlənməmiş, eyni zamanda Naxçıvan Dövlət Pedaqoji İnstitutuna dəvət alaraq gəlib, burada ustad mühazirələri oxumaqla, pedaqoji fikrin inkişafına və yerli təhsil mədəniyyətinin zənginləşməsinə böyük töhfələr vermişdir. Onun bu mühazirələri, yalnız nəzəri biliklərdən ibarət olmayıb, həm də pedaqoji təcrübənin tətbiqi ilə gələcək müəllimlər üçün əvəzsiz bir dərs məktəbi olmuşdur. Bu gün müstəqil bir universitet kimi fəaliyyət göstərən Naxçıvan Dövlət Universiteti 1967-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Naxçıvan filialı kimi fəaliyyətə başlamışdır.
Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Naxçıvan filialına 1967-ci ildə 3 ixtisas üzrə yalnız 102 nəfər qəbul olunmuş və burada birinci il yalnız 3 nəfər ştatda olan müəllim çalışırdı. Həmin illərdə Naxçıvanın pedaqoji təhsilinin inkişafı üçün böyük bir dönüşüm baş verdi. 1972-ci ildə, Azərbaycan Pedaqoji İnstitutunun Naxçıvan filialının bazasında Naxçıvan Dövlət Pedaqoji İnstitutu yaradıldı və bu, regionda təhsilin inkişafında əhəmiyyətli bir mərhələ oldu.

    Bu illərdə (1967-1980-ci illər) akademik Hüseyn Əhmədov, hər həftə Bakıdan Naxçıvana gələrək, tələbələrə pedaqogika və pedaqogika tarixindən mühazirələr oxumuş və beləliklə, gənc nəslin pedaqoji bilik və bacarıqlarını formalaşdırmış, onların müəllimlik peşəsinə olan bağlılıqlarını və sevgi duyğularını artırmışdır. Hüseyn Əhmədovun bu fəaliyyətləri yalnız bir tədris prosesi deyil, həm də Naxçıvanın pedaqoji mədəniyyətini zənginləşdirən, bu sahənin inkişafında önəmli bir maarifçilik missiyasının həyata keçirilməsi idi.

    Azərbaycanın xalq yazıçısı Süleyman Rəhimov yazır ki, “zəmanəmizdə kitabsız mədəniyyətdən və mədəni inqilabdan danışmaq olmaz! Kitab insan ağlının və mədəniyyətinin məhsuludur. Kitab elm və sənət abidəsidir. Böyük filosoflar, şairlər və alimlər kitabla yaşayırlar. Nizami “Xəmsə” ilə, Tolstoy “Hərb və sülh” ilə, Sabir “Hophopnamə” ilə yaşayır. Kitab olmasaydı, bəşəriyyətin böyük simaları ulduzlar kimi öz vaxtlarında parlayıb, sonra sönüb gedərdilər”.

      Hüseyn Əhmədovun Azərbaycan pedaqoji elminin qızıl fonduna daxil olmuş əsərləri, o cümlədən “XIX əsr Azərbaycan məktəbi”, “Nəriman Nərimanov”, “Azərbaycan məktəb və pedaqoji fikir tarixi” və s. kitab və dərslikləri təkcə elmi nəşrlər kimi deyil, həm də təhsil tariximizin mübariz ulduzları kimi hər zaman parlayacaq, nəinki bugünkü nəsil, gələcək nəsillər də onları öz təhsil yolunun işığında bələdçi kimi istifadə edəcəkdir. Ustadımız Hüseyn Əhmədov, yalnız böyük bir alim kimi deyil, həm də əvəzolunmaz insani dəyərlərə malik bir şəxsiyyət olaraq, bizim həyatımızda var olduqca yaşamağa davam edəcək, onun irsi və ruhu zamanın keçməsi ilə daha da qüvvətlənəcək və gələcəkdə təhsil sahəsində yeni zirvələrə doğru yol açacaqdır.
100 yaşınız mübarək, Ustad!

                 

 

KAMAL CAMALOV
PEDAQOGİKA ELMLƏRİ DOKTORU

NAXÇIVAN MÜƏLLİMLƏR İNSTİTUTUNUN PROFESSORU
AZƏRBAYCAN RESPUBLİKASININ ƏMƏKDAR MÜƏLLİMİ

“QIZIL QƏLƏM” MÜKAFATI LAUREATI

Gundelik.az