Uşaqlar əllərini yumağı, dişlərini fırçalamağı kiçik yaşlarından öyrənirlər. Bəs onlar qəzəb, narahatlıq və məyusluq kimi hisslərin öhdəsindən gəlməyi də eyni qayğı ilə öyrənirlərmi? Fiziki gigiyena gündəlik həyatın ayrılmaz hissəsinə çevrilsə də, emosional gigiyena hələ də bir çox uşaq üçün kifayət qədər diqqət yetirilməyən sahə olaraq qalır.
Mütəxəssislərin fikrincə, erkən yaşlarda duyğularını tanımağı, onları sağlam şəkildə ifadə etməyi və özünə şəfqətlə yanaşmağı öyrənən uşaqlar gələcəkdə psixoloji baxımdan daha dözümlü olurlar.
Uşaq psixoloqu Pınar Daldiklər bildirir ki, emosional gigiyena insanın psixoloji problemlərin yaranmasının qarşısını almaq üçün tətbiq etdiyi davranış və vərdişlər toplusudur. Onun sözlərinə görə, narahatlıq, stress və ya mənfi hisslər ortaya çıxdıqda onların psixi xəstəliyə çevrilməsinin qarşısını almaq üçün vaxtında tədbir görülməsi vacibdir.
Psixoloq qeyd edir ki, necə ki, çöldən evə gələndə əllərimizi yuyuruq, eyni qayğı ilə zehni və emosional sağlamlığımızı da qorumalıyıq. Emosional gigiyena fərqli olsa da, əsas məqsədi insanı mənfi emosiyaların təsirindən qorumaqdır.
Araşdırmalar da göstərir ki, uşaqlıq dövründə hissləri tanımaq və onları düzgün ifadə etmək gələcəkdə depressiya və təşviş pozuntularının yaranma riskini azaldır.
Mənfi emosiyaları tanımaq vacibdir
Pınar Daldiklərin sözlərinə görə, qəzəb, qorxu və narahatlıq kimi hisslər əvvəlcə hansı səbəbdən yarandığını anlamaqla idarə olunur. Duyğularını ifadə etməyi öyrənməyən uşaqlarda gələcəkdə qəzəb partlayışları, təşviş pozuntuları və depressiya kimi problemlərin yaranma ehtimalı artır.
O vurğulayır ki, həyat hər zaman problemsiz keçmir. Buna görə də uşaqlar qəzəb, qorxu və ümidsizlik kimi hisslərlə qarşılaşacaqlar. Əsas məsələ həmin emosiyanı tanımaq və onu sağlam şəkildə ifadə etməyi öyrənməkdir.
Uşaqlar emosiyalarını valideynlərdən öyrənirlər
Psixoloqun fikrincə, valideynlərin əsas vəzifəsi uşağı emosional cəhətdən güclü və dözümlü yetişdirməkdir. Necə ki, uşaq susayanda su içməyi valideynindən öyrənir, hisslərini ifadə etməyi də onların davranışını müşahidə edərək mənimsəyir.
“Üzülmə”, “Ağlama”, “Əsəbiləşmə” kimi ifadələrin tez-tez işlədildiyi ailələrdə uşaqlar hisslərini gizlətməyə başlayırlar. Bu isə emosiyaların yox olmasına deyil, onların basdırılmasına səbəb olur. Basdırılan hisslər sonradan həm fiziki, həm də psixoloji problemlər şəklində özünü göstərir.
“Aynalama” üsulu faydalıdır
Pınar Daldiklər valideynlərə “aynalama” metodundan istifadə etməyi tövsiyə edir. Məsələn, uşaq qəzəblənəndə:
“Bəli, qardaşın səni çox əsəbiləşdirib. Nə qədər hirsləndiyini görürəm.”
kimi ifadələr işlətmək uşağın hisslərini qəbul etdiyini göstərir və onun emosiyalarını tanıyaraq ifadə etməsinə kömək edir.
Özünə şəfqət psixoloji dayanıqlığı artırır
Psixoloqun sözlərinə görə, özünü olduğu kimi qəbul edən, səhvlərini anlayıb onlardan nəticə çıxaran, ehtiyaclarını və istəklərini dərk edən insanlar böyüdükdə stressə qarşı daha davamlı olurlar.
Belə sağlam daxili dünyaya malik uşaqlar həm təhsil həyatında, həm də sosial münasibətlərdə daha uğurlu və xoşbəxt olurlar.
Mənbə:TRT Haber
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az

