Sentyabr 8, 2026
Baku
⁠Ailə, qadın və uşaq Xəbərlər

Uşaqlarda yalandan ağlama ilə necə davranmalı?

Yalandan ağlama uşaqların diqqət çəkmək, emosiyalarını ifadə etmək və sosial münasibətləri öyrənmək üçün müraciət etdikləri davranışlardan biridir. Valideynlərin bu davranışın səbəbini anlaması və ona düzgün reaksiya verməsi uşağın sağlam inkişafına töhfə verir.

Uşaqlar ətrafdakılarla ünsiyyət qurmaq və özlərini ifadə etmək üçün müxtəlif davranışlar nümayiş etdirirlər. Bunlardan biri də həqiqi narahatlıq olmadığı halda ağlama görüntüsü yaratmaqdır. Xüsusilə 2-4 yaş arası uşaqlarda tez-tez rast gəlinən bu davranış bəzən valideynlərin diqqətini cəlb etmək məqsədi daşıyır.

İlk baxışda bu davranış manipulyasiya kimi görünsə də, mütəxəssislər bunun uşaqların sosial və emosional inkişafının bir hissəsi olduğunu bildirirlər. Bəs uşaqlar hansı səbəblərdən “yalandan” ağlayır və valideynlər belə vəziyyətlərdə necə davranmalıdır?

Səbəb yalnız diqqət və qayğı axtarışıdır?

Yalandan ağlama uşağın real ehtiyacı və ya narahatlığı olmadığı halda ağlama davranışı nümayiş etdirməsidir. Ən geniş yayılmış səbəblərdən biri diqqət və qayğı cəlb etməkdir. Lakin bu, yeganə səbəb deyil.

Duyğuları ifadə etmək və sosial münasibətləri sınamaq kimi müxtəlif səbəblər də yalandan ağlamaya gətirib çıxarır. Bu davranış uşağın ətrafındakı insanlarla ünsiyyət qurma üsullarından biridir və normal inkişaf prosesinin bir hissəsi hesab olunur.

Xüsusilə körpəlik dövründə uşaqlar ağlama ilə ona verilən reaksiya arasındakı əlaqəni kəşf edərək səbəb-nəticə münasibətini anlamağa başlayırlar. Məsələn, körpə ağlamağı təqlid etdikdən sonra anasının yanına gəldiyini görürsə, bu davranışı təkrarlayır. Araşdırmalar göstərir ki, belə ağlama uşağın daha inkişaf etmiş ünsiyyət bacarıqlarına malik olduğuna da işarə edir.

Ailənin diqqətinin digər uşaqlara və ya gündəlik işlərə yönəldiyi vəziyyətlərdə də uşaqlar bu üsulla valideynlərinin diqqətini cəlb etməyə çalışırlar. Başqa sözlə, ağlamadan bir vasitə kimi istifadə edirlər. Diqqət çəkmək üçün bu üsula əl atmaq uşağın özünü daha vacib və dəyərli hiss etmək ehtiyacının ifadəsi də ola bilər. Yalançı ağlama bəzən uşaqların sosial bacarıqlarını inkişaf etdirmə üsuluna çevrilir. Uşaqlar ətrafdakı insanların müxtəlif davranışlarına necə reaksiya verdiyini öyrənmək üçün fərqli yollar sınayırlar. Ağlamanın hansı reaksiyaya səbəb olduğunu müşahidə edərək onun təsirini anlamağa çalışırlar. Bu proses onların sosial və emosional bacarıqlarının inkişafına kömək edir.

Digər səbəb isə uşağın qarşılaşdığı məhdudiyyətlərə etiraz etməsidir. İstədiyini əldə edə bilmədikdə və ya müəyyən qaydalarla qarşılaşdıqda, ağlamağı vəziyyətin öhdəsindən gəlmək üçün bir strategiya kimi istifadə edir. Bundan əlavə, uşaqlar emosional vəziyyətlərini və keçirdikləri stresi ifadə etmək üçün də “yalançı ağlama”ya müraciət edirlər.

Yalançı ağlama ilə necə davranmalı?

Valideynlərin uşağın yalandan ağlamasına münasibəti onun bu davranışı necə qəbul etməsinə və inkişafına təsir göstərir. Mütəxəssislər valideynlərə belə hallarda sakit və ardıcıl davranmağı tövsiyə edirlər. Ağlama davranışının istənilən nəticəni əldə etməyə imkan verməməsi onun davam etdirilməsi ehtimalını azaldır.

Hər dəfə eyni reaksiyanı vermək əvəzinə, vəziyyətdən asılı olaraq davranışı görməzlikdən gəlmək, uşağın diqqətini başqa istiqamətə yönəltmək və ya sakit şəkildə ondan nə istədiyini soruşmaq faydalıdır.

Valideynlərin uşağın mizansən ağlamasını və rol oynayaraq ağlamasını onun ətrafındakı insanlarla ünsiyyət qurma və emosional ehtiyaclarını ifadə etmə üsullarından biri kimi qəbul etməsi vacibdir. Bu yanaşma valideynlərə davranışın arxasında dayanan real ehtiyacları anlamağa və uşaqları ilə daha sağlam ünsiyyət qurmağa kömək edir.

Valideynlərin bu davranışı problem kimi deyil, uşağın emosional dünyasını anlamaq üçün bir fürsət kimi qiymətləndirməsi və ona empatiya ilə yanaşması yalandan ağlama ilə mübarizənin ən effektiv yollarından biri hesab olunur.

 

Mənbə:TRT Haber

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az