Sentyabr 8, 2026
Baku
⁠Ailə, qadın və uşaq Xəbərlər

Uşaqlarda piylənmə ilə bağlı mütəxəssislərdən xəbərdarlıq: Hər 10 uşaqdan biri risk altındadır

Türkiyədə 5–19 yaş aralığında olan uşaqlar və yeniyetmələr arasında piylənmə səviyyəsi 11,7 faizə çatıb. Mütəxəssislər uşaqlıq dövründə başlayan piylənmənin gələcəkdə 2-ci tip diabet, yüksək təzyiq və ürək-damar xəstəlikləri də daxil olmaqla ciddi sağlamlıq problemlərinə səbəb ola biləcəyi barədə xəbərdarlıq edirlər.

Türkiyə Obezite Cərrahiyyəsi Vəqfinin rəhbəri Prof. Dr. Oktay Banlı uşaqlıq dövründə piylənmənin artıq ictimai sağlamlıq probleminə çevrildiyini bildirib. Onun sözlərinə görə, “Böyüyəndə onsuz da keçər” düşüncəsi ciddi yanılmadır və problemin erkən mərhələdə qarşısının alınması vacibdir.

Ürək-damar xəstəlikləri riskini artırır

Mütəxəssis bildirib ki, uşaqlıq və yeniyetməlik dövründə piylənmə insulin müqaviməti, 2-ci tip diabet, hipertoniya, qanda yağların səviyyəsinin pozulması, qaraciyərin piylənməsi, yuxu apnesi və dayaq-hərəkət sistemi problemlərinə zəmin yaradır.

Bu səbəbdən uşaqlarda piylənməyə yalnız hazırkı çəki problemi kimi yanaşmaq olmaz. Erkən yaşlarda başlayan və uzun müddət davam edən piylənmə gələcəkdə metabolik və ürək-damar xəstəliklərinin riskini artırır.

Ekran qarşısında yeməkdən uzaq durmaq lazımdır

Mütəxəssislər valideynlərə uşaqların ekran qarşısında yemək yeməsinə imkan verməməyi, hərəkətli həyat tərzini təşviq etməyi və yuxu rejiminə diqqət yetirməyi tövsiyə edirlər.

Xüsusilə çips, şokolad, biskvit və şəkərli içkilər kimi yüksək kalorili məhsulların ekran qarşısında qəbul edilməsi gün ərzində həddindən artıq enerji qəbuluna səbəb olur.

Məktəblilər üçün sağlam qidalanma tövsiyələri

Prof. Dr. Banlı uşaqların günə müntəzəm səhər yeməyi ilə başlamasının vacib olduğunu bildirib. Gün ərzində zülal, süd və süd məhsulları, tərəvəz-meyvə və keyfiyyətli karbohidrat mənbələri balanslı şəkildə qəbul edilməlidir.

Məktəb üçün hazırlanan qida çantasının mürəkkəb olmasına ehtiyac yoxdur. Məsələn, pendirli və ya toyuqlu sendviç, ayran və bir meyvə balanslı seçim hesab olunur. Uşaqlara susadıqda ilk növbədə su içməyi də kiçik yaşlardan öyrətmək tövsiyə edilir.

Valideynlərin uşağın çəkisi ilə bağlı cəzalandırıcı və ya günahlandırıcı ifadələrdən istifadə etməməsi də xüsusilə vacibdir. Məqsəd yalnız çəki azaltmaq deyil, uşağın sağlam böyüməsini və gələcəkdə həyat keyfiyyətini qorumasını təmin etməkdir.

 

Mənbə:CNN Türk

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az